Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xalq artisti həmkarının müdafiəsinə qalxdı - "Canəli Əkbərov təklənməyib, sadəcə olaraq düz söz heç kimin xoşuna gəlmir" - FOTO

Xalq artisti Mələkxanım Əyyubovanın Milli.Az-a müsahibəsi.

- Mələkxanım Əyyubova keçmişə dönüb baxanda hansı illərə təəssüflənir?

- Ümumiyyətlə, illər keçdikcə həmişə məndə xoş xatirələr və kimlərəsə minnətdarlıq hissi olur. Mən heç vaxt keçmişə baxanda təəssüflənmirəm, peşmanlıq hissi keçirmirəm. Buna görə özümü xoşbəxt sənətkar da hesab edə bilərəm. Uşaqlıqdan mən valideynlərimdən uzaq düşüb Bakıda bibimlə yaşadım. O vaxtkı illər üçün mən lazımi səviyyədə sənətçilərdən, musiqiçilərdən bəhrələndim. İlk təhsilimi evdə atamdan almışam. Atamdan başqa evdə bacılarım və qardaşlarım da ifa edirdi, onlardan ilhamlanırdım.

- Sənətlə bərabər imiciniz də o zamanlar çox danışıldı. Deyirlər özünəqulluq insanda vərdiş olmalıdır.

- Mən artıq uşaqlıqdan müəyyən edirdim ki, sənətə gedəcəyəm və səhnədə baxımlı və gözəl olmalıyam. Uşaqlıqdan mən salonlara gedirdim, çünki artıq 7-ci sinifdə oxuyanda Əfsər Cavanşirovun "Bənövşə" uşaq xorunda çıxış edib, efirə çıxırdım. İstər-istəməz baxımlı olmalı idim. Biz həmin ansambılda çıxış edərkən adımız və soyadımız deyilmirdi. Yalnız mənim simamı tanıyırdılar. O vaxtlar məni hansısa məclisə dəvət edəndə deyirdilər ki, alagöz, sarışın qız. Çünki səhnədə yaşıdlarım arasında alagöz, sarışın qız yox idi. Daha sonralar isə ad və soyadımla tanındım. Mən bundan sonra heç vaxt soyadımı dəyişmədim.

- Adətən qadın ailə həyatı qurarkən həyat yoldaşının soyadını götürür. Həyat yoldaşınız soyadınızı dəyişməyinizi tələb etmədi?

- Xeyr, ailə həyatı qurarkən yoldaşım bu seçimi mənə buraxdı. Mənə dedi ki, necə istəyirsən, elə də et. Fikirləşdim ki, məni bu soyadla tanıyırlar, qoy elə belə də qalsın. Sağ olsun həyat yoldaşımın ailəsi də bunu anlayışla qəbul etdi.

- Qayınananızla yaxın rəfiqə olduğunuzu bilirəm. Bəs gəlininiz necə, sizinlə rəfiqə ola bilib?

- Mən ailədən necə görüb-götürmüşəmsə elə də yoluma davam edirəm. Bu xasiyyətim bürcümdən də irəli gəlir. Gəlinimi qızım kimi çox istəyirəm, o da həmçinin məni.

- İllərdir səhnədə və gündəmdəsiz. Amma bugünkü gündə qalmaqalla gündəmdə qalmağa da əl atanlar kifayət qədərdir. Qalmaqalsız tanınmaq və sevilmək mümkün deyil ki?

- Əgər bir insanın ailəsi, sənəti, sevənləri varsa, o, niyə qalmaqalla gündəmdə qalmalıdır ki? Mənim bu işlərdən başım ayılmır ki, qalmaqallara, atılan daşlara cavab verim. Mən şəxsiyyətimlə, sənətimlə, insanlığımla ucalmaq istəyirəm. Mənim qalmaqalla gündəmdə qalmağa ehtiyacım yoxdur. Həmişə çalışmışam ki, haqqımda xoş danışsınlar. İllərdir qazandıqlarımın hamısını bir ucuz qalmaqalla yerə vura bilmərəm! Sənətləri yoxdursa, qalmaqalla gündəmdə qalmaqları da normaldır. Onlara tövsiyə edirəm ki, ondansa heç sənətə gəlməsinlər.

- Aylar öncə xalq artisti Canəli Əkbərov həmkarlarınız tərəfindən təklənəndə siz həmişə yanında olub, onu müdafiə etdiniz.

- Canəli Əkbərov bizim ustad sənətkarımızdır. Mən onu özümə ustad hesab edirəm. Düzdü, mən muğam təhsilimi Qulu Əsgərovdan almışam, amma klassik muğamlarımızın bərpasında Canəli müəllimlə də işləmişəm. Canəli müəllim heç vaxt təklənməyib. Sözün düzünü deyəndə heç kimin xoşuna gəlmir. Amma sözü də gərək elə deyəsən ki, sərt olmasın. O ustaddır, böyüklüyünə arxalanıb danışıb. Valideynin ixtiyarı yoxdur ki, onu dünyaya gətirib, yetişdirdiyi övladı tənbeh etsin? Övlad valideynin üzünə ağ olanda istər-istəməz valideyn də əsəbləşir. Onun dediklərini qlobal problemə çevirmək lazım deyil. Buna valideyn "püskürməsi" demək olar. Ustadına kəm baxanın, gözlərinə qan damar. Canəli müəllimi qınamaq olmaz!

- İllər öncə bir müsahibənizdə xanəndələrin şalvarla muğam oxumalarını da tənqid etmişdiniz. Amma Aygün Bəylər muğamı həmişə cins şalvarla oxuyur. Bu sözünüz ona da aiddir?

- Bəli, mən yenə də öz fikrimdəyəm. Ümumiyyətlə, hər kəs, hər yerdə danışığını, geyimini bilsə, çox yaxşı olar. Mən idmana durub səhnə geyimində gedə bilmərəm. Muğam oxuyanda isə idman geyimində səhnəyə çıxa bilmərəm. Nə ehtiyac duyulur ki, şalvarla muğam oxuyasan? Bu sözüm Aygün Bəylərə aid deyil, təkcə o istisnadır. Çünki biz onu həmişə elə görüb, qəbul etmişik. Bu sözümdən kim inciyirsə, incisin, amma mən yenə də öz fikrimdəyəm.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...