Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

PƏRVİN Abıyeva - “TÜPÜRÜM BU ŞOU-BİZNESƏ”

Pərvin Abiyeva: “Bəziləri göstərməyə çalışdı ki, guya Kənanla aramızda münasibətlər var”

“Məni bu günə qədər Kənanla başqa bir münasibətdə kim görüb? Hamı bilir ki, biz dostuq".

“Maşın” şousu bu gün tamaşaçıların ən böyük maraqla izlədiyi realitiyə çevrilib. Hər kəs maşın ətrafında baş verənlərlə maraqlanır. Maşında iştirakçıların sayı azaldıqca, rəqabət daha kəskin şəkildə aparılır. Bu da istər orda olan iştirakçıların psixoloji durumuna, istərsə də münasibətlərinə təsirsiz ötüşmür.

“Maşın”ın ən maraqlı və iddialı iştirakçılarından sayılan Pərvin Abiyeva da şoudan uzaqlaşdıqdan sonra təəssüratlarını “Şərq”in oxucuları ilə bölüşdü.

– Pərvin, maşın ətrafında nə baş verir?

– Maşın ətrafında inanın ağlagəlməz anlar yaşanır. Biri-birini təhqir edirlər, söyüşlər, qeyri-etik ifadələr. Tamaşaçı təbii ki, bunları görə bilmir. Çünki bütün bunlar efirə qədər baş verir. Mən özüm ilk günlərdən sonra şoka düşdüm. Səhər saat 2-dən axşam 7-yə qədər baş verənləri görəndə əlimi üzümə qoyub şok keçirirdim. O saatlarda orada elə söhbətlər olurdu ki, mən otururdum yerə, istəyirdim yerə girim ki, bütün bunları eşitməyim. Əgər şou-biznes budusa, tüpürüm bu şou-biznesə.

– Maşın ətrafında olarkən təqdimatın birmənalı qarşılanmadı. Yəni səni qınayanlar çox oldu…

– Bəli, məni qınayanlar çox oldu. Amma orda baş verənlərdən nə tamaşaçının, nə də jurnalistlərin xəbəri var. Biz o şouya başlayanda bizə birmənalı şəkildə bildirildi ki, təhqir olmaz, heç kimin ailəsinə toxunmaq olmaz. Bu qadağandır. Mübarizəni necə istəyirsiz, elə də apara bilərsiz, ancaq kimsənin şəxsiyyətini təhqir etmədən. Yeri gələndə o xanımı mən orda müdafiə etmişəm, dəstək olmuşam. Tolikə də dedim ki, o qızdı, sən onu niyə incidirsən?

– Söhbət Səidə Sultandan gedir?

– Bəli, söhbət o xanımdan gedir. Əgər vicdanı varsa, özü də təsdiqləyər ki, mən onu müdafiə edən insan olmuşam. O qalmaqala qədər mən Səidəyə dəstək olmuşam. Hətta düşünürdüm ki, maşından sonra da onunla yaxın ola bilərəm. Son dəqiqəyə qədər ki, o mənim qardaşımın adını çəkdi, mən şoka düşdüm. Yəni bu qədər də insan vicdanını unuda bilərmi? Axı mən sənə pislik etməmişdim. Mənə orda çox deyən oldu ki, sən görərsən, o qız sənə elə zərbə vuracaq ki, özünə gələ bilməzsən. Mən inanmırdım. Dedilər ki, o qız səni o vəziyyətə gətirəcək ki, sən maşından əlini götürüb gedə bilərsən. Ya da səni elə gözdən salacaq ki, insanların münasibəti sənə dəyişə bilər. Bunu deyəsən bir az bacardı da. Məni yaxınlarım tanıyır. Amma insanlar məni tanımırlar. Qardaş adı çəkilənə qədər mən mədəniyyətimi gözlədim.

– Bilirsən ki, qardaş söhbəti də birmənalı qarşılanmadı. Kənana qardaş deməyin müzakirələrə səbəb oldu.

– Məni düzgün tanımadılar. Kənan mənə özünü qardaş kimi sevdirə bilib. Bu, Kənanın böyüklüyüdü. Qaldı söz-söhbətə, bunu bəziləri elə göstərməyə çalışdılar ki, guya mənimlə Kənan arasında başqa bir münasibət var.

– Yəni deyirsən münasibətinizə don geyindirdilər?

– Bəli, mənim ona qardaş gözü ilə baxışım dəyişən deyil. Onun ailəsi məni gözəl tanıyır, biz yaxın ailə münasibətləri qura bilmişik. Mənim sevdiyim insan Kənanla dostluq edir. Sadəcə tamaşaçıya göstərməyə çalışdılar ki, guya aramızda nəsə var. Bu yalandı. Hətta komentlər yazırdılar, orucluq ayıdı, bu nə səmimiyyətdi, bu nə geyim tərzidi. Bəs orucluqda böhtan atmaq nə dərəcədə düzgündü? Orucluqda kimisə ləkələmək nə dərəcə doğrudur? Qeyri-peşəkar jurnalistlər ağıllarına gələni yazdılar. Qarşı tərəfin münasibətini öyrənmədən nəsə yazmaq nə qədər jurnalist peşəsinə yaraşır? Məni bu günə qədər Kənanla başqa bir münasibətdə kim görüb? Hamı bilir ki, biz dostuq. Kimsə bu dostluğu qəbul etmirsə, bu onun öz problemidir. Mən onun ailəsi ilə otururamsa, Kənan bayramı ailəsi ilə bizdə keçirirsə, ona necə başqa don geyindirə bilirsiz? Heçmi Allah qorxusu içinizdə yoxdu? Nə mən o qədər ləyaqətsiz biriyəm ki, dost dediyim insanla münasibətim olsun, nə də Kənan o qədər alçaq biridir. Ayıbdı.

– Görüşdüyün insanın münasibəti necə oldu?

– Yenə deyirəm, görüşdüyüm, sevdiyim insanla Kənanın gözəl münasibətləri var. O mənə dəstəkdi. O görür ki, mənim üstümə nə qədər gəlirlər. Amma görüşdüyüm insan mənə dəstəkdi. Məni tanıyır. Mən 6 ildi o insanla görüşürəm. Sevdiyim insan kim olduğumu bilir deyə, məsləhət görür ki, sosial mediaya girmə, əsəblərini korlama. Vaxtilə Faiq Ağayevi də, Aygün Kazımovanı da, Röyanı da topa tuturdular. Bu gün onların tutduğu mövqe göz önündədi. Əsas odur ki, mənim ailəm mənə inanır, dəstəkdi. Bizim Kənanla dostluğumuz çoxlarının gözünə batırdı. Mən ilk gündən dedim ki, nə olsa da, onu heç kimə satmaram.

– Maşında peşəkar oyunçular da var idi. Yəni artıq ikinci dəfə çıxış edənlər. Bu təsir etdimi oyunun gedişatına?

– Təbii ki, biz ilklərdən olduq. Amma elə iştirakçılar var idi ki, onların təcrübəsi var idi. Onlar bəzən susaraq kənarda dayanıb oyunlarını davam etdirməyə üstünlük verdilər. Mən isə naşı idim. Yəni mən qruplaşmalarda yox idim. Naşı olduğum üçün də uduzdum.

– “Maşın”a qatıldığın üçün peşman deyilsən?

– Qətiyyən. Bu da bir sınaq oldu. Mən orda şou əhlinin bir çoxunun maskalanmış simalarını gördüm. Elələri var ki, onlar simasız qaldılar. Mən maşını əldə etmədim, amma simamı qorudum. Maşından kənarda olan Pərvin simasını dəyişmədi. Mən maşına gələnə qədər elə məşhurlar var idi ki, onların adı gələndə hörmətlə yanaşırdım. Onların iç üzünü gördüm. İnsan nə qədər maskalana bilər, onları tanıdım. Maşın mənə həyatın da, şou-biznesin də görünməyən üzünü öyrətmiş oldu. Elələri var idi ki, onlara dəyər verirdim. Şou-biznesin çox üzünü orda gördüm. Simalarını itirdilər. Bəzi insanlar, bəzi “dostlar” oldu ki, Pərvinin “Maşın”dan getməsi üçün əməlli-başlı əziyyət çəkdilər, pul xərclədilər. Məhz dırnaqarası dostlar mənim getməyim üçün çox narahat olub əziyyət çəkdilər.

– Toliklə olan telefon bağlantınız da müzakirələrə səbəb oldu.

– Tolik dəyər verdiyim insandı. Mən Toliklə telefonda danışanda səsimin canlı efirdə olduğundan xəbərsiz olmuşam. Tolikə də iradımı bildirdim ki, kaş telefon danışığımızı canlı yayımla təqdim etməyəydi. Mən istəməzdim ki, mənim telefon danışığımı minlərlə insan eşitsin. Bu, nəyə lazım idi? Tolikə də iradımı bildirdim. Tolik də bunu emosionallığından edib. Tolik insan kimi yaxşı insandı. Mən onun xətrini çox istəyirəm.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...