Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Meyxanaçı Ağamirzə əsəbləşdi - "Narkotik, içki aludəçisi olmağım haqda şayiələr yayırlar"

Meyxana ustadı Ağamirzənin Milli.Az-a müsahibəsi.

- Hər bir insan üçün seçdiyi peşəsi onun ya maddi, ya da mənəvi tələbatının ödənildiyi mənbədir. Ağamirzə üçün meyxana hansı əhəmiyyəti kəsb edir?

- Meyxana mənim həyatımdır. Mən meyxanasız bir gün də yaşamaram. Bəzən hətta gecələr ayılır, xəlvəti ürəyimdə və ya pıçıldaya-pıçıldaya meyxana deyirəm. Kimlərinsə gözəl deyişməsini eşitdikdə belə ömrüm uzanır. Meyxana mənim üçün maddi yox, mənəvi qidadır. Sözsüz ki, toylara həm fərdi, həm də qrup şəkilində dəvət alırıq. Ancaq məclislərə çox vaxt iki nəfər meyxanaçı çağırılır. Çoxluq da meyxananın gözəlliyinə xələl gətirir.

- Hansı məclislərdə meyxana ustadları publikadan daha böyük hörmət və ehtiram görür?

- Mən deyərdim ki, mağar toylarında. Şadlıq saraylarında ürəyimiz istədiyi qədər meyxana deyə bilmirik. Belə məkanlarda məclis gecə saat 12-də bitirsə, mağar toylarında yeni məcraya yönəlir. Bizi mağar toylarına məhz həmin saatlarda dəvət edirlər.

- Deyişmək istəmədiyiniz həmkarınızla eyni məclisə dəvət almısız?

- Əlbəttə ki, olub. Ancaq belə vəziyyətlərdə qarşı tərəfə söz atmamağa və cavab verməməyə çalışmışam. Hətta yersiz söz-söhbətin yaranmaması üçün onlardan sonra çıxış etməyə də razı olmuşam. Buna görə də həmkarlarımın çoxu hörmətimi saxlayır, sözümə, məsləhətimə qulaq asır. Mən fikrimi meyxana ilə deyir, sözümü deyişmə ilə çatdırıram. Ancaq qalmaqal bəzən istəmədən gəlib məni tapır. Rəhmətlik Ağasəlim Çıldağa deyirdilər ki, qocalmısan, boynuna alırsan, ya almırsan? O da cavab verirdi ki, boynuma alsam da, almasam da özü gəlib keçir boynuma (gülür).

- Bildiyimə görə həyatda səbirli, təmkinli insansız. Lakin deyişmələr haqqınızda tam fərqli təəssürat yaradır. Bəzən əsəbləşirsiz, hisslərinizi cilovlaya bilmirsiz. Bu, nə ilə əlaqədardır?

- Həyatda çox təmkinli insanam. Bəziləri narkotik, içki aludəçisi olmağım haqqında şayiələr yayır. Halbuki, mən adi siqareti belə illər öncə tərgitmiş, namazlarımı 5 dəqiqə də olsun gecikdirməməyə çalışıram. Sadəcə olaraq, dinamik, ritmik deyişmələri xoşlayıram.

- Ən uzun deyişməniz təxminən nə qədər davam edib?

- Qafiyələri dəyişməklə səkkiz saat meyxana dediyimiz vaxtlar olub.

- Qadınların meyxana deməsinə münasibətiniz necədir?

- Yəqin ki, söhbət Samirə xanımdan gedir.

- Əslində, qadın meyxanaçıları çoxdur. Sadəcə, Samirə xanım onlardan öz üslubu ilə fərqlənir.

- İnsafən, Samirə xanım bu işin öhdəsindən yaxşı gəlir, pərəstişkarları da çoxdur. Bəzən məclislərdə bir yerdə də düşürük. Ancaq mənim fikrimcə, meyxana qadın sənəti deyil.

- Adətən meyxana sənəti zərərli vərdişlərlə assosiasiya olunur. İnsanlarda şüuraltı mövcud olan bu fikirlər nə dərəcədə həqiqətə uyğundur?

- Bir-iki nəfər istisna olmaqla, meyxanaçılar zərərli vərdişlərdən uzaq, nümunəvi insanlardırlar. Bir vaxtlar meyxana sənətini sıxışdırmaq məqsədilə cəmiyyətə bilərəkdən bu fikirləri aşılamışlar. Ruhu şad olsun, ulu öndərimiz Heydər Əliyev olmasaydı, meyxana sənəti məhv olub gedərdi. Onun meyxana haqqında söylədiyi gözəl sözlər bütün qapıları üzümüzə açdı.

- Meyxanaçı bədahətən söz demə istedadı ilə doğulur, yoxsa müəllim əlində püxtələşir?

- Meyxana öyrədilmir. Allah vergisi olmadan söz ustadı olmaq mümkün deyil. Müəllimimiz Ağasəlim Çıldaq belə, bizə meyxana öyrətməyib.

- Nəslinizdə necə, davamçınız varmı?

- Hələ ki, yoxdur. Nəslimizdə yeganə söz ustadı dayım Ağasəlim Çıldaq olub. Meyxanaçıların içində isə Elşən Balaxanılını çox istəyir, ona bacımın, qardaşımın balası kimi baxıram.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...