Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Evlənəndə yoldaşım elə düşünürdü ki..." - Zaur Kamal+müsahibə

Onu efirdə çox sərt, hamının xətrinə dəyən biri kimi görürük. Hətta Zaur Kamal "hər kəsi iynələyən" adını da qazanıb. Amma müsahibədən sonra onunla bağlı fikirlərim tamam dəyişdi. Görünmədiyi qədər mülayim, söhbətcil, səmimi biridir. Deyir ki, həyatını planlar üzərində yaşamağı sevmir. Elə müsahibəmiz də ekspromt şəraitdə baş tutdu...

Axşam.az aparıcı Zaur Kamalla müsahibəni təqdim edir:

- Yeni mövsümə artıq sayılı günlər qalıb. Necə hazırlaşmısınız?

- İnşallah, "partladacağıq". Şüarımız da belədir: "5/5" bu mövsüm partladacaq". Dəyişikliklər var, studiyamız yenidir. Bir də rubrikalarımız olacaq. Bir rubrikamız var - "Elçilik". Bir-birini sevən, amma ailələrinin razı olmadığı cütlüyü birləşdiririk. Bu yaxınlarda Bərdəyə getdik, qızın 16, oğlanın 26 yaşı var. Valideynləri qızı oğlana vermir ki, yaşı azdır. Biz də elçi gedib, "hə"sini aldıq ki, 2 il gözləyərik. Əvvəl elçi gedəndə nəsildəki sözükeçən adam aparılırdı. Biz də özümüzlə elçiliyə müğənniləri, tanınmış simaları aparırıq.

- Bu cür hallar çox vaxt efirdə quraşdırılmış olur. Sizdə bu rubrika nə dərəcədə gerçəkdir? Yoxsa, bunlar da yazılmış ssenaridir?

- Əvvəl istəyirdik, başlanğıc üçün qurma edək. Razılaşmadım, belə halları sevmirəm. Prodüserimiz bir ailə tapdı, dedi Bərdəyə gedin. Razılaşmadım ki, uzaqdır. Dedilər ki, real hadisə istəyirdin, bu da gerçəkdir, get. İkinci bölümü Bakıda çəkdik. Qızın babası onu vermirdi ki, Füzuli uzaqdır. Amma məni görəndə razılaşdı. Elçi getməzdən əvvəl oğlan evini çəkir, necə biri olduğunu öyrənirik. Efirə gedəndən sonra insanlar müraciət edəcək. 

"KOBUD, ÖZÜNDƏNRAZI, SƏN KİMSƏN?"

- Zaur Kamal efirdə çox sərt, acıdil biri kimi görünür. Buna görə həm tənqid edilirsiniz, həm də sevilirsiniz...

-  İnstaqram səhifəmdə mənə "kobud, özündənrazı, sən kimsən" yazırlar. Mən buyam, rola girmirəm. Bir də tamaşaçılar efirdə müğənni ilə etdiyimiz zarafatları ciddi qəbul edirlər. Deyirlər, Zaur filankəsi "sındırdı". Bunlar şoudur, qonaq da əyləncəyə gəlib. Bizdə əyləncə qəbul olunmur. Müğənni ilə olan söhbətlər efirdən sonra söz-söhbətə səbəb olub. Gedir, ətrafındakı insanlar qızışdırır. Bir dəfə meyxana ifaçısı Ələkbərlə verilişdə zarafatlaşmışdım. Gedib qonşuları deyib ki, Zaur səni "sındırdı". İkinci dəfə proqrama hazırlıqlı gəlmişdi. Soruşuram ki, nolub sənə, nə deyirəm, cavab verirsən, yerə-göyə sığmırsan.

- Qorxub efirinizə gəlməyənlər olub?

- 10 ildir efirimə çıxmayıb, sonra gələnlər də olub. Rəhim Rəhimli də çəkinirdi... Əvvəl özlərini mənim verilişimdə görməyənlər, sonradan özləri can atıb...

"AY ZAUR" BAĞLANDI"

- Artıq dördüncü mövsümə başlayırsınız. Bir proqramın bu qədər uzun davam etməsinin reytinqdə geriləməyə səbəb olacağından qorxmursunuz?

- "Ay Zaur" 8 il efirə getdi. Azərbaycanda bu qədər uzun davam edən proqram yox idi. Hər dəfə də başqa bir mövzu qoyurduq. Heç vaxt da dəbdən düşmədi. Artıq onu bağladıq, çünki müğənni qurtardı. Nə qədər eyni müğənniyə müraciət etmək olar ki... "5/5" 4 ildir gedir, format olaraq çox dəyişikliklər etdik. Tamaşaçının nə istədiyini bilirik. Ötən mövsüm bəzi məqamlara qadağa qoyulurdu. Bu mövsüm isə hər şey olacaq.

- Belə başa düşdük ki, "Ay Zaur" artıq bağlandı...

- Düşünürəm ki, yaşlanım, illər sonra yenidən çəkərəm. Bir vaxtlar evinə getdiklərimin yenidən qonağı olaram. İllər sonra nəvələrini çəkərəm.

- Ötən mövsümün sonunda eyni müğənniləri tez-tez efirə çağırırdınız. Bir tamaşaçı kimi bu məni də yorurdu. Bəs sizin özünüz bu haldan yorulmursunuz?

- Axı Azərbaycanda o qədər çox müğənni yoxdur. Qonağı təkrar çağırmaq məcburiyyətindəyik. Çalışırıq elə edək ki, çox da təkrarçılıq olmasın. Hətta mənim özümə də tez-tez deyirlər ki, Zaur fılankəsi yenə çağırdın? Yorulmadın? Çalışıram təkrar çağırdığım müğənniyə hər dəfə başqa tərəfdən yanaşım.

- Məsələn, sizin efirdə son vaxtlar Pərviz Bülbülə və Damlanı tez-tez görürdük. Sosial şəbəkədə müzakirələrdə tamaşaçıların narazılığını dəfələrlə oxumuşam...

- Yeni mövsümə başlayırıq. 3 ay hər buraxılış yeni qonaq çağıracağıq. Amma 3 aydan sonra yenə təkrar qonaqlara üstünlük verməliyik. 

"İSTƏDİYİMƏ NAİL OLMAQ ÜÇÜN DƏRİDƏN-QABIQDAN ÇIXIRAM"

- Elə bir məşhur varmı istəmisiniz, amma qonaq gəlməyib?

- Tək efirdə yox, həyatda da belə bir xasiyyətim var: nəyisə istəyirəmsə, ona nail olmaq üçün hər şey edib, dəridən-qabıqdan çıxacam. Mağazaya gedirəm, görürəm paltar xoşuma gəlir, amma bahadı. Gözləyirəm endirim olsun, alıram. Ən böyük arzum Zeynəb Xanlarovanı efirimə çağırmaq idi. Radioda verilişimə gəldi. Daha sonra "Xəzər" kanalının Yeni il buraxılışına gəldi. Dövlət Televiziyasından başqa heç bir kanalda olmayıb. 

- Sizi şou xarakterli proqramlarda görürdük. Tamaşaçı nə vaxtsa Zaur Kamalı fərqli bir formatda proqramda görə bilər?

- Məsələn, nə? Hərdən deyirəm ki, bu sahə heç mənlik deyil. Sonra fikrimdən daşınıram ki, elə bu sahə yaxşıdır. Gedirsən, haradasa tamaşaçı sevgisi, hörməti görəndə yerində olduğunu anlayırsan. Bu yaxınlarda anons çəkəndə 70 yaşlı bir kişi məni çağırdı. Gedirəm yanına, qucaqlayıb öpür. Belə hallar insanı sevindirir.

- Bəs Zaur xəbərlər aparıcısı ola bilər?

- Bir vaxtlar bu haqda düşünürdüm. İndi də fikirləşirəm ki, şoudan çıxıb, xəbərlərə gedim. Şərqiyyə Hüseynova mənə dərs deyəndə, sırf xəbərlərə hazırlayırdı. Amma bilmirəm nə vaxt...

- Sizi çox vaxt fərqli aparıcı kimi təqdim edirlər. Bu bir quraşdırılmış obrazdı, yoxsa təbii halınızdır?

- Efirə çıxanda heç bilmirəm nə edəcəm. Canlı yayımda ağlıma fikirlər gəlir edirəm. Xəstə də olsam, efirdə işıqlar yanan kimi canlanıram. Dadı-duzu öz improvizələrimdir. Müğənniyə baxıram ki, mənimkidir, danışdırıram gedirəm. Görürəm çox irəli gedirəm...

- Tərs cavablarınıza görə sizdən küsüb, danışmayan müğənnilər var?

- Çox olub. Hətta dostlarımla da söhbət edəndə, kiminsə qəlbinə dəyirəm. Amma iki gün keçəndə salamlaşıram. Təəccüblənirlər ki, dünən evimi yıxdın, indi salamlaşırsan. Kinli deyiləm, küsülü qala bilmirəm. Hətta bu yaxınlarda bir müğənni məndən küsmüşdü. Toyda gördüm, ürəyim dayanmadı. 

"GÜNAYI ƏTRAFINDAKILAR QIZIŞDIRMIŞDI"

- Həmin müğənni Günay İbrahimli idi?

- Günayın xətrini çox istəyirəm. Sənətə gələndə ona çox dəstək olduq. Günayı bəlkə də ətrafındakılar qızışdırmışdı. Türkiyəli müğənni qonağımız olmuşdu. Yeni mövsümə başlamışdıq, bilmirdik efirdə çay olar, ya yox. Günay da neçə dəfə çay istədi gətirmədik. Türkiyəli müğənni İlyas Yalçıntaş gələndə çay gətirildi. Natavan Həbibinin toyunda gördüm, ürəyim dayanmadı. Çağırdım şəkil çəkdirdim. Mənim yadımda küsülülük qalmır.

- Efirdəki sualları əvvəlcədən hazırlayırsınız, yoxsa bədahətən gəlir?

- Çox vaxt bədahətən olur.  Bu mövsüm isə 15 sual hazırlanacaq. Çalışıram efirdə hər şey təbii olsun.

- Ətrafınızda tanınmış xanımlar çoxdur. Zaur Kamalın gecə həyatı var?

- Müğənni efirdədi, sonra onlarla gecə həyatı sürmürəm. Gedib onlarla nə diskotekada otururam, nə başqa yerdə.

- Açılışlara da az gedirsiniz...

- Radioda çalışanda əvvəl gedirdim. İndi bu dəvətlər mənim üçün adidir. Aparıcı çox da insan içində olmamalıdır. Adiləşirsən. Hərdən canlı yayıma girənləri də qınayıram. Zeynəb Xanlarova görün necə əlçatmazdır. Heç yerə getmir. Müğənnilər ona baxsınlar.

- Bəzən efirdə müğənnilərin kənarda sizə dediyi sirləri açır, söhbətləri danışırsınız. Sizdən küsmürlər?

- Ədalət Şükürov hər zaman deyir ki, bunun yanında söz danışmaq olmaz. Baxıram ki, bu söhbət şou xarakterlidir, onda danışıram. Amma bəzi söhbətlər olur ki, onları danışmırıq. Müğənnilərimizin kompleksi var. Zarafatdır da, efirdə deyirik.

- Bir gün gəlsələr ki, verilişiniz reytinq vermir. Reytinq xatirinə nə edərsiniz?

- Qurma nəsə etmərəm, məndə alınmır. Hətta bu yaxınlarda proqramda bir uşaq var idi. Uşağı qucaqladım, ağladı. Qulağıma deyirlər qucaqla... Deyirəm alınmır ey, edə bilmərəm.

- Bir çox tanınmışlar, eləcə də aparıcılar sosial problemlərə, gündəlik baş verən hadisələrə münasibət bildirirlər. Sizdə isə heç vaxt elə paylaşımlara rast gəlməmişik...

- Gündəmi izləyirəm, bu yaxşıdır. Bəzi şeylər var ki, efirdə onu demək lazım deyil. Baxırsan xəbər aparıcısı süjet təqdim edir, sonra ona fikir deyir. Düşünürsən ki, axı bunun səviyyəsi, çəkisi ona fikir bildirəcək dərəcədə deyil. Lazımi qurumlar buna münasibət bildirir, bəsdir.

- Zeynəb Xanlarova haqqınızda deyirdi ki, Zaurun üzündə şeytan tükü var.

- Güzgüyə baxıram, onu tapa bilmirəm. Alim Qasımov da mənə bu sözü demişdi. Alim müəllimi oxutdurmaq asan deyildi. Deyirlər, şeytan tükü var, bacarırsan. İstədiyimə nail olan insanam.

- Sosial şəbəkədə çox tənqid yazılan məşhurlardan biri də sizsiniz. Buna necə reaksiya verirsiniz?

- Əvvəl bunları ciddiyə alırdım. Bu yaxınlarda Damla ilə bağlı efirdə bir hadisə yaşandı. Sosial şəbəkələrdə tənqid olundum. Bir tərəfdən özüm pis oldum ki, niyə vaxtında fikir bildirmədim. Həmin hadisədən ilk dəfə danışacam. Damla qonaq gələndə, söhbət etdik. Efirə girəndə oxudu. Öz-özümə dedim ki, gözəl qızdır. Gərək ailəsi olardı, həyat yoldaşı gərək başına and içərdi. Hər gün də toylardadır. Əvvəl heç onu tanımırdım. Bəzi bölgələrdə belə ifadələr var: bunu alan qazandı, bunu alan çaldı, bunu alan vurdu. Bu kəlməni deyəndə donub qaldıq. Hamımız gördük ki, pis alındı. Efir gecikmə ilə yayımlanır. Redaktora dedim ki, kadrı kəs. Kəsdik, "Ay Zaur"un anonsunu verdik, efirə getmədi. Aradan bir ay keçəndə səhər telefonuma video gəldi. Xalam oğlu yığıb ki, hamı səndən danışır. Bizdə həm efirə gedən, həm də getməyən versiya olur. Bu məqam efirə getməyən versiyada olub. Bilməyənlər bunu şişirtdilər. 



"QAPINI BAĞLAYIRDIQ, BACADAN GƏLİRDİLƏR"

- Hansı müğənnini heç vaxt efirə qoymazsınız?

- Əvvəl elə müğənnilər var idi ki, onları efirə qoymurduq. Qapını bağlayırdıq, bacadan gəlirdilər. Mənim heç kimlə küsülülüyüm yoxdur. Ürəyim istəyəndə çəkirəm ki, gəl barışaq. Adam olub ki, küsmüşəm, amma özü istəyib ki, Zaurun efirinə gəlsin. 

"ÇALIŞIRAM AİLƏMDƏ PROBLEM OLMASIN"

- Zaur Kamal nədən qorxur?

- İnsan illərlə hörmət yığır. Onu itirmək qorxusu var məndə. Hər zaman addım atanda düşünürəm. Çalışıram ailədə problemim olmasın. Övladlarım böyüyəndə ağıllı olsunlar. Elə məşhurlar var ki, qız və ya oğlan övladları onları hörmətdən salır. Həmin şeylərdən qorxuram..

- Ailənizi efirdən uzaq saxlamısınız. Oğullarınızın fotolarını sosial şəbəkədə paylaşmısınız. Amma xanımınız heç vaxt görüntülənməyib...

- Ailə ilə gündəmə gəlməyi sevməmişəm. Ailə ayrı bir respublikadır. Evlənəndə yoldaşım elə düşünürdü ki, məşhura ərə gəlir, bütün günü tədbirlər, gəzmək. Başa saldım ki, ev, iş olacaq. Hərdən harasa getmək ola bilər. Özü də harasa getmək istəmir. Bir dəfə "Bu şəhərdə"nin konsertinə getdik. Hamı baxırdı, narahat olurdu. Natavan Həbibi gəldi yaxınlaşdı, bizi vəziyyətdən çıxartdı. İkimiz də pis vəziyyətdə qalmışdıq. Həmişə deyir ki, Bakıda yox, xaricdə istirahət edək. Mənimlə çox nadir halda harasa gedər. Hər yerə ya tək, ya da mənim qardaşımla gedir. 

"XANIMIM TARİX MÜƏLLİMƏSİDİR"

- Sevib ailə qurmusunuz, yoxsa valideynlərin istəyi ilə evlənmisiniz?

- Bibimgilin qonşusu idi. Mənə zorla nəsə etdirmək olmaz. Anama deyəndə, deyib ki, bu "əlləm-qəlləm" adamdır, qarışmıram, kimi istəyir alsın... İstək olmadan ailə qurmaq olmaz. Xanımım çalışır, tarix müəlliməsidir. 

Oğluma çatmırdı ki, atası tanınmışdır. Balacanı hərdən baxçaya aparırdım, müəllimələr yaxınlaşır, şəkil çəkdirir. Böyük oğlum da görüb deyir ki, məni də apar məktəbə. Deyirəm niyə? Deyir qoy dostlarım bilsin  ki, mən kimin oğluyam. İndi balaca oğlum birinci sinfə gedir.

- Ailədə qısqanclıqlar olur? 

- Çox... Evdə sosial şəbəkədən istifadə etmirlər. Qohumlardan kimsə efirdə müğənni ilə çəkdirdiyim şəkilləri "WhatsApp"ına göndərir, deyirlər Zaur belə söz dedi. Özü eşidəndə dərinliyinə getmir. Ətrafdakılar şişirdir, nələrsə deyirlər. Mənim də qadağalarım olur: o olmaz, bu olmaz. Hərdən mənə deyirlər, köhnəfikirli adamsan. Mən belə istəmişəm. Deməsinlər ki, Zaur efirdə nələr danışır, amma həyatda elə deyil. Bu şeyləri hər zaman qorumuşam.

- Dil qüsuru olan aparıcılarla bağlı aparılan monitorinqdə sizin də adınız yer almışdı…

- Qüsur dildə pəltəklik olmasıdır. Xalq dilində danışıram. Belə aparıcılarımız var və sevilirlər də. Mən kəkələmirəm, dil problemim yoxdur. Heç vaxt efirdə rus, türk sözləri istifadə etmirəm. Gülüş doğursun deyə, ləhcəylə danışa bilərəm. Çox sevdiyim Xumar Qədimova fəxri ad alanda efirdə təbrik etdim, dövlət başçısına təşəkkür bildirdim. Xumar xanım zəng etdi ki, "Ay Zaur, sən efirdə həmişə loru danışırdın, fikrini  nə gözəl ifadə etdin".  

- Bir aparıcı kimi hansı verilişləri izləyirsiniz, bəyənirsiniz?

- Heç vaxt radioya qulaq asmır, efirə baxmıram. Hərdən xarici kanala baxıram. İstəyirəm izlədiyim verilişdən nəsə öyrənim. Amma indi Azərbaycanda şou yoxdur. Efirə çıxırıq, deyirəm kim var onunla rəqabət aparaq?  Xaricə baxırsan ki, nəsə götürürsən.

Hər kanalın bir siması var. Zaur Baxşəliyev, İlkin Həsənli, Afaq Gəncəli ATV-nin simasıdır. Mətanət Əliverdiyeva isə ANS-dən gəlib, oranın siması kimi yadda qalıb.

- Övladlarınız aparıcı olmaq istəsə, razılaşarsınız?

- Heç vaxt. Bu sahə çox çətindir. Şan-şöhrət var. Bəzən aparıcılar deyir, necə tanındın? O vaxtlar düşünmürdüm ki, tanınacam, seviləcəm. İndiyə qədər nə qədər aparıcı gəlib, batıb gedib. Hərdən deyirlər, "ata, bizi apar baxaq efirə necə çıxırsan". Övladlarıma sərbəstlik verirəm. Həmişə deyirdim ki, uşağı necə döyməmək olar? Onu döyə-döyə tərbiyə etməlisən. Amma bu günə qədər onlara əl qaldırmamışam. Böyük oğluma bir dəfə deyirəm bura gəl. Həmin an gəlir. Amma balacaya 50 dəfə qışqırıram, deyir "ata, dayan gələcəm". 

"ROMANTİKA MƏNDƏN UZAQDIR"

- Zair Kamal həyatda da efirdə göründüyü kimidir, yoxsa…

- Hərdən deyirlər evə gedəcəm ki, özünü necə aparırsan. Ailədə tam başqayam. Uşaqlarla da doyunca vaxt keçirmək olmur. Yorğun gəlirsən , uşaqlar yatır. Səhər onlar dərsə gedir, sən yatırsan.

- Romantiksiniz?

- (gülür) Romantika məndən çox uzaqdır. Sevmirəm... Dostlarım var, yazırlar xanıma "ürəyim, çiçəyim, maralım". Belə şeylər mənə çox uzaqdır.

Ailə hökmən olmalıdır. Tənhalığı heç sevmirəm. Bir də təmizliyi sevirəm. Bir küncdə toz oldusa, vəssalam. Şükürlər olsun ki, evdə təmizlik var. Hər şeyə fikir verirəm. Xaricə gedəndə bir insanla eyni otaqda qalmıram, tək qalmalıyam. Çox həssas adamam. 

- Sizcə tamaşaçı sizi yaxşı tanıyır, yoxsa...

- Efir güzgüdür. Tamaşaçı yaxşı bilir kim kimdir, kim hansı yolun yolçusudur. Bir gün gizlətsən də, üstü açılacaq. Bakı balaca yerdir...

- Özünüz haqqında eşitdiyiniz, sizi təəccübləndirən dedi-qodu nə olub?

- Elə şərait yaratmıram ki, haqqımda şayiələr yaysınlar. O vaxtlar "Ay Zaur"u bir villada çəkirdik. Deyirdilər, öz evimdir. Belə şeylərə əhəmiyyət vermirəm. Biznesim də yoxdur. Həmişə deyirlər ki, ağlın olsun, hara getsən, qapılar üzünə açıqdır. Heç vaxt düşünmürəm ki, biznes qurum.

- Özünüzü neçə yaşınıza qədər aparıcı kimi görürsünüz?

- Şouda olanları ciddi qəbul etmirlər. Bəlkə də 50 yaşa qədər efirdə olacam. Ondan sonra özümü evdə, əlimdə əsa təsəvvür edirəm. İnsan bilmir sabahı nə olacaq.

- Bu yay necə dincəldiniz?

- Yayda qəşəng dincəldim. Amma istirahətə uşaqla getməyəsən. Burnumuzdan gəldi. Biri, sonra da o birisi xəstələndi. Sonra ikisi də xəstə oldu, Bakıya qayıtdıq müalicə etdirdik.

- Baxım üçün nələr edirsiniz?

- İdmana dostların məsləhəti ilə getdim. Çox yaxşıdır. İdman olmasaydı, indi yataq xəstəsiydim. Gün ərzində çox işim olur. İdman sağlamlıqıdr.

- Kamal soyadı haradan gəlib?

- Kamal babamın, atamın, əmim oğlunun adıdır. Babam müharibəyə gedir, gəlir xəstə olur. Atam dünyaya gəlir, adını Kamal qoyurlar. Sonra atam Rusiyaya gedir. Qardaşı oğlu doğulur, ona da Kamal adı qoyulur ki, yaşatsın. Atam Gürcüstana qayıdır, iki Kamal qalır. Əmim oğlu, atam və babam Kamaldır.

- Necə uşaq olmusunuz?

- Çox dələduz uşaq olmuşam. Nənəm hər zaman məndən şikayət edərdi. Anam paltarı qaynadar, ipə asardı. Mən də təkəri palçıqda sürür, gətirib ağlara sürtürdüm. Bir dəfə 10-cu sinifdə oxuyurdum. Yay imtahanları verməliydim, eşqə düşdüm. Tezdən oyanıb, qızın arxasınca qaçdım. Bakıya gəldim, atam məni axtarıb. Bir-iki gün Bakıda qalıb qayıtdım. Anam dedi atan səni öldürəcək. Atam bir sillə vurdu, burnum qanadı. Anam o qədər döyüb məni. 
 
- Bildiyimiz qədəriylə, alış-verişi də çox sevirsiniz…

- Tələbəlikdə atam pul göndərərdi, yeməzdim, paltar alardım. Özü də bahalı geyimlər alardım. Anam deyirdi baha alır, baxmır yaraşır, ya yox. İndi ailəliyəm, çox da paltar almıram. Bahalı gödəkçələrim var ki, 1000-1500 manata almışam.

- Hər kəs efirə çıxanları varlı hesab edir. Zaur Kamalın neçə evi var?

- Elə başa düşürlər ki, proqramdakı sponsorun, reklamın pulu aparıcının özünə qalır. Bir evim, bir də maşınım var, vəssalam.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...