Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Mənzil alan jurnalistlər - "Xəyallarımız gerçəyə çevrildi" - VİDEO

2010-cu il iyulun 22-də - Milli Mətbuat günündə Azərbaycan prezidenti İlham Əliyev jurnalistlərə mənzil tikintisi üçün vəsait ayrılmasını nəzərdə tutan sərəncam imzaladı.

APA TV-nin məlumatına görə, bununla da yüzlərlə mətbuat nümayəndəsinin mənzil şəraitinin yaxşılaşdırılması üçün şans yarandı.

İlk mərhələdə bu şansdan 156 nəfər yararlandı. Təməli 2013-cü ildə, yenə də Milli Mətbuat günündə qoyulan ikinci binada isə daha çox mətbuat işçisi yeni mənzil sahibi oldu.

Bu gün jurnalistlər üçün tikilən ikinci binanın açılışı olub. Bu isə o deməkdir ki, Milli Mətbuat günü ərəfəsində daha 255 jurnalist yeni mənzilin sevincini yaşayıb.

Prezident İlham Əliyev açılış mərasimində iştirak edib, binanın istifadəyə verilməsini bildirən rəmzi lenti kəsib. Dövlət başçısı mənzillərdə yaradılan şəraitlə tanış olub.

3 bloklu, 17 mərtəbəli bu binada 9 bir otaqlı, 144 ikiotaqlı, 93 üçotaqlı və 9 dördotaqlı olmaqla, ümumilikdə 255 mənzil var. Mənzillərin paylanması isə püşkatma yolu ilə olub.

“Space” TV-nin əməkdaşı Bəturə Nəbiyeva sevincini APA TV ilə bölüşüb: “Bu sevinci zəhməti dəyərləndirilməli olan həmkarlarıma da arzulayıram. Bu sevinci bizə yaşatdığına görə cənab prezidentə təşəkkür edirəm. Çox sağ olsun ki, zəhmətimizi, əməyimizi dəyərləndirdi. Bu, həm də məsuliyyətdir ki, biz daha yaxşı işləyək”.

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev prezidentin hədiyyəsini çox yüksək qiymətləndirib: “Əlbəttə, çox gözəl hədiyyədir. 20 illik zəhmətim dəyərləndirilib. Mənzil şəraitimizin yaxşılaşdırılması üçün çox gözəl imkandır. Jurnalistlərin indiki qazancı ilə şəhərin mərkəzinə yaxın, belə bir yerdə mənzil almaq çətindir. Dövlətin bu hədiyyəsinə görə cənab prezidentə təşəkkür edirəm. Bizim redaksiyadan üç nəfərə mənzil verilib. Seçim obyektiv aparılıb”.

Jurnalist Ayaz Mirzəyev üçün bu gün heç vaxt unudulmayacaq: “Bütün ev arzusunda olanlara Allah qismət eləsin. Həqiqətən yaddaqalan bir gündür. Həm də qürurverici bir gündür ki, əziyyətin dövlət səviyyəsində qiymətləndirilir. Bu gün üçüncü binanın təməli qoyuldu. Arzum budur ki, həmkarlarımız da bu sevinci yaşasınlar”. 

“Space TV”-nin aparıcısı Günel Həsənzadə digər həmkarlarına da bu sevincdən dadmağı arzulayıb: “Çox gözəl hədiyyədir. Bundan o yana mənə elə gəlir ki, yoxdur. Bir-birimizə arzu edəndə deyirik ki, ev olasan. Biz ev aldıq, ocaq aldıq. Sağ əlimiz arzusunda olanların başına”.

Yeni binada 19 jurnalist cütlüyünə də mənzil hədiyyə edilib. “APA Holding”in iki xanım əməkdaşı da onların sırasındadır.

Jurnalist Asəf Quliyev mənzili zəhmətinə verilən hədiyyə olaraq dəyərləndirib: “20 ildən artıqdır ki, jurnalistikadayam. Bu, təkcə mənim jurnalist kimi fəaliyyətimə verilən qiymət deyil. Bu 20 ilin 15 ilini Qarabağ probleminin bütün aspektlərini işıqlandırmağa çalışmışam”.

Lent.az-ın redaktoru Kəmalə Quliyeva evsizliyinə son qoyulmasında əməyi olan hər kəsə təşəkkür edib: “Cənab prezidentə təşəkkür edirəm. Bizim holdinqin rəhbərliyinə, Vüsalə xanıma, Nurşən müəllimə, Qabil müəllimə təşəkkür edirəm. Bu sevinci sözlə ifadə etmək mümkün deyil. İllərlə evsizliyin əzabını yaşamış insan kimi bu gündən xoşbəxt gün təsəvvür edə bilmirəm”.

Jurnalist Elməddin Muradlı bu tarixi günü hələ də yuxu sayır: “Çox qürurverici hissdir. Biz xəyal qururduq ki, jurnalist maaşı ilə ev ala bilərik? Yuxu kimi görünürdü. Sağ olsun prezidentimiz, bizi sevindirdi jurnalist ailəsi olaraq. Bu, bizə ikiqat hədiyyə oldu. Çünki bizim ilk övladımız Milli Mətbuat günündə anadan olub. 10 yaşı olacaq. Hər kəsə təşəkkür edirəm”.

Ailəm.az-ın redaktoru Xəyalə Muradlı xəyallarının gerçəyə çevrildiyini vurğulayıb: “Ailəm adından, öz adımdan təşəkkür edirəm. Xəyal qururduq. Şükür. Təşəkkür edirəm hər kəsə”.

Ümumilikdə binada mənzillə təmin edilən 255 jurnalist arasında “APA Holding”in altı əməkdaşı var.

Qeyd edək ki, bu gün Azərbaycan  jurnalistləri üçün Bakı şəhərinin Səbail rayonu ərazisində, Yeni Salyan yolunda üçüncü binanın təməli qoyulub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...