Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Röya xoşbəxtliyin düsturunu AÇDI - “Soyunmaq sözündən zəhləm gedir”

Sabah Gənclik Mallda səhnə kostyumlarının sərgisini keçirməyə hazırlaşan Əməkdar artist Röya Ayxan dəbi və trendləri yaxından izlədiyini, lakin kimisə təkrarlamağı sevmədiyini bildirib.

Azərbaycanlı ulduz dəblə bağlı Publika.az-a müsahibə verib.

- Heç bir müğənninin geyim üslubunu təkrarlamadan, başqasına bənzəmədən unikal olmaq çox çətindir. Siz bu işin öhdəsindən gələ bilirsiniz?

- Bitəhər gəlirəm (gülür). Dünyanın məşhur geyim markalarının yeni çıxan kolleksiyalarını izləyir və onlardan mənə uyğun olan geyimləri seçirəm. Hər zaman özüm olmağa çalışmışam, əslində çalışmıram, elə hər zaman özüm oluram. Dediyiniz heç kimi təkraralamıram. Yəqin ki, geyim tərzimi başqalarından fərqləndirən başlıca amil elə budur. Xasiyyətim geyim üslubumda da özünü əks etdirir.

- Moda evi açmaq üçün böyük maliyyə lazımdır. Risk etməkdən qorxmadınız?

- Problemlər həmişə var, hər kəs kimi biz də problemlərlə qarşılaşırıq. Amma problem onları həll etmək üçündür, mən onları həll edirəm. Əziyyətsiz iş yoxdur.

- Bu gün dizaynerlərin bir qrupu qadını qapalı geyimlə gözəl göstərməyə çalışır, digər bir qrupu isə maksimum dərəcədə soyundurmağa çalışır. Açdığınız moda evi hansı istiqamətə meyil edəcək?

- Bu, paltar sifariş edən xanımların zövqündən asılıdır. “First Fashion Lab" moda laboratoriyasında həm dekoltesi olan, həm də dekoltesiz geyimlər hazırlanır. Ümumiyyətlə, soyunmaq sözündən zəhləm gedir, bu, söz ancaq Azərbaycanda bu qədər çox istifadə edilir. Soyunmaq dəb termini deyil, dekoltesi açıq, dekoltesi olmayan geyimlər var.

- Yaxşı geyinən xanımlara kişilər yaxınlaşmağa ehtiyat edir. Belə bir məsəl var ki, “Yaxşı geyinən qadını soyundurmaq baha başa gəlir”. Gözəl geyinən xanımlar kişiləri niyə “qorxudur”?

- Sənət adamları bahalı geyinməyi sevir, həm də sahib olduqları nüfuzları onları əlçatmaz edir. Yəqin ki, elə bunu nəzərdə tutublar.

- Ən çox müzakirə olunan ulduzlardan birisiniz. Xüsusilə qadınlar sizin haqqınızda danışmağı xoşlayır, bəzən tənqid edirlər, bəzən də gözəl sözlər deyirlər. Sizin azərbaycanlı xanımlarda ən sevmədiyiniz xüsusiyyətlər hansıdır?

- Paxıllıq. Bu hiss nəinki qadını, kişini də çirkin göstərir.

- Gözəl geyinmiş xanım görəndə siz heç paxıllıq etmirsiniz?

- Yox, “Maşallah olsun” deyirəm. Əlbəttə ki, paxıllıq duyğusu hər kəsdə olur, lakin izzəti-nəfsimizi idarə etmək öz əlimizdədir. Onu məğlub edə bilməyənlər mənən eybəcərləşir. Mənsə gözəl qadınlara həmişə heyranlıqla baxmışam. Paxıl insanların uğur qazanmasına şübhə edirəm. Bu, bizi irəli getməyə qoymur, əksinə uçuruma sürükləyir. Bütün gün başqalarının uğurlarını və xoşbəxtliyini qısqananaları düşünün, adam dəli olar. Xoşbəxt olmaq istəyirsənsə, öz məqsədlərinin izi ilə getməlisən.

- Xarici görkəmini dəyişmək istəyirsənsə, nədən başlamalısan?

- Daxilindən. Stili dəyişməyin zamanı yoxdur, maraqlı görünmək istəyirsənsə, istənilən yaş dövründə müxtəlif üslubları sınaqdan keçirə bilərsən. Məsələn, bu gün mən kostyum geyinsəydim, sizinlə zarafat edə bilməyəcəkdim.

- Bədən quruluşunuz istənilən geyimi sınaqdan keçirməyə icazə verir. Dekolte geyinəndə ətrafdakı qadınların qısqanclığını hiss edirsiniz?

- Çalışıram ki, neqativ heç nəyə fikir verməyim.

- Qadının gözəlliyi onun uğur qazanacağına zəmanət verir?

- Mütləq, mənalı baxışlar, gözlər onların ən gözəl aksessuardır.

- Azərbaycanın seks simvollarından biri sayılırsınız. Sizcə, bu statusu neçə yaşına kimi qoruyub saxlaya biləcəksiniz.

- Əgər Brilliant Dadaşova indiyə qədər öz gözəlliyini qoruyub saxlaya bilibsə, deməli mən də bu adı uzun illər qoruya biləcəm.

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...