Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Elza Seyidcanın münsifliyi, ədəbiyyat aləmində "zəlzə" - Yazarlar nə deyir?

Telejurnalist Mübariz Əsgərov ARB TV-də yeni layihəyə start verib.

 “Xalqın şairi” adlanan müsabiqədə artıq seçim turları başlayıb.

Müsabiqədə şairlik istedadı, şeir, sənət və bədii qiraət bacarığı olan şəxslər yarışacaqlar. Həftələrlə davam edəcək layihənin qalibini sonda ev mükafatı gözləyir.

Müsabiqənin münsifləri əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, tanınmış şair Qulu Ağsəs, əməkdar incəsənət xadimi aşıq Əhliman Rəhimov və əməkdar artist Elza Seyidcahandır.

E.Seyidcahanın ədəbiyyatla bağlı bir müsabiqədə münsif olması ədəbi cameə tərəfindən heç də birmənalı qarşılanmayıb. 

Sizə yazarların bu seçimə münasibətini təqdim etməzdən öncə E.Seyidcahanın Metbuat.az-a açıqlamasını təqdim edirik: 

“Çox gözəl layihədir. Artıq seçim turu başlayıb. Çətin və məsulliyyətli işdir. Münsif olduğum layihələrin hər birinə məni dəvət ediblər, heç kimdən xahiş etməmişəm. Başqa layihələrdə yəqin özümü doğrultmuşam ki, indi bura dəvət ediblər”.  

İndi isə bu seçimlə bağlı ziyalılarımız arasında apardığımız sorğu ilə tanış olun: 

Xalq şairi Nəriman Həsənzadə: 

“Münsiflər seçilibsə, bizə deməyə söz qalmayıb. Gecdir. Həyatda heç kim birmənalı qarşılanmır. Dahi Volter Homeri qəbul etməyib. Onu tənqid edib. Bu müsabiqəyə ancaq uğurlar arzulayıram.” 

Şair-publisist Aqşin Yenisey: 

”Xalq şairi” titulu üçün kifayət qədər ciddi heyətdir, çünki münsiflərin heç biri modern ədəbiyyatın nümayəndələri deyil. Baba Vəziroğlu da, Qulu Ağsəs də ənənəvi Azərbaycanşerinin ustalardır. Əhliman müəllim isə özü ənənənin canlı formasıdır. Bircə Elza xanıma çətin olacaq. Çünki tənqidçi Əsəd Cahangirin ədəbi diaqnozuna görə Elza xanım Azərbaycan ədəbiyyatında ekstraavanqard qanadı təmsil edir, yəni onun yaradıcılığı ən azı yüz il xalq şüurundan irəlidədir. Qadın xeylağı o boyda yolu geri necə qayıdıacaq? O, xalq şerinə gəlib çıxana, Baba müəllim ona hecanın, təcnisin, qoşmanın nə olduğunu başa salana qədər, Azərbaycan xalqı özü ekstraavanqard xalq olacaq. Amma biz çətinliklərə sinə gərməliyik, bu gün "Xalq şair”lərinə hava-su kimi ehtiyac var. Problemlər tökülüb-qalıb, qabaqdan da qış gəlir. Məncə, işləri biz az sürətləndirmək lazımdır; Yeni ilə yeni "Xalq şairləri"lə girməliyik. Ümumiyyətlə, bu girmək məsələsi ədəbiyyatımızda həmişə aktual olub, bu gün də aktualdır. Ümid edirəm ki, yeni "Xalq şairləri" bu boşluğu dolduracaqlar. Mən artıq indidən həyəcanlanıram”.  

Televiziya tənqidçisi, teleaparıcı Elçin Əlibəyli:  

“Çox normal yanaşıram! AYB-də daha istedadsız adamlar şair bileti ilə gızirlır. Yenə Elzanın şeirində hadisə var, postmodern axtarış var. AYB-də elə “nanay” deyənlər var ki, onlardan yaxşıdır. Guya Əhliman ədəbiyyatı elə mükəmməl bilir? Baba Vəziroğlunun, Qulunun yanında modernistlərdən biri olmalı idi. Şair şairə qiymət verə bilməz, tənqidçi verməlidir”.

Şair Qulu Ağsəs (Münsif):  

“Bu müsabiqəyə dəvət almışam və dəvəti dəyərləndirmişəm. Mənim işim müsabiqədəki insanları dəyərləndirməkdir. Artıq bir neçə nəfərin üslubu xoşuma gəlib. Onları qeyd etmişəm. O ki qaldı münsif kimi, kimin dəvət olunması doğrudur, ya yox, bu suala cavab vermək mənə düşməz. Əlbəttə, Elza Seyidcahana şair də deyə bilmərəm. Ancaq Elza xanım çox gözəl bəstəkardır, musiqiçidir.  

Şair-publisist Xanəmir Telmanoğlu:  

“Azərbaycanda şairlərin 99 faizi ritmi bilmədən, intonasiya nədi qanmadan şeir yazır. Hətta elə xalq şairləri var ki, adam dəli olur, bu bədbəxt oğlu necə şair adını qazanıb, bu necə ömür yaşayıb, bu beçiz necə olub şeirə aludə olub, şeirin toruna düşüb? Eliza Seyidcahan haqqında onu deyə bilərəm ki, bu xanım tanınmış şairlərin əksəriyyətinindən istedadlı bir sənətkardır. Başqalarından fərqli olaraq, şairə Elza xanım ritmin, ritimçənin, ritminənin, ritmiyyənin, ritimsizliyin, intonasiyanın nəkarəliyini anlayır. Digər bir özəlliyi ondan ibarət ki, şairə Elza xanım dilimizdə qafiyəsi bulunmayan sözün, sözlərin qafiyəsini sənin üçün “təşkil edə” bilər. Onun şeirlərini bir xarabalıqda oxuyun, güllü-gülüstanlıq görəcəksiniz. Onun şeirlərini bayquşlara oxuyun, bütün quşların ətrafınızda cəm olduğuna şahidlik edəcəksiniz. Onun şeirləri oxunduğu zaman gec bitən arpa da tez boy atır. Eləcə də o münsiflər heyətinin öhdəsindən Elza xanım təkbaşına, o şairliyi sayəsində məharətlə gələ bilər. Şeirimizin gələcəyi olan bu şairə xanım olduqca ümidverici bir şəxsiyyətdir. Onun sönməz və parlaq yaradıcılığı, tükənməz şeiriyyəti haqqında ya fəlsəfi traktat, ya da mövzu götürüb namizədlk üçün elmi iş yazmaq niyyətindəyəm”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...