Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Adnan Oktar (Harun Yəhya) yeni Quran tərcüməsində qadınlarla bağlı nələri dəyişəcək? - QEYD

Harun Yəhya kimi tanınan Adnan Oktar bir qrup dilçiyə Quran tərcüməsi hazırladır.

“A24.az”ın Harun Yəhyanın tərəfdarlarından əldə etdiyi məlumata görə, həmin kitabın 1-2 ay ərzində çap olunacağı bildirilir.

Maraqlıdır, Adnan Oktar tərcümə etdirdiyi yeni Quran kitabında öz xeyrinə nələri dəyişdirəcək və ya daha çox hansı mövzulara üstünlük verəcək?

Məlumat verən şəxs iddia edir ki, Adnan Oktarın dəyişmək istədiyi mövzu Quran ayələrindəki Mehdiliklə bağlı məsələləri gündəmə gətirməkdir.  O, uyğun ayələri tərcümə etməyə çalışacaq ki, guya Quranda bu məsələ hansısa Mehdiyə, onun nə vaxtsa gələcəyinə işarə edir.

Məlumata görə, digər məsələlərdən biri də qadının baş örtüyünün olmamasıməsələsinin gündəmə gətirilməsi olacaq. Yəni ona görə, baş örtüyü Allahın əmri deyil, qadın üçün vacib sayılmır.

Bildiyimiz kimi Adnan Oktar daim sosial və elektron mediada sarışın “kedicikləri” ilə çəkdirdiyi foto və videolarla gündəmə gəlir. Bu mövzudakı tərcümələri ilə də, o, özünə haqq qazandırmağa çalışacaq.

Harun Yəhya İslamda qadının döyülmə məsələsinin olmadığını da həmin tərcüməsində qeyd edəcək.

Daha sonra tərcümədə yəhudilik mövzusuna yanaşma da bir az fərqli şəkildə öz əksini tapacaq.

Xatırladaq ki, əvvəllər onun yazdığı “Sionizm” adlı kitabı var idi. Sonra həmin kitabın adını dəyişdirib “Ateist sionizm” qoydular. Bundan başqa, onun ilk yazdığı və məşhurlaşmasına səbəb olan “Yəhudilik və masonluq” kitabı da var idi. Üzərindən uzun illər keçəndən sonra Adnan Oktar açıqladı ki, həmin kitabı o deyil, ətrafındakı insanlar yazıb.

Yəni Adnan Oktar kitablarını özü oturub yazmır. Ətrafında olan bir qrup insanlar var ki, həmin şəxslər əvvəl Harun Yəhya adı ilə, daha sonra mötərizədə Adnan Oktar yazaraq, indi də Adnan Harun Yəhya imzasıyla yazılarını təqdim edirlər. Bu isə bir metoddur.

Özlərinin də saytına girib baxsaq, görərik ki, bir çox məsələləri sırf özlərinin təqdim etmək istədikləri formada mənalandıraraq Quran ayələrindən tərcümələr edir və yaxud təfsirlər verirlər. Harun Yəhya özü də ərəb dilini bilmədiyini etiraf edir. Bunu isə başqa bir hədislə əsaslandırmağa çalışır:“Mehdi gələcək və heç ərəb dilini də bilməyəcək”...

Adnan Oktarın edəcəyi tərcümənin nə dərəcədə ciddiyə alınıb alınmayacağı sual altındadır. Amma təəssüflər olsun ki, hazırda onun tərəfini tutan insanlar var və az deyil. Həmin o insanlar da məsələyə həmin prizmadan yanaşaraq, Adnan Oktarı bu şəkildə insanlara təqdim etməyə çalışacaqlar.

Adnan Oktarın həmin kitabların yazılmasında sadəcə bu formada təsiri var. Özü memarlıq və incəsənət təhsili aldığı üçün ancaq şəkillərin seçimində, kitabın vizual görünüşünün daha cəlbedici olmasında iştirak edir. Amma, o, həmin universiteti də tam bitirməyib. Yəni kitablarına yalnız görünüş aspektdən yanaşır. Və həqiqətən də onun çap etdirəcəyi kitabın görüntü olaraq digər Quran tərcümələrindən fərqli olacağı bilinir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...