Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Gənc aktrisaya teatrda elçi düşdülər - "İlk öncə işimi sevməlidir, sonra isə..." - FOTOLAR

Aktrisa Səbinə Məmmədzadənin Milli.Az-a müsahibəsi.

- Səbinə xanım, bir müddət əvvəl səhnədə xəsarət alarkən şəkilinizi sosial şəbəkədə paylaşmışdınız. Bu kimi hallar tez-tez olur?

- Demək olar ki, hər tamaşadan sonra bu cür hallar baş verir. Leyli olmaq o qədər də asan deyil.

- Leyli olan hamı bu cür əzab-əziyyətlərlə üz-üzə qalır?

- Leyli olmaq əzabı əvvəldən obrazı anlamaq deməkdir. İllərdir Opera və Balet Teatrının səhnəsində "Leyli və Məcnun"səslənir. Möhtəşəmdir, baxımlıdır. Amma rejissorumuz Nicat Kazımovun ilk dəfə drammatik janrda Gənc Tamaşaçılar Teatrında quruluş verdiyi "Leyli və Məcnun"da Səbinə Leylinin timsalında həmin dövrün bütün əzab-əziyyətini yaşayır. Bizim "Leyli və Məcnun" tamaşamız, ilk olaraq, quruluşu ilə fərqlənir. Bizdə hər şey sözlə və daha qabarıq qurulub. Amma tam olaraq Leylidən söhbət gedirsə, Səbinənin Leylisinin boyu 1.60, çəkisi 52 kq-dır. Onun qəlbi yerə-göyə sığmır.

- Səbinə, Leylidən başqa hansı rollarınıza belə həvəslə hazırlaşırsız?

- Demək olar ki, bütün rollar əziyyətlə başa gəlib. Necə ki, hər birinin öz yerişi, intonasiyası, jestləri olduğu kimi həyəcanı, narahatlığı da olur. Bəlkə yuxularımı da qatıram. Leyli rolunda əruzun çətinliyi, dövrün hisslərinin tapıntısı bir az daha çox mənə əzab verdi.

- Səhnəyə çıxmazdan öncə nə fikirləşirsiz?

- İlk öncə dua edirəm, fikirlərimi toplayıram və həmin obrazı düşünürəm. Çalışıram ki, obrazın təsirinə düşüm.

- Elə bir tamaşa olubmu ki, səhnəyə çıxmaq istəməmisiz?

- Bəli, o qədər həyəcanlı olmuşam ki, istəmişəm qaçım gizlənim.

- Sevmədiyiniz bir əsərin tamaşasında oynamağa məcbur olmusuz?

- Hələ ki, xoşbəxtlikdən elə bir rolum olmayıb.

- Sənətdə idealınız kim?

- Sənətə sevgim 6 yaşımdan başlayıb. İlk dəfə Bakı Xoreoqrafiya məktəbinə qəbul olunmuşam. 6 yaşımda qabiliyyət imtahanı vermişəm, imtahan verəndə dedilər ki, bu uşaq istedadlıdır, amma toppuşdur. Başımı partaya qoyub təəssüf hissi keçirdim. Amma sənətə daha böyük sevgim teatrda ilk premyeradan sonra yarandı. Anamın da bu sənəti seçməyimdə təsiri olub. O da ədəbiyyatçıdır, gözəl şeir demək qabiliyyəti var.

- Atanız bəs necə?

- Atam da məni dəstəkləyib. Ümumiyyətlə, valideynlərimin hər ikisi məni dəstəkləyib.

- Bəs sənətdə necə, sizə mane olmaq istəyənlər olub?

- Mane olmaq istəyən olub və olacaqlar. Amma maneəni aşmağı bacarmaq da lazımdır. Zəhmət və səbr varsa, sənin uğuruna heç kim sahib çıxa bilməz.

- Çəkilişlərdə sizə maneə olanlar olub?

- Bəlkə də olub, bunu mən deyə bilmərəm.

- Qulağınıza heç çatmayıb?

- Üstündən xeyli vaxt keçəndən sonra eşidirəm, amma fərqinə varmıram.

- Yəqin ki, siz də vaxtilə onlara nəsə pislik etmisiz?

- Mən pislik etməyi bacarmıram. Yəqin ki, pisliyim hər hansı bir uğurumla olur. Lazımsız heç kimlə maraqlanmıram.

- Səbinə "Məryəm" serialında da çəkilirsiz. İnsanların bu serialdan sonra sizə qarşı münasibətləri necədir?

- "Məryəm" serialı deyərdim ki, istər obraz baxımından, istərsə də kollektiv baxımından çox uğurlu layihədir. Münasibət isə mənə qarşı Nuraya olan münasibətdir. Bu da mənim uğurumdur.

- Yolda görəndə nifrətlə baxanlar olurmu?

- Olur.

- İcitmai nəqliyyatdan istifadə edirsiz?

- Bəli, istifadə edirəm. Daha çox taksidən istifadə edirəm. Nəqliyyatdan istifadə edəndə sport stili və qrimsiz oluram çox vaxt. Dəyişkən görünürəm, inanmıram ki, kimsə məni tanısın.Tanısalar belə, mən heç bunu dərd etmirəm.

- Heç baxanlar olmur?

- Bizim serialın öz tamaşaçısı var. Baxırlar, hələ bir tənqid və təriflərini də bildirirlər.

- Nə tənqidləri edirlər?

- Rola obraz olaraq yanaşanlar tərifləyirlər ki, rolun öhdəsindən yaxşı gəlmisən, amma real yanaşanlar təhqirə keçirlər.

- Üzmür sizi təhqirlər?

- Obraza olan təhqir məni sevindirir.

- Səbinə, gənc xanımsız. Ola bilməz ki, sevəniniz olmasın?

- Deyilənə görə, sevənlərim var. Amma mən sevməyim üçün öncə güvənməliyəm. Güvənməyə zamanım yoxdur.

- Evlənəcəyiniz insanda hansı xüsusiyyəti axtararsız?

- Evlənəcəyim insanda xarakter önəmlidir.

- Teatra elçi gələnlər olub?

- Teatra gəlib-gedən, hələ bir çiçək gətirən də olub. Amma çətini çiçək solana qədərdir.

- Evlənəcəyiniz şəxs sizə sənətdə qadağa qoysa, münasibətiniz necə olar?

- Evlənəcəyim şəxs, yəqin ki, mənim işimi necə sevdiyimi biləcək. Onu bilərəkdən qadağa qoymaq bir az haqsızlıq olar. Heç bu haqda düşünməmişəm də. Sənətdə müəyyən nələrəsə icazə verməyə bilər, bu da təbiidir. Amma sırf işimlə vidalaşmağı özüm istəməsəm, kimsə məcbur edə bilməz.

- Səbinə, öz toyunu necə təsəvvür edir?

- Hal-hazırda həyatımda elə bir insan olmasa da hər xanım kimi mən də toy haqqında fikirləşirəm. Yəqin ki, toyum maraqlı olacaq. Fikirlərim var, o da zamanıma və tərəf müqabilimə baxır. Hər şey qarşılıqlı olmalıdır. Mən o insana o qədər güvənməliyəm ki, bütün istəklərimi öncə onunla bölüşməliyəm. Əsl dost və yoldaş istəyirəm.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...