Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Vicdan haqqı”nın rejissoru: Serialdan ya onu qovaram, ya da özüm gedərəm - VİDEO + FOTO

Mynews.az ATV-də yayımlanan yüksək reytinqli “Vicdan haqqı” teleserialının ssenari müəllifi və quruluşçu rejissoru Rövşən İsaxla müsahibəni təqdim edir.

- “Vicdan haqqı” izləyicilər tərəfindən sevə-sevə izlənilir, serialın pərəstişkarları kifayət qədərdir. Yəqin ki, siz də ətrafınızdakıların serial barədə fikirlərindən bunun dəfələrlə şahidi olmusunuz. Hamının bəyəndiyi, yüksək reytinqli serialda sizi qane etməyən tərəflər nədir?

- Orada elə nüanslar var ki, tamaşaçı onu hiss etmir. Yayımlanan epizodlardan bəziləri əvvəlkindən daha da üstün ola bilərdi. Digər ssenaristləri bilmirəm, mən ssenari yazarkən həmin hadisəni oynayıram, o vaxt nə alınırsa, diktofona yazırıq, sonra redaktə edə-edə vərəqə köçürürük. Ola bilər ki, “orqanikam” uyğun gəlməz, o zaman aktyor həmin hadisəni özünəməxsus oynayar. Bu halda isə məni yamsılayıb zəif oynamaqdansa, aktyorun öz “orqanikasına” uyğun olmasını üstün tuturam. Bunun tərs tərəfi də ola bilər, o, mənim təsəvvür etmədiyim versiyanı da nümayiş etdirə bilər və həddindən artıq maraqlı alınar.

Türkiyə və ya Rusiyada bu sahəyə yaradılan şərait bizdə də olsa idi, təbii ki, bu serial indikindən də maraqlı çəkilə bilərdi. Amma sağ olsunlar, bu serialın ərsəyə gəlməsində həm aidiyyəti üzrə dövlət qurumları, həm də sadə vətəndaşlar bizə çox dəstək olurlar. Elə vəziyyət yaranıb ki, maddi cəhətdən hansısa səhnəni ekranlaşdıra bilməmişik, sosial şəbəkədə bununla bağlı elan yerləşdirmişik. Bu zaman tanımadığımız imkanlı şəxslər bizdən heç bir təmənna güdmədən evindən, avtomobilindən istifadə etməyi təklif edib ki, həmin kadrları lentə ala bilək. ATV telekanalının rəhbərliyi də bizim üçün yaxşı şərait yaradıb.

Həbsxanadakı çəkilişlərdə pentisianar xidmətin işçiləri bizə kömək göstəriblər, hətta epizodik rol oynayıblar, tamaşaçılar hələ həmin bölümü izləməyib.

- İzləyicilər arasında sizə yaxınlaşaraq serialla bağlı tərif və tənqidlərini söyləyənlər olur?

- Bəzən elə şeylər deyirlər ki, mənə gülməli gəlir. Əslində, bu, bizim məşəqqətli əməyimizin uğurlu nəticəsidir. Çəkilişlə bağlı Hacıkənddə olduq, “Göygöl” qoruğunda qeydiyyatdan keçmək üçün orada hərbi geyimli, təxminən 40 yaşlarında bir şəxs mənə yaxınlaşaraq soruşdu: “İmran (Əməkdar artist İlham Hüseynov) həyatda da o cür insandır?”

Cavab verdim ki, onun 50 yaşı var, sərt cavab versən, uşaq kimi ağlaya bilər. O, sadəlövhdür, kövrək qəlbli insandır. Hərbçi təəccüblə “Nə qəribədir” dedi.

Bir çox izləyicilər isə məndən xahiş edib ki, Vüsal sonda Nərminlə evlənsin.

Bir dəfə də avtomobildən düşüb park edərkən 60 yaşlarında bir qadın mənə yaxınlaşaraq, “Ay bala, bu Dilarə nə oldu, bəs onun uşaqları küçələrdə qalıb axı?!” dedi. Əlbəttə, bunlar hamısı qürurvericidir, insana fərəh hissi bəxş edir.

Aralarında bizi tənqid və təhqir edənlər da var. Əbdülün (aktyor Cavidan Novruz) Vüsalın (aktyor İbrahim Çingiz) başına “butulka” vurmağına görə ona söyür, qarğış edirdilər. Bu barədə sosial şəbəkədə də yazırdılar, Cavidanın acığı tuturdu, cavab yazırdı. Deməli, biz tamaşaçını inandıra bilmişik.

Daha sonra yazırdılar ki, bu serial ikiarvadlılığı təbliğ edir. Bunu qeyri-ciddi söz kimi qəbul edirəm. Eyni hadisədən şair təsirlənib şeir yazır, rəssam şəkil çəkir və s. Bunu deyən adama da belə təsir bağışlayıb. Bizim nəsildə iki arvadı olan kişi olmayıb. Mən Azərbaycanda belə bir problem olduğunu bilirdim, amma bu qədər geniş şəkildə yayıldığından xəbərsiz idim.

Bir də “balıq yaddaşlı” tamaşaçılar var. Bu da normaldır, olmalıdır. Məsələn, 33-cü bölümə qədər aramsız baxır, amma sonda elə bir tənqid deyir ki, sanki geridə qalan 32 bölüm olmayıb.

- Serial neçə bölümdən ibarət olacaq?

- Efirdə 58 bölüm nümayiş olunub, nə vaxt fantaziyamız tükənəcək, final da o zaman olacaq. Bu, reytinqlərdən də asılıdır, artıq 3 mövsüm geridə qalıb, tələbat olarsa, 4-cü mövsüm də ekranlaşdırılacaq.

- Çəkiliş meydançası elə bir məkandır ki, orada aktyorlarla rejissorlar arasında mübahisə də yaranır. Aktyorlar sizin tələblərinizə irad bildirəndə onlarla necə davranırsınız?

- Həmin gün ya aktyoru qovaram, ya da özüm çıxıb gedərəm.  Belə bir məsəl var: Qonaq çox şey bilə bilər, amma qiblənin yönünü ev yiyəsi göstərir.

Aktyor, sadəcə, təklif irəli sürə bilər, onun təklifi mənim fikirləşdiyimdən daha üstün olarsa, onu dəyərləndirə bilərəm.

İşinə, istedadına çox güvəndiyim aktyorlar var. Məsələn, ssenari yazılanda çox çətin səhnə alına bilər, mən onun hamısını remarkada (pyes müəllifinin, hadisənin hansı şəraitdə gedəcəyini, personajların davranışının və xarici görkəminin xüsusiyyətlərini səciyyələndirən izahı) xırdalıqlarına qədər qeyd edirəm. Tutaq ki, hadisənin gedişatında yaza bilərəm ki, bu vəziyyətin remarkasını Elxan Yunisin özünə həvalə edirəm və s.

- Serialın kastinqləri ərəfəsində ən çox axtardığınız obraz hansı olub?

- İmran obrazını sınaqlarda çox axtarmışam, yeni sima və indiyədək işləmədiyim aktyorla çalışmaq istəyirdim. İlham Hüseynov mənim çox seriallarımda rol alıb. Mənə həmişə irad tuturlar ki, eyni aktyorları çəkirsiniz. Həmin obraz üçün yoxladığım digər aktyorlar məni qane etmədi, sonra təklif etdilər ki, özüm həmin obrazda çəkilim, mən isə imtina etdim. Çünki deyəcəkdilər ki, özü yazır, ekranlaşdırır, həm də ən əsas rolu oynayır.

İlham kastinqdə Vüqar Əmirovla (ikinci rejissor) mənim təsəvvür etdiyimdən daha artığını nümayiş etdirdi. Ona qədər 18 aktyor yoxlamışdım, İlhamda dayandım.

- “Vicdan haqqı”nda həyatdan götürülmüş səhnələr var?

- Var, amma konkret hansı səhnələr olduğunu deməyəcəyəm. Çünki həmin insanları tanıyıram, məndən inciyərlər. Bir qadın mənə yazmışdı ki, orada oğlumun həyatını əks etdirirsən. İki arvadını bir evdə saxlayan kişi haqqında da mənə danışıblar. Hətta həyatda belə bir hadisə olub: “Sənin atanın iki arvadı olub” deyərək üzüyü geri qaytarıblar. Belə faktlarla serialda baş verəcək ümumi xətləri təyin etmişik.

- Serialla bağlı işlərinizi yekunlaşdırdıqdan sonra hansı planlarınız var?

- Azərbaycan və Türkiyə aktyorlarının iştirakı ilə dram janrında bədii film çəkmək istəyirəm. Bununla bağlı işləri 2018-ci ildə həyata keçirəcəyəm.

- Niyə daha çox dram və buna bənzər janrlara üstünlük verirsiniz?

- Mən müasir realizmə üstünlük verirəm. Hər şey inandırıcı olsun. Bu, komediya, dram, faciə də ola bilər. Təsəvvür edə bilmərəm ki, mən nə vaxtsa fantastik janrda film çəkərəm. Bunlar mənim üçün maraqsızdır. Bu, ancaq həyati, inandırıcı film ola bilər. Həm bədii təfəkkürün məhsulu, həm də həyatda baş vermiş hansısa hadisəni özündə əks etdirə bilər.

- Maraqlıdır, görəsən, uğurlu rejissor Rövşən İsax özü hansı film və serialları izləyir?

- “Baharın 17 anı” filminə baxmışam. Türkiyə istehsalı olan “Poyraz Karayel”in 8, “Muhteşem yüzyılın” 5 bölümünə baxa bildim, sonra inandırıcı gəlmədiyi üçün baxmadım. Sultan Süleymanın anasının qarşısında hamı tir-tir əsir, Hürrəm isə onu heç saymır...

- Sizə bir təklifim var. Bəlkə, iyulun 4-də ermənilərin Alxanlı kəndində törətdiyi vəhşilik barədə sənədli film çəkəsiniz?

- Allah qəni-qəni rəhmət eləsin. Hamı kimi mən də çox pis oldum. Mən bu gün yaşadığımız ağrını Qarabağı geri alandan sonra çəkmək istərdim. Qorxuram insanlarda pessimistlik yaranar. Biz axı hələ torpaqlarımızı geri almamışıq, ekran isə yalanı sevmir.

2 yaşlı Zəhranın başına gələnlər barədə çağdaş yazarlarımızdan heç kim əlinə qələm götürərək gözəl bədii əsər yaza bilməyəcək. Bunun üçün zamana ehtiyac var. Qaynar hisslərin soyumasını gözləyib, onu “soyuq ağılla” yazmaq lazımdır. İndi emosiyaya qapılıb ağı yazacağıq. Bədii tərəfi isə axsayacaq. Bu hadisə barədə bədii yox, siz dediyiniz kimi, sənədli film çəkmək lazımdır. Mən isə sənədli film çəkə bilmirəm, bir neçə dəfə yoxlamışam, bu, məndə alınmayıb. Kifayət qədər çətin işdir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...