Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Məşhur jurnalist Kənan M.M-ə - "Xanımın zövqsüz və kökdürsə bu sənin günahındır..."

Onda şou-biznes hələ beyinləri sıradan çıxartmamışdı. Yerindən duran nədir, heç durmayanın da ağlından ulduz olmaq fikri keçmirdi. Onda ortada az sayda televiziya kanalları və hələ inkişaf etməyən bir-iki xəbər portalı var idi. Heç universitetə daxil olmamışdım. Burulğanın məni bir gün bu sahəyə atacağını nə xəyal edərdim, nə də gözləyərdim... Nəysə, Allah şeytana lənət eləsin! 

Həmin dövrlərdə az sayda müğənnilər fəaliyyət göstərirdi. Parta-part klip çəkilişləri başlamışdı. Klipmeyker anlamı elə o zamanlarda dillərə yenicə düşürdü. Kənan Mahmudov adlı rejissor haqda da elə ilk dəfə o dövrdə eşitdim. MM təxəllüsü diqqətimi cəlb etmişdi deyə, özünü də görmək maraqlı idi. İlk baxışdan bu kifayət qədər səliqəli xarici görünüşə sahib, bir az da yaraşıqlı, hələ subay və bu cahana sığan gənc rejissora bənzəyirdi. Azsayda həmkarlarından yeganə fərqi daha çox görünmək, məşhurlaşmaq istəyi idi. 

Universitetin birinci kursuna daxil olmuş, jurnalistika kafedrasının banisi Şirməmməd Hüseynovun az qala hər cümləsini əzbərlədiyim yaşda idim. Amma artıq ATV-nin köhnə binasında ulduz aparıcılarla bir otaqda işləyirdim... Onda Zaur Baxşəliyev ulduz filan deyildi. Ecazkar Afaq Gəncəli isə "Onlar" verilişini aparacağının sevincini yaşayırdı... Mən də bu sahənin dərmə-deşiyindən xəbərsiz idim. Həmin dövrlər üçün Kənan hər hansı bir hərəkəti ilə fərqlənməmişdi. Sakit, başını aşağı salıb, işini görərdi... 

Bir gün maqazin verilişlərinə verdiyi müsahibəyə baxdım. "Evlənəcəyim qız mobil telefon işlədənlərdən olmayacaq" deyirdi. Dedim nə ağır xasiyyəti var bu MM-in. Qısa müddətdən sonra maqazin jurnalistlərinin qələmindən "Kənan MM müğənni xanımla evlənir" tipli başlıqlar süzüldü. Elə həmin gündən adamın sözünün ağırlığına dırnaqarası baxdım. Amma Allahla danışacam, Kənanın seçdiyi xanım layiqli qız idi. Ən əsası ifaçıya yaraşan sənəti, səsi var idi. Aygün Şükürova haqda digər müğənnilərdən fərqli olaraq mənfi bir söz eşitdiyimi də xatırlamıram. O, yerini bilən, tərbiyəli və səmimi obraz yaratmışdı gözümdə. Bu gün 3 uşaq anasıdır və mənim üçün həmin obrazdadır. 

Qayıdaq Kənana. O, şou-biznesin klip sənayəsində imzası olan rejissorlardandır. Bu gün bir neçə film də çəkib və çəkilib... Azdan-çoxdan işləyir, nələrsə edir. Amma di gəl ki, elədiyi hər işin içinə də edir... 

Bu yaxınlarda "Maşın şou"dakı hoqqalarını yəqin ki unutmamısız. Şounun açılışı günü studiyada idim. Kənanı ilk dəfə idi bu qədər diqqətlə sezirdim. Aman Allah, bu qədər eqoistlik hardandır? Uca dağları yaradana bənzəyirsən, ay Kənan, dedim ürəyimdə. Şounun digər iştirakçılarına yuxarıdan aşağı baxıb, amma nədənsə onlarla eyni cərgədə dayanmağı özünə yaraşdıran "adam kimi adam" yəni! Canlı yayımda sərgilədiyi qəzəb, ironika, nifrət, bir az da kədər dolu çıxışları ilk günlərdə inandırıcı gəlirdi. Şounu tərk edənə qədər neçə-neçə obrazlardan çıxdı Kənan. Aktyordu həm də, qınamaq olmaz! 

Bu gün dediyi ilə sabah etdiyi üst-üstə düşməyincə, insanlarda ikrah hissi yaratdı adam... Azərbaycan tamaşaçısı MM-i elə şounun məqsədinə uyğun tam fərqli tərəfdən tanıtdı... "Maşın" bitsə də, hələ də obrazdan çıxa bilmir, Ritorik Kənan... 

İki gün öncə Kənanın rejissoru olduğu "Gecə qonağı-2" filminin təqdimat mərasimi keçirildi. Media, dostlar, tanınmışlar toplandı. Qala gecədə ənələr pozuldu, nəysə ortalığa bir iş çıxdı da... Kənan həmən o işə də bir ".iş" etdi... 

Jurnalistlər həmin gecədən adamın zövqsüz hesab etdikləri həyat yoldaşı haqda müxtəlif yazılar təqdim etdilər. Cavabında heç bir tənqidi qəbul etməyən bu unikal insan jurnalistləri mümkün olan ən pis söyüşlərlə təhqir etdi. 

Bu köşənin də məqsədi Kənana bir-iki kəlimə deməkdir. 

Yaxşı oğlansan, Kənan, amma pafosun yıxacaq səni! İnanmaq istəyirəm ki, sən həmkarın Şahin Zəkizadə ilə vida mərasimində jurnalistləri görüb, yerə yıxılaraq hönkürən oğlan deyilsən! Hərdən ürəkdağlayan çıxışların bir "Kənan MM dramı" deyil. Arada başını qaldır, insanlığa nəzər yetir. 

Hər işinin ardından "Bu da bəyənilməsə, peşəmi dəyişəcəm" kimi bəyanatların da var. Məncə dəyiş. Ümumilikdə bəyənilmirsən, Kənan! 

Özünü instgramda cəngavər göstərib, sərhədləri aşana qədər, dərrakəli insan kimi tənqidlərdən nəticə çıxar! Azərbaycan mətbuatı sənin düşüncələrindən daha yüksəkdə dayanıb! Boyundan yuxarı təpik ata bilməyin, ən kiçik jurnalisti belə aşacağın anlamına gəlmir! 

Bu gün sənəti ilə çoxlarına meydan oxuya biləcək müğənni həyat yoldaşın paparasilərə artıq çəki və zövqsüz geyimi ilə tuş gəlibsə, bu da sənin günahındır! Qadın kişinin əsəridir, unutma! 

P.S. Sən Elza Seyidcahandan qaynaqlanıb, "tikim" yazmısan, jurnalistlər isə sənə dahilərdən elə sitat gətirərlər ki, rejissorluğa tövbə edərsən! 

P.P.S. O ki, qaldı "tikiş" məsələsinə, o "maşın"dan biz tərəfdə də az deyil.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...