Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

40 yaş böhranının qurbanı olan məşhurlarımız - FOTOLAR

Tibbdə, psixologiyada orta yaş krizisi (böhranı) adlanan bir anlayış var. Orta yaş dedikdə, məhz 40 yaş nəzərdə tutulur. Ümumiyyətlə, insan doğulduğu andan ölənədək müxtəlif yaş krizislərindən keçməli olur.

A24.az-a istinadla xəbərinə görə, mütəxəssislər bildirirlər ki, kişilər 30-50 yaş aralarında ölümə bir addım daha yaxın olurlar. 35-45 yaşlar arasında olan kişilərdə somatik xəstəliklər inkişaf edir. Ürəkdə problemlər, qan təzyiqinin artması, seksual fəallığın azalması üst-üstə yığılaraq aktiv həyatın sonunun çatması barədə narahatlıq, problemlər yaradır. Nəticədə özləri də hiss etmədən depressiyaya düşür, ölümə doğru addım atırlar.

35-55 yaşlı kişilər həyat yoldaşlarından emosional cəhətdən daha çox asılıdırlar. Bu səbəbdən ailədəki ən xırda problemə qarşı dözümsüzdürlər. Həyat yoldaşı ilə mübahisə və boşanma, yaxınların, dostların ölümü, ciddi xəstəliyin yaranması onlar üçün çəkilməz dərdə çevrilir. Yaxınların mənəvi dəstəyinin azalması, şəxsi həyatdakı ciddi problemlər isə əsas səbəblərdəndir. Kişilər təbiətən hisslərini, həyəcanlarını gizlətməyə meyllidirlər. Aylarla, illərlə ürəklərində ağır dərd daşıyır, sonra da gözlənilmədən ya intihar edir, ya vəfat edir, ya da ağır xəstəliyə mübtəla olurlar.

Dünən hər kəsin “ANS”-çi tanıdığı telejurnalist Natiq Qədimovun vaxtsız ölümü 40 yaş böhranını və bu böhranı keçə bilməyən məşhurlarımızı bir daha xatırlatdı.
Qeyd edək ki, keçmiş “ANS” və “APA TV”-də çalışmış Natiq Qədimov 2 iyul 1976-cı ildə Bakı şəhərində anadan olmuşdu. Bu yaxınlarda ikinci dəfə ata olacaq N.Qədimov dünən gecə 41 yaşında ürək tutmasından dünyasını dəyişib. Həmkarlarından birinin dediyinə görə, Natiq işdən çıxıb evə gələndə valideynlərinə, qardaşına zəng edərək qonaq çağırıb. Doğmaları ilə son dəfə görüşən jurnalist onların gözü qarşısında, qəfildən, elə süfrə başındaca dünyasını dəyişib.

Ötən il sıralarımızı çox tez tərk edən jurnalist İlqar Qulusoy da Natiq Qədimovla eyni taleni yaşayıb.

İ.Qulusoy N.Qədimov kimi süfrə başında olmasa da, çox erkən yaşda, eynən ürək tutmasından vəfat edib. Dostları ilə “Azərbaycan” nəşriyyatının həyətindəki meydançada futbol oynayarkən qəfil yıxılıb. Lider TV-nin tanınmış əməkdaşı olan İlqar 10 Iyul 2016-cı ildə, 36 yaşında həm əzizlərini, həm də 2 azyaşlı övladını gözüyaşlı qoyaraq bu dünyayla əbədi vidalaşıb.

Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı, Azərbaycan Respublikası Milli Məclisinin 3 çağırış deputatı olmuş Anar Məmmədxanlının qəfil ölüm xəbərini eşidəndə çoxları inanmamışdı.

Təəssüflər olsun ki, 1970-ci ilin 20 iyulunda Bakıda anadan olan Anar Camal oğlu Məmmədxanov 2011-ci ilin 23 aprelində, 40 yaşında ürək tutmasından vəfat etmişdi.

Özünəməxsus səs temri, ifa tərzi ilə seçilən və sevilən müğənni Rüfət Mehdiyev də 40 yaş təhlükəsini keçə bilməyən məşhurlardan olub.

Əcəl tanınmış müğənninin də başının üstünü erkən kəsdirib. 7 iyul 1969-cu ildə Bakıda anadan olan ifaçı 1 fevral 2011-ci il tarixində, 41 yaşında insultdan dünyasını dəyişib.

Dövrünün kifayət qədər tanınan və sevilən müğənnisi Elçin Cəlilov da sevənlərini vaxtsız gözüyaşlı qoyub.

17 iyul 1968-ci anadan olan ifaçı Elçin Cəlilovun cəsədi 10 may 2005-ci ildə tək yaşadığı mənzildə tapılıb. 37 yaşında vəfat edən müğənninin ölümünə səbəb kimi narkotikdən istifadə etməsi göstərilsə də, şəxsi həyatında qarşılaşdığı problemlər onun da 40 yaş böhranına qurban getdiyini deməyə əsas verir.

Uşaqlıqdan “Ələkbər əmi” kimi tanıyıb sevdiyimiz aktyor Ələkbər Hüseynov da 50 yaşına çatmadan vəfat edən məşhurlardan olub.

Azərbaycanın Əməkdar artisti, Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru, Dövlət Televiziyasında uşaq verilişlərinin aparıcısı olmuş sevilən aktyor 46 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib. 2 avqust 2007-ci ildə dünyasını dəyişən Ə.Hüseynov 1961-ci ildə Bakıda anadan olmuşdu.

“Fəryad” filmində yaratdığı obrazla bir daha erməni vəhşiliyini dünyaya car çəkməyi bacaran aktyor Ceyhun Mirzəyev də həyatla vaxtsız vidalaşıb.

C.Mirzəyevin hələ uşaq yaşlarından çəkildiyi “Ögey ana” filmindəki İsmayıl obrazı ilə parlamış ulduzu əfsuslar olsun ki, çox tez sönüb. 9 aprel 1946-cı ildə Ağdamın Gülablı kəndində dünyaya gəlmiş aktyor 5 mart 1993-cü ildə, 46 yaşında ürək tutmasından vəfat edib. Qeyd edək ki, C.Mirzəyevə son çəkildiyi “Fəryad” filminə baxmaq belə qismət olmayıb.

Ulduzu nakam sönən məşhur aktyorlardan biri də son illərdə yaratdığı “Məzi” obrazı ilə daha çox sevilən Əməkdar artist Elçin Həmidov olub.

Sevilən aktyor 40 yaş krizini keçməyi bacarsa da 52-dən o yana keçə bilməyib. 29 iyun 1958-cu ildə dünyaya gələn aktyor 4 mart 2011-ci ildə tək yaşadığı evdə vəfat edib. E.Həmidovun vaxtsız ölümünə səbəb kimi irsi amil, ürək-damar xəstəliklərinə genetik meyllilik göstərilib. Belə ki, aktyorun valideynləri də heç 50 yaşa qədər yaşamayıb, bir qardaşı 34, digəri 54, bacısı isə 42 yaşında dünyasını dəyişib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...