Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı məşhur - "Anam evlənmək üçün atama qız axtarırdı..."

Şair Qılman İman öz atası, mərhum şair Aqil İman haqqında danışır.

– Qılman bəy, atanızla ilk dəfə nə vaxt tanış olmusunuz, yadınıza gəlirmi?

– Mən atamı itirəndə onu hələ tanımırdım. Çünki uşaq idim. 10 yaşım vardı. İllər keçdi, təxminən, 15 yaşımda atamı tanımağa başladım.

– Bəs atanız uşaq yaddaşınızda necə qalıb?

– Atamdan bərk qorxurdum. Xüsusən, dərslərimlə bağlı məslələrdə çox sərt idi. Bir dəfə hansısa fəndən 3 almışdım, buna görə mənə elə bir şillə vurdu ki, istisi hələ də üzümü yandırır. Amma mənə nisbətdə qardaşıma mülayim davranırdı. Onu daha çox əzizləyirdi, daha çox nəvaziş göstərirdi, çiynində gəzdirirdi. Rəhmətlik nənəm də deyərdi ki, uşağı çox ərköyün böyüdürsən. Bir dəfə qardaşım qaynar suya düşüb yanmışdı. Kəndin həkimi hər dəfə gəlib sarğısını dəyişəndə atam da qardaşımla bərabər ağlayırmış.

– Sizə qarşı niyə sərt idi ki?

– Sadəcə, qardaşım evimizin balacası idi. Ona görə onu daha çox istəyirdi. Həm də yenə deyirəm, atam oxumağa, elmə, təhsilə qarşı çox həssas idi. Məndən böyük əmim uşaqları vardı ki, onlara da qəddar olub, dərslərini oxumadığına görə onları da döyürdü.

– Özünün ali təhsili var idi?

– Bəli... İnşaat mühəndisliyi universitetini bitirmişdi. Çox qəribədir ki, atamdan məndə iki şey qalıb. Biri onun qoxusudur. O biri isə dünyasını dəyişəndə son dəfə atamın üzündən öpmüşdüm, üzü çox soyuq idi. Mən həmişə atamı o qoxu və həmin soyuqluqla xatırlayıram.

– Necə oldu ki, dünyasını dəyişdi? Xəstəliyi vardı?

– Qəfildn oldu. Ürəyindən getdi. Kəndimizdə yuxarı məhlə deyilən yer vardı, orda iş gördüyü yerdə birdən deyib ki, kürəyim sancır. Əmim oğlu onu maşınla evə gətirib. Sonra bibim oğlunu çağırıblar, atamı həkimə aparıb. O vaxt Bərdədə çox məşhur ürək həkimi Yunus bəy varmış. O, atamdan soruşur ki, şair, xeyir ola, sən hara, bura hara? Atam da qayıdıb ki, həkim, ağrıyıram, özümü yaxşı hiss etmirəm. Bibim oğlu da yanlarında imiş. Həkim deyib ki, stulda otur, yoxlayaq. Köynəyinin iki düyməsini açıblar, üçüncünü açanda görüblər ki, atam keçindi.

– Deyirsiniz ki, atam iş görəndə halı pisləşib. Nə iş görürdü ki?

– Bizim kartof sahəmiz vardı, onu suvarırmış. Deməli, atamın kürəyindən ağrı tutan məqamda beli yerə sancır. Qırx gün o belə heç kim əl vurmadı, yerindən tərpətmədi. O vaxtlar uşaq olmuşam, yaxşı xatırlamıram. Sonralar mənə danışdılar ki, atam öləndən sonra düz qırx gün bir ağ göyərçin o belin başına qonurmuş.

– Sizcə, o göyərçin nəsə deyirdi? Nəyəsə işarə edirdi? Bunun sənin üçün mistik bir mənası varmı?

– Təbii... Yəqin ki, o göyərçin hansısa informasiya gətirir və yaxud, aparırmış. İnanıram ki, göyərçinin gəlişi elə-belə deyilmiş.

– Sizcə, hansı informasiyanı gətirirdi? Və yaxud, hansı informasiyanı aparırdı?

– Ağ göyərçin sülh rəmzidir. Bu, xeyrə yozulan haldır. Məncə, göyərçin həmin yerə ona görə baş çəkirmiş ki, görsün atamın qoyub getdiyi bu əkinlər, torpaq, yer istifadə olunurmu?

– Bəs o beli torpaqdan kim çıxartdı?

– Deyirəm axı, o zamanlar uşaq idim və bu hadisəni də mənə sonradan danışıblar. Ona görə də kimin çıxartdığını dəqiq deyə bilmərəm.

– Atanız 38 yaşında dünyasını dəyişdi. Hə?

– Bəli... Avqustun 28-də bizi rayona məktəb paltarları almağa aparmışdı. Səhəri gün isə dünyasını dəyişdi. Atamın Telman adında bir dostu vardı, saqqallı kişi idi. Çox qəribə idi, dümağ saqqalı vardı, Dədə Qorquda bənzəyirdi. Çox mülayim adam idi, tez-tez bizə xəngəl yeməyə gəlirdi. Yadıma gəlir, atamla oturub çoxlu söhbətlər edərdi, atam da ona şeirlərini oxuyardı. Hər ikisində Səməd Vurğun eşqi, heyranlığı vardı. Atmın kitablarının arasına baxanda görürdün ki, hansısa qəzetdən Səməd Vurğunla bağlı bir məqaləni kəsib saxlayır. Səməd Vurunla bağlı bizə xeyli materiallar vardı. Ən çox da Səmədin "Mən tələsmirəm" şeirini deyirdi.

– Və həmin paltarları geyinib məktəbə getdiniz...

– Hə... Uşaq idim, onun yoxluğunu dərk etmirdim.

– Bəs atanızın şair olduğunu nə vaxt bildiniz?

– 7-ci sinifdə oxuyurdum, xəlvətcə şeirlər yazırdım və şeirlərimi çap üçün Bakıya göndərirdim. Xəlvət-xəlvət çap olunurdum. Şeir yazmağım kənd arasında, məktəbdə məlum olandan sonra hamı mənə deyirdi ki, atanın da şeirlərini çap elətdir. Sonra onun şeirlərini toplamağa başladım. Atam ictimai-siyasi mövzulara həddindən çox meyl eləyirdi. 1993-cü ildə Kəlbəcərdə, Ağdərədə könüllü döyüşlərdə olub. Onun döyüşdən evə-gəlib getdiyini xatırlayıram. Kəndə şəhid gətirirdilər, ordan evə dəyirdi.

Bir dəfə mart ayı idi. 10-12 əsgər, bir də atam gəldilər. Anam əsgərlərə xəngəl bişirdi. Özləri ilə bankada çaxır da gətirmişdilər. Əsgərlər çaxırı içdilər. Cəmi iksinin silahı vardı. Atamın silahı da yadımdadır. Çox vaxtı əmim qızı atamın silahını açıb təmziləyərdi.

– Maddi imkanı necə idi?

– Atam çətinliklə yaşayıb, çətinliklə də oxuyub. Təsəvvür edin, 8 yaşında atasını itirib. Mənim babam da şair olub. Əmilərim də şairdir. Bizdə şeir yazmaq genetikdir. 8-ci sinifə qədər Göyçədə oxuyub. Çox vaxt dərsdən qaçırmış. O vaxt müəllimlər böyük əmim Şiruyəyə şikayət edirlərmiş ki, İman dərsə girmir, amma fəasətli uşaqdır, üstündə duran olsa oxuyar. Şiruyə əmim sonra atamı Bərdəyə gətirir, özü hazırlaşdırır və İnşaat Mühəndisləri universitetinə qəbul olur. Atamın institut həyatı da çox çətin olur. Bir ana ümidinə oxuyur. Atamın böyük qardaşları ögeydir. Atam qumar oynamaqla dolanırdı. Qumarda əli yaxşı gətirirmiş. Pulunu da qumar oynamaqla qazanarmış, evə çox əziyyət verməzmiş.

Atam tələbə yoldaşları ilə birlikdə Leninqrada praktikaya gediblərmiş. Orda başlayırlar qumar oynamağa. Atam hamısını udur. Mənim əmim oğlu həm atamla eyni yaşıddır, həm də bir qrupda oxuyublar. O danışır ki, atam onların pulunu qaytarır.

– Ailə həyatı qurandan sonra da qumar oynamaq vərdişinə davam eləyib?

– Hə... Dostları, qohumlarımız vardı ki, onlarla tez-tez qumar oyanyırdı. Ümumiyyətlə, o vaxt hamı qumar oyanyırdı. Atam qumarda QAZ–24 maşın udub. Amma sonra açarı qaytarıb özünə verib. Atam çox romantik bir adam olub. Hind filmlərini çox sevərmiş. Bir gündə 4-5 dəfə hind filminə baxırmış.

– Atanızın şeirlərini toplayıb bir kitab çıxartmısınız. Bunu bir oğul kimi özünüzə borc bildiniz, yoxsa sizcə, onun şeirləri doğrudanmı yaşamağa layiqdir?

– Əvvəla, qohumlarımız tez-tez mənə deyirdi ki, atanın kitabını çıxartdır. Həm də bir oğul kimi özümə mənəvi borc bildim. Əslində, mən özümü atamın oğlu hesab eləmirəm. Elə bilirəm atam mənim böyük qardaşımdır. Təəssüf ki, onu çox tez itirdim. Ondan atalıq qayğısı görmədim. Görəcəklərim sonralar olacaqdı, da qismət olmadı...

– Atanızın yaşından qorxursunuz? Məsələn, fikirləşirsiniz ki, Allah eləməsin, birdən mən də o yaşdan ölərəm?

– Düzü, heç vaxt bu barədə düşünməmişəm...

– Qılman bəy, atanız dünyasını dəyişəndən sonra həyat necə davam elədi? Necə dolandınız?

– Atam Bərdədə beton zavodda mühəndis işləyirdi. Maaşla dolanan adam idi. Əmilərimin də köməkliyi ilə özünə iki otaq bir ev qurmuşdu. Tamadalıq da eləyərdi. O zaman Şiruyə əmim də tamadalıq edirdi. Elə olurdu ki, iki toyu olurdu. Birinə gedə bilməyəndə əvəzində atamı göndərirdi. Sonralar atam Moskvaya gedib-gəldi, alver elədi. Çox şey eləyə bilərdi, qismət olmadı. Bir ara Bakıya köçəmək istədi, o fikrindən də daşındı. Atam dünyasını dəyişəndən sonra ana babam, dayılarım köməkliyi ilə 1998-ci Bakıdan ev aldıq. Anam çox zəhmətkeş, işgüzar, qoçaq bir qadındır. Atam dünyasını dəyişəndən sonra bizi anam saxladı.

– Atanız Aqil İmanın bir kitabını çap etdirmisiniz. Kitaba ön sözü də Əsəd Cahangir yazıb. Bəs onun şair kimi daha geniş ərazilərdə tanınması üçün nəsə düşünürsünüz?

– Əslində, atam bunu istəməzdi. İstəsəydi, özü-özünü tanıdardı. Və bu yolda heç kim onun qarşısını kəsə bilməzdi. Atam reagionda yaşamasına baxmayaraq, tələbə vaxtı Asif Atanın yanına gedib-gəlirmiş. Bizim evdə Asif Atanın öz avtoqrafı ilə atama bağışladığı kitab da var. Atam əyalət şairi deyildi. Ədəbi təfəkkürü, yetərincə müasir düşüncəsi olan bir adam idi. Yaxşı mütaliə edirmiş. Şeiri kor-koranə şəkildə yazmırdı, düşünüb qələmə alırdı. Bütün bunlara baxmayaraq, o, özünü şair kimi tanıtmaq istəmirdi. Çünki iddiasız adam idi. Demirdi ki, mən şairəm. Sadəcə, şeir yazırdı.

– Qılman bəy, atanızın şeirlərini oxumuşuq. Bu tip şeirlər müəllifini adətən, el şairi kimi təqdim edirlər. Onun bu təqdimatı ilə razısınızmı?

– Ədəbiyyata el şairi, xalq şairi kimi yanaşmalar bizə sovetdanqalma bir mirasdır. Bunu doğru yanaşma hesab etmirəm. Xalq şairləri var ki, bircə misarasını belə əzbər bilən yoxdur. Amma Aşıq Ələsgər, Abbas Tufarqanlının şeirləri dillər əzbəridir. Bunlara el şairi demək olarmı? Halbuki, toylara da gediblər...

– Bir şair kimi özünü atanın davamçısı hesab edirsiniz?

– Ruhən hə, amma mahiyyətcə yox. İndi fikirləşirəm ki, şeirdə atamla məni ayrı-ayrı şeylər düşündürür. Bayaq da dedim, atam Səməd Vurğunu qeyri-adi dərəcədə çox sevib. Həmçinin Bəxtiyar Vahabzadənin "Atılmışlar" poemasını əzbər deyirdi. Eyni zamanda Aşıq Ələsgərin, Hüseyn Arifin də vurğunu idi. Atam milli təfəkkürlü adamları sevirdi. Yadıma gəlir, mən heç məktəbə getmirdim, amma Sabir Rüstəmxanlının adını atamdan o qədər eşitmişdim ki, artıq qiyabi də olsa onu tanıyırdım. Hətta atam Sabir Rüstəmxanlıya şeir də həsr edib.

– Sizcə, atanız sağ olsaydı, yaradıcı ata-oğul olaraq yola gedərdinizmi?

– Çox güman ki, dost olardıq. Həmişə arzu edirdim ki, kaş atam sağ olaydı, oturub dərdləşəydim, söhbət edəydim, hətta mübahisə edəydim. Arzusunda olduğum bu şeyləri ancaq Şiruyə əmimlə edirdim. Sonralar əmim də dünyasını dəyişdi.

– Maraqlıdır, içinizdə atanız üçün göz yaşı qalıbmı? Yoxsa hamısını ağlayıb qurtarmısınız?

– Qəribədir, atamın videolarına baxıram, mənə çox adi gəlir. Mən atamın ili çıxana qədər daha çox ağlamışam. Heç kimə o günləri görməyi arzu etmirəm, atamın hüzürü çox ağır keçib. Qırx gün bizim evimizdə ağlaşma səsi kəsilmədi. Atamın anası – biz ona ana deyirdik – o qədər abırlı qadındır ki, oğlunun yasında dil deyib ağlamadı. Hətta hüzüründə deyirmişlər ki, bu ana niyə dil deyib ağlamır? Eyni zamanda ondan söz almaq, onunla danışmaq da müşkül məsələ idi. Çox danışan adam deyildi. Mən dərsdən gələndə isə görürdüm ki, evdə heç kəs yoxdur, amma anam elə nalə çəkib ağlayırdı ki...

– Atanızla ananız bir-birini sevib evləniblər?

– Atamın bir sevgi macərası da olub. Bu sevgi daha çox qız tərəfdən imiş. Amma nəsə alınmayıb. Sonradan gedib kəndimizə ki, görsün, kim var, kimin qızı ilə ailə həyatı qurmaq olar? Anam atamın dayısı qızıdır və evlənməyi üçün atama kömək edirmiş. Düşübmüş atamın yanına ki, filankəsin yaxşı qızı var, ona bax, filan qız var, onu gör və s. Məsləhətli qız tapmayıb. Axırda birdən ayılıb ki, elə öz dayısı qızını – anamı alsın. Beləcə evləniblər...

– Sonuncu dəfə atanızın məzarını nə vaxt ziyarət etmisiniz?

– Üç ay bundan qabaq. Hər kəndə gedəndə hökmən qəbristanlığa baş çəkirəm, atamın, əmilərimin qəbrini ziyarət edirəm. Qəbristanlıqda bəzi baş daşları var, atam onlara şeir yazıb. Gedib o şeirləri baş daşlarından oxuyuram.
Azərbaycanlı məşhur: "Anam evlənmək üçün atama qız axtarırdı..."Azərbaycanlı məşhur: "Anam evlənmək üçün atama qız axtarırdı..."

 teleqraf.com

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...