Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Özlərinə hörmətləri varsa, konsertimizə gəlməsinlər” - “Bu şəhərdə” komandası - FOTOLAR

“Bu şəhərdə” komandası “TəkƏr” adlı konsertə hazırlaşır. Yumoristlər noyabrın 9-11-i tarixlərində Heydər Əliyev sarayında baş tutacaq konsertlə bağlı “Yeni Müsavat” qəzetinin suallarına cavab verib:

- Konsertə bir aydan az vaxt qalıb. Hazırlıqlar necə gedir, hansı səhnəciklər tamaşaçıları gözləyir?

Coşqun Rəhimov: İşlərin 70 faizi hazırdır. Məşqlərə başlamışıq. Müşfiq Abbasov ssenarini bizə təqdim edib. Səhnəciklər müzakirə olunub. Obrazlar bəllidir. Yavaş-yaş işimiz öz reysinə düşür.

- Parodiyalar olacaqmı?

Müşfiq Abbasov: Olmayacaq. Kimi edək? Hamını parodiya etmişik. Şou-biznesimizdə elə adamlar var ki, onları dəfələrlə parodiya etmişik. Onlardan biri Elza Seyidcahandır. 20 dəfə parodiya et, 21-də də seviləcək. Biz artıq onu etmək  istəmirik. Deyəcəklər “xaltura” edir.  Aygün Kazımovanı, Faiq Ağayevi dəfələrlə parodiya etmişik. Onlar bəyənilir. Elə adamlar var ki, bir parodiya onlara bəsdir. Yeni simalar yoxdur. 10 il bundan  əvvəlki şou-biznes indi yoxdur.

Coşqun: Biz tamaşaçını öyrəşdirmişik ki, proqramları parodiya etməyə. Hər adam parodiya  etməyi bacarmır. Başqasını qiyafəsinə, qəlibinə girmək çətin məsələdir. Televiziyada, şou-biznesdə baş verən xaosdan heç nə anlamırıq. Televiziyada maraqlı veriliş, maraqlı sima  yoxdur. Ona görə əziyyət çəkirik. Bizim sənətimiz parodiyaya bağlı deyil, o qədər problem var ki. Biz də onları göstərməyə çalışırıq.  

Rafael: Bizim tamaşaçılar parodiyaya baxmağa gəlmir. Parodiyanın olmamağı konsertin səviyyəsini aşağı salmır.

Müşfiq: Ola bilər ki, bütün verilişləri birləşdirib, bir parodiya etdik. Adını da qoyduq  divan- kreslo. Çünki bütün verilişlərdə qonaq divanda oturur, kənarda mətbəxdə yemək bişirilir, şablon suallar və s. Bu insanları bezdirir.


- Elə bir şəxs var ki, siz onu parodiya etmək istəyirsiniz, amma tənqid və təzyiqlərdən çəkinirsiniz?

Rafael: Elə şəxs yoxdur. Bizə təzyiq edirlər ki, niyə bizi parodiya etmirsiniz?  Etməyəndə inciyirlər. Biz kimisə incidəcək səviyyədə parodiya etmirik. Kiminsə şəxsiyyətinə toxunmuruq. Zəlimxan Yaqubu parodiya etdiyimiz üçün  bizə qonaqlıq vermişdi. Parodiyamızdan inciyən olmayıb.

- Bəs parodiya edilmək üçün pul təklif edənlər olub?

Müşfiq: Səhnəciklərin arasında oxumaq istəyənlərdən tutmuş parodiya olunmağı istəyənlər, səhnəcikdə reklamı getməyini arzulayanlar çox olub. Heç kimdən pul almamışıq.

Coşqun: Biz parodiya etdiyimiz şəxsi özümüz seçirik.

Müşfiq: Parodiya sevgi kimidir, pulsuz olanda ləzzət edir. Süni görünmək istəmirik.

- Ən çox nə qədər təklif ediblər?

- Bir mahnı oxumaq üçün 5000 təklif edən olub. Bir şirkət isə 30 min manat təklif edib ki, səhnəcikdə adları getsin.

- Bu dəfə baş tutacaq konsertiniz “TəkƏr” adlanır. İşin içində ər varsa, deməli gəlin-qayınana da var. Hər konsert gəlin-qayınanadan səhnəcik hazırlamaq izləyiciləri bezdirməz?

Coşqun: Bu səhnəciklər daim yenilənir. Hər dövrün gəlin-qayınanası fərqlidir. Hər il yeni  ailələr qurulur və problemlər təzələnir.

Rafael: Gəlin-qayınana mövzusu qəlizdir. Onlar heç vaxt yola getməyəcək. Bizim də mövzularımız bitməyəcək.

Müşfiq: Bəzən sosial şəbəkələrdə bizi tənqid edirlər. Onların hamısı kişilərdir. Bizim izləyicilər əsasən qadınlardır. Bizi bəyənməyənlər baxmasın. Adama deyərlər ki, bəyənmirsənsə, nə borcuna baxırsan? Biz kimdənsə maliyyələşmirik ki, kiməsə hesabat verək. Hər konsert büdcəyə vergimizi ödəyirik. 80 nəfərə qonorar ödəyirik. Biz bunları tamaşaçıdan qazanırıq. Bizi tənqid edənlərin özlərinə hörmətləri varsa, konsertimizə gəlməsinlər, baxmasınlar. Bizim auditoriya qadınlardır, onlara da gəlin-qayınana mövzusu maraqlıdır.

Rafael: Hər dəfə yazırlar ki, nə qədər arvad paltarı geyinəcəksiniz? Bu mövzu artıq aktuallığını itirib. Bizimlə bir qabdan çörək yeyənlər indi efirdə  deyir ki, aktyorlar niyə qadın paltarı geyinir? Nə vaxta kimi belə davam edəcək? Ömür boyu geyinəcəyik. Heç kim bizə irad tuta bilməz.

- Bu barədə ən son aparıcı Rövşanə Ağasəfqızı danışmışdı.

Rafael: Mən ad çəkmədim. Bir dəfəlik qansınlar, dərk etsinlər ki, janrımız budur. Iki aktyorun səhnəciklərində qadın da, kişi də, qoca da, cavan da, uşaq da olacaq.

Coşqun: Tamaşalarımızın duzu- istiotu budur. Biz sevilməsək, ölkənin əməkdar artistləri olmarıq.

- Öz qayınananızla yaşadığınız hər hansı problemi, hadisəni səhnələşdirdiyiniz olub?

Müşfiq: Rusiyada kürəkənlə qayınana problem yaşayır. Azərbaycanda isə  gəlinlərlə qayınanalar problem yaşayır. Kürəkənlərin problemi olmur. Ona görə qayınanamızla hər hansı problem yaşamamışıq.

- Bəs bu dəfə hansı sosial və məişət problemlərini qabardacaqsınız?

- Toyların sayı azalıb. Bununla bağlı səhnəciyimiz var. “Molla production” səhnəciyimiz maraqlıdır. Ərəblərlə bağlı tamaşa canlandıracağıq. İçki aludəcisi olan bir kişinin ailədə yaratdığı problemləri təqdim edəcəyik. Maraqlı səhnəciklər hazırlamışıq.

- Son illər yerli filmlərin sayı günbəgün artır. Sizi təqdimat mərasimlərində isə gec-gec görürük. Yeni filmlər haqqında nə düşünürsünüz?

Rafael: Filmlər çox çəkilir. Bəzi filmlərdə rejissor işi, bəzilərində ssenari zəif olur. Bəzən pula qıymırlar, ona görə ortaya yaxşı iş çıxmır. Biz film çəkəndə heç kim çəkmirdi. Bizə də təkliflər çox gəlir. Tez-tez soruşurlar ki, niyə filmə çəkilmirik?

Coşqun: Bizə yaxşı qonorar təklif edirlər. Deyirlər, gəlirin yarısını sizə verəcəyik. Biz isə qəbul etmirik.

Rafael: İldə Bakıda iki, Naxçıvanda iki, xaricdə konsert verməyimiz  kinoya bərabərdir. Kinolardan xoşuma gələni də gəlməyəni də var. Hamı istəyir  ki, onu tərifləyək. Amma hər iş tərifə layiq deyil.

Müşfiq: Yaxşı ki, filmlər çəkilir. Zamanla  ələnəcək və keyfiyyətli işlər yaddaşda qalacaq. Əsas odur ki, insanlar kinoteatra gedir. Düzdür, oraya gedən kütlə də ürək açan deyil. Çünki insanlar ailəvi getmir. Kaş, 5 il sonra insanlar bizim filmlərə ailəvi getsin.

Rafael: Filmlərdə söyüşlərə çox yer verilir.  Rus filmlərində belə o qədər söyüş yoxdur. Bizdə şişirdirlər. Əl jestləri ilə göstərərək təhqir etmək qəbulolunmazdır. Bir sözü 100 dəfə deyirlər ki, başa düşməyən tamaşaçı da bunun ikibaşlı söz dediyini, söyüş işlətdiyini başa düşsün.

Coşqun: Teatrda bir az süqut baş verib. Ən yaxşısı odur ki, teatr aktyorları hazırda film və seriallarda rol ala bilir. Bu sevindirici haldır. İşlə məşğuldurlar, potensiallarını göstərirlər. Biz onları yenidən kəşf edirik. Əsas odur ki, iş var. 

“Vicdan haqqı”nı izləyirəm. Bu serialı bütün Azərbaycan xalqı izləyir. Rejissor Rövşən İsaqın sayəsində bir çox aktyoru  kəşf etdim. Illərlə bu aktyorlar paslanırdı. Onlara stimul verən rejissorlar olmalıdır. “Ata ocağı” serialı var. Çəkinmədən deməliyəm ki, Elmar Rəfiyevi kəşf etdim. Rollarını izləməmişdim, serialda oynadığı ailə başçısı obrazını çox bəyənirəm. Görəndə minnətdarlığımı bildirəcəyəm. 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...