Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Şəxsi həyat, faciəvi ölüm, tənhalıq" - yerli məşhurların efirdən uzaq düşmə səbəbləri

Azərbaycan incəsənətində bir çox sənətkarlar var ki, müəyyən səbəblərə görə uzun müddətdir efirlərə çıxmırlar. Onların bəziləri şəxsi həyatlarındakı uğursuzluqlara görə, bəziləri isə yaşadıqları həyat tərzinə görə efirlərdən uzaq düşüb.

Milli.Az bununla bağlı siyahını sizə təqdim edir:

1. Xalq artisti Zemfira Nərimanova - gözəl aktrisa Sovet illərində çəkilən bir çox film və televiziya tamaşalarındakı rolları ilə tanınıb. Aktrisa demək olar ki, sonuncu dəfə efirə elə Sovet dövründə çıxıb. Zemfira Nərimanova son illər çəkilən ekran işlərində də rol almır.

2. Xalq artisti Səidə Quliyeva - Səidə xanım nəinki efirlərdən qaçır, o heç yazılı mətbuata da müsahibə vermir. Bir övlad anası olan aktrisa hal-hazırda övladının təhsili ilə maraqlanır.

3. Xalq artisti Səfurə İbrahimova - Teatr və kino aktrisası kimi məşhurlaşan Səfurə xanım demək olar ki, efirlərə heç çıxmır. Şəxsi həyatında yaşadığı bir çox uğursuzluqlar aktrisanı tənhalığa qapanmağa vadar edib. Səfurə xanım sonuncu dəfə "10-dan sonra" və "Elin gözü" verilişlərinin müxbirlərinə qapını açaraq, bir çox etiraflar edib.

4. Xalq artisti Elmir Rəhimova - Xəstəliyinə görə uzun müddətdir efirlərdən uzaq düşən məşhur müğənni bu günlərdə "Həyat" verilişinə müsahibə verib. Müğənni müsahibəsində nəvəsinin də ağır xəstəlikdən əziyyət çəkdiyini bildirib.

5. Xalq artisti Zərnigar Ağakişiyeva - Tənhalığa qapanan aktrisa demək olar ki, qapısını heç kimə açmır. Sevənlərinin gözünü yolda qoyan aktrisadan tamaşaçıları yazılı mətbuat vasitəsilə məlumat alır.

6. Əməkdar artist Lətifə Əliyeva - Sevilən aktrisanın hal-hazırda nə səhhəti, nə də maddi durumu ürəkaçandır. Aktrisa müsahibələrində əlil övladına da təkbaşına baxdığını bildirib. Elə bütün bu səbəblər onun tamaşaçılarla görüşünə sədd çəkib.

7. Xalq artisti Kamil Cəlilov - Tanınmış qaboy ifaçısı efirlərdən uzaq düşməsinin səbəbini isə telekanal rəhbərlərində görür. Belə ki, o müsahibələrində dəfələrlə efirlərə dəvət olunmamasından şikayətlənib.

8. Xalq artisti Xumar Zülfüqarova - SSRİ-nin ən məşhur rəqqasəsi Xumar Zülfüqarovadan uzun müddətdir xəbər yoxdur. Milli.Az-ın əldə etdiyi məlumata görə, 90 yaşlı aktrisa hal-hazırda ev şəraitində müalicə alır.

9. Xalq artisti, diktor Roza Tağıyeva - AzTV-nin böyük diktoru olan Roza Tağıyeva da sevənlərinin gözünü yolda qoyub. Yaşadığı faciədən sonra efirlərə ümumiyyətlə çıxmayan məşhur uzun müddətdir mətbuatla əlaqəsini kəsib. Qeyd edək ki, diktorun oğlunu hamamda faciəvi şəkildə öldürmüşdülər.

10. Xalq artisti Yalçın Rzazadə - Digərlərindən fərqli olaraq Yalçın Rzazadə efirlərdən küsməyib. Məşhur müğənni son illər xəstəlikdən əziyyət çəkdiyindən efirlərdə görünmür.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...