Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Bunu yalnız iki nəfər - anamla rəfiqəm bilirdi" - FOTOLAR

Mynews.az oxu.az-a istinadla "Miss Azerbaijan – 2017”-nin qalibi Raziyyat Əliyeva ilə müsahibəni təqdim edir:

- İlk növbədə müsabiqəyə qatılmağınız və qalib olarkən keçirdiyiniz hisslərdən bəhs edək...

- Hər il müsabiqəni izləyirdim. Xüsusilə, 2012-ci ildə Aysel Manafova qalib olduqdan sonra daha da həvəsləndim, onu çox bəyənirdim. Amma qatılmağa risk etmirdim. Çünki mütləq birinci olmalı idim. Həmişə qarşıma qoyduğum məqsədə nail olmağa çalışıram. Fikirləşirdim ki, qatılsam, çox söz-söhbətlər, müzakirələr olacaq. Düşünürdüm ki, qalib olmasam, bir ay evdən bayıra çıxa bilmərəm.

Nəhayət, rəfiqəmin təkidi ilə anket göndərdim və builki kastinqlərə qatıldım. Bunu yalnız iki nəfər – anamla rəfiqəm bilirdi. Bu, həm də mənim iştirak etdiyim ilk müsabiqə idi. Yarışmanın iştirakçısı olduqda, sevincimin həddi-hüdudu yox idi.

Müsabiqə boyunca, 6 ay ərzində keçirilən məşqlər bizi çox yorurdu. Yarımfinaldan finala vəsiqə qazandım, çox sevincli idim. Nəhayət, final yaxınlaşdı. Əksər iştirakçı qızlar nədənsə mənə yaxınlaşaraq, qalib gələcəyimi söyləyirdilər. Bu, məni çox təəccübləndirirdi. Eşitmişdim ki, müsabiqənin ötən illərdə keçirilən mərhələlərində iştirakçılar bir-birinə ziyan verməyə çalışırdılar ki, kimsə podiuma çıxa bilməsin, yaxud mənfi performans göstərsin. Bizdə isə elə deyildi. Final günü hamı bir-birinə libas dəyişməkdə belə yardım edirdi.

Nəhayət, tacı mənə təqdim etdilər. Yorğun, həyəcanlı, ac və susuz idim, başım çox ağrıyırdı. Ancaq bu məqamı gözləyirdim ki, hər şey bitsin və mən bir həftə evdə istirahət etdim (gülür).

Bütün bunlara baxmayaraq, əlbəttə, çox fərəhli idim.

- Müsabiqədə ən güclü rəqibiniz kim idi?

- Deyə bilmərəm ki, orada mənim çox güclü rəqiblərim var idi (gülür). Amma "I vitse-miss” seçilən Gülnar İsayevanı bəyənirdim. Orada onunla dostlaşdım və hazırda bu münasibətlərimiz davam edir.

- Son 2-3 ildir ki, bu müsabiqədə səhnəyə çimərlik geyimində çıxmaq ləğv olunub. Builki iştirakçılar səhnəyə hansı geyimlərdə çıxmışdılar?

- Birinci geyim şortla qara və ya ağ rəngli "T-Shirt”, ikinci kokteyl geyimləri, şleyf, üçüncü isə ziyafət paltarı idi.

- Müsabiqə ölkəmizdə 1996-cı ildən etibarən keçirilir. Raziyyat Əliyeva yarışmanın əvvəlki qaliblərindən nə ilə fərqlənir?

- Hər qalibin individual gözəlliyi var. Mənim üz quruluşum, xarici görünüşüm əsl Azərbaycan qızına uyğundur. Düşünürəm ki, "Miss Azerbaijan” qaraqaş, qaragöz xanım olmalıdır. "Miss Azerbaijan-2015”-in qalibi Natalya Sokolevskaya və "Miss Azerbaijan – 2016”-nın birincisi Oksana Barxatovanı misal göstərsək, onlar əcnəbi ölkənin vətəndaşlarıdır, ən azından ad, soyad və xarici görünüşdə millilik yoxdur.

- Hər il olduğu kimi, bu il də sosial şəbəkə istifadəçiləri müsabiqəyə uyğun olmayan, eybəcər qızların yarımfinal və finalda yarışdığını müzakirə edirdilər. Bununla razılaşırsınız?

- İnsanlar fərqi olduğu kimi, onların fikirləri də müxtəlifdir. Hələ biz bilmirik ki, klaviatura arxasında əyləşib həmin şərhləri yazanlar özləri nə gündədirlər! Sosial şəbəkə insanların fikirlərini ictimaiyyətə çatdırmaq üçündür. Mənim qalib olmağımla bağlı da neqativ fikirlər səsləndirmişdilər. Mən isə birinci yerə layiq olduğumu bilirəm. Bu fikirlər məni üzmür.

- Qonşu dövlətlərlə müqayisədə bizdə model biznesi o qədər inkişaf etməyib. Siz artıq Azərbaycanın ən nüfuzlu gözəllik yarışmasının qalibi seçilmisiniz. Bundan sonra nə etməyi planlaşdırırsınız ki, bu, qalibiyyətinizdən geridə qalmasın?

- "Miss Universe” və "Top Model of the World” Beynəlxalq gözəllik müsabiqələrindən birinə qatılmaq istəyirəm.

- Hansı sahə üzrə təhsil alırsınız?

- Ukraynada menecment üzrə təhsil alıram.

- İndi dəb halını alıb, modellər film və seriallarda oynamağa dəvət alırlar. Sizə də belə bir təklif gələrsə, hansı obrazı canlandırmağa üstünlük verərsiniz?

- Mən baş rolda çəkilmək istəyərəm. Faciəvi taleyi olan obrazı canlandırmazdım, çünki o neqativi öz üstümə götürmək istəməzdim. Pozitiv obraz yaratmaq daha xoş olar. Mənə elə gəlir ki, mənfi obraz da məndə çox yaxşı alınar.

- Növbəti sualıma tam səmimi cavab verməyinizi istərdim. Hər hansı estetik-plastik əməliyyat keçirmisinizmi?

- Ancaq burnumu plastik əməliyyat etdirmişəm. Çünki 2, ya 3-cü sinifdə oxuyurakən pilləkənlərdən yıxılmışdım. Dodağımın da təbii olmadığını deyirlər, əslində, bu, belə deyil. Dodağımı şişirtməmişəm.

 - Bir neçə azərbaycanlı model Türkiyədə nümayiş olunan evlilik verilişlərinə qatılıb. Bu barədə də fikirlərinizi bilmək maraqlı olardı...

- Mən bunu heç vaxt özümə sığışdırmaram!

- Azərbaycanın ən gözəl qızının həyat yoldaşı necə olmalıdır?

- Birincisi, səbirli. İkincisi, bütün işlərimdə mənə dəstək olmalıdır. Üçüncüsü, məndən başqasına baxmamalıdır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...