Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tanınmış aktrisa - "Bilmədim ki, xəstəliyimin dərdini çəkim, yoxsa rəhmətə gedən oğlumun" - FOTO

O Azərbaycanın ən gözəl aktrisası, canını sənətinə fəda etmiş xalqın artistidir. Həyatının ən gözəl çağında amansız xəstəliklə mübarizəyə qoşuldu. O bunu da özünə dərd etmədi. Bu xəstəliyi də Allahın bir lütfü, bir məsləhəti kimi qəbul etdi. Hər şeyə rəğmən gülümsədi. Gözləri yaşla dolsa belə... Onu tanıyanlar haqqında bir söz dedi: "Güclü qadın, mərd ana". Bəlkə də elə daxilindəki möhkəmlik, mərdlik idi rollarına sirayət edən. Zaman-zaman tamaşaçılarını həm güldürdü, həm də göz yaşlarına qərq etdi. Bəli, bütün bunları həm səhnədə, həm də həyatda yaşayan aktrisa Kübra Əliyeva idi. Uzun müddətdir müsahibə verməkdən boyun qaçıran aktrisa söhbət əsnasında bu imtinanın da səbəbini açıqlamağa başlayır. Aktrisa elə bu haqda danışmaqla söhbətə başlayır.

"Məni tanıyanlar bilir ki, tez-tez müsahibə verməklə aram yoxdur. Həm də nə gizlədim, incimişəm" deyəndə elə bunun səbəbini soruşurmuş kimi söhbəti başqa məcraya yönəldirəm. Görürəm yox, aktrisa bu haqda danışmaqda israrlıdır. Bu zaman sual verirəm..

- Kübra xanım, incikliyiniz kimdəndir?

- Bilirsiniz, oğlum, sizin xətriniz mənə çox əzizdir. Həmişə məndən yazmısınız, pozmusunuz. Heç bir dəfə də olsa sizdən inciməmişəm. Müsahibə istəyəndə də danışıb görüşürük, görüşə bilməyəndə isə müasir vasitələrdən istifadə edib gözəl yazı hazırlayırsınız. Adını çəkmək istəmədiyim bir jurnalist yazmışdı ki, Kübra xanım Azərbaycanı birdəfəlik tərk edir. Bu cür xəbərlər məndən çox yaxınlarıma pis təsir edir. Ona görə heç bir sayta və televiziyaya müsahibə vermirəm. Verdiyim müsahibəni təhrif olunmuş variantda yayımlayırlar. İnsan da vətənini tərk edər? Biz axı şou adamı deyilik ki, bizdən şou yaratsınlar! Mən sadəcə Bodrumda qızıma yaxın yerdə ev almışam. Ora gedib gəlirəm. Həm də müalicə və müayinə olunuram. Bakıda hər yerə maşınla gedib gəlirəm. Orada isə piyada gəzmək imkanım olur.

- Hal-hazırda özünüzü necə hiss edirsiniz?

- Allaha min şükür, yaxşıyam. Uzun müddətdir ki, efirlərə çıxa bilmirəm. Bir sözlə tamaşaçıların qarşısında günahkaram desəm, daha doğru olar. Mən bilirəm ki, tamaşaçılarım məni çox sevir. Çünki mən ömrümün 42 ilini onlara həsr etmişəm. Mənim tamaşaçılarım da artıq mənim kimi yaşlaşıblar. Ümumiyyətlə sənətdə sözünü demiş ustad sənətkarlar çox az qalıb, çoxu da dünyasını dəyişib. Allah hamısına qəni-qəni rəhmət etsin. Onlar heç vaxt xalqın yaddaşından silinməyəcək, çünki nədə olsa bizim qızıl fondumuzda onların bizə qoyub getdiyi böyük bir miras var.

- Kübra xanım siz danışırsınız, mən sizi heyranlıqla dinləyirəm. O səs, amiranəlik öz yerində qalıb. Gərək heç sənətdən də getməzdiniz..

- Vallah, səs qalıb, amma ayağımı yerə vuranda hamı deyirdi ki, "Kübra gəlir" bax o qalmayıb (gülür). İndi ayağımı yavaş-yavaş atıb, addımlayıram. Baxdım sağıma, soluma gördüm ki, heç kəs yoxdur! Kimlə tamaşa oynayardım? Mənim həmkarlarım çoxdan dünyasını dəyişib. Mənə nə sevinmək, nə də ağlamaq olmaz. Bir sözlə həyəcanlana bilmərəm. Özümü bu həyəcandan birdəfəlik qorumaq üçün teatrı tərk etdim. İnsan gərək vaxtında sənətdən getsin.

- Zarafat deyil, 42 il sərasər sevdiyiniz sənətin fədaisi oldunuz. Bu illər ərzində heç bezib-usanmadınız?

- Əlbəttə, sevdiyim sənətin fədəkarı olmaq xoşbəxtlikdir. Sevdiyim sənətin uğrunda fəda nədir ki, həyatımı qurban versəm, belə yenə də azdır. Mən 4-cü sinifdən etibarən teatr sənətini sevmişəm. Bu günkü gündə bizim gənc aktrisalar kitab oxumur. Hər zamanın öz hökmü var, indi hər şeyi internet həll edir. Amma o vaxt yorğanın altında da fanarla kitab oxuyurdum. Küçədə kompleksim yox idi, teatr səhnəcikləri göstərirdim. Həm oğlan rollarını oynayırdım, həm də qız. Roman oxuyurdum, romanı səhnələşdirib oynayırdım. Bu teatra sevgi demək idi. Bu eşqi mən 42 il yaşamışam, mən "bəxtəvərəm" desəm, yenə də azdır.

- Bizim sənətçilər vaxtından əvvəl sənəti tərk edir. Amma digər ölkələrdə belə deyil. Məsələn, Sofi Lorenin 90 yaşı olsa da, hələ də sənətdədir.

- Bəli, aktrisa gərək səhnədə ölsün. Siz bilirsiniz ki, mən çox çətin günlər keçirdim, qəbul etdiyim saysız-hesabsız "ximyalar", radioterapiyalar mənim axırıma çıxdı. Mən bunlardan üst-üstə hardasa 40 dəfə qəbul etdim. Bu da bədəndə qanı məhv edir, insanı yorğun salır. İndi özümü qoruyuram, çünki 42 il tamaşaçılarım üçün oynadımsa, bu gün evdəki nəvə, nəticələrim üçün də yaşamalıyam. Onlarla evdə tamaşalara kimi oynayıram. Nəvələrimdə də bu istedadı görürəm. İnşallah ki, istədikləri peşəni seçərlər.

- Belə başa düşdüm ki, onlara bu sənəti seçməkdə mane olmayacaqsınız. Adətən sənətçilər istəmir yaxınları bu sənətlə məşğul olsunlar.

- Hər şey qismətdir. Hansı sənəti sevirlərsə, onun dalınca da getsinlər. Zamanında mənə o qədər təsirlər olub ki. Deyirdilər ki, Kübra teatrda işləyəcək? Elə bilirdim ki, nəsə bir namussuz iş görmüşəm. Amma sonralar yaxınlarım, ailəm mənimlə fəxr etdi. Kim bilərdi ki, Kübra xanım xalq tərəfindən bu qədər seviləcək? Mən bu sözləri başımı uca tutub deyirəm. İndi açıq meydandır, hər kəs sosial şəbəkədə nə istəyir, onu da yazır. Mənim dərdli günümdə də xalqım həmişə arxamda oldu! Heç bir kəs mənim qəlbimə toxunacaq bir şey yazmadı. Bu mənim xalqımın içində baş ucalığımdır, onlarla bir yerdə olmağımdır.

- Xəstə olarkən bir övlad acısı da yaşadınız. Sanki öz dərdiniz yadınızdan çıxdı, onun dünyadan zamansız gedişinə ah-nalə çəkdiniz.

- Allah bütün anaların balasını bəxtəvər etsin. Analar, balalarınızdan yarıyasınız, üzünüz gülsün! Ayaz oğlum hər gün məni xəbər alır. Nə lazımdırsa alıb-gətirir, mənim qayğıma qalır. Hamı bilir ki, mən övladlarımın üstündə çox əziyyət çəkmişəm. Elə rəhmətə gedən övladımın üstün də də. Analar oğul çiynində gedər, oğul ananın çiynində yox. Allah ona rəhmət etsin. Siz də bu çətin günlərimdə yanımda oldunuz. Hər şeyi özünüz gördünüz, özünüz şahidi oldunuz. Bilmədim öz dərdimi çəkim, yoxsa dünyasını dəyişən övladıma fəryad edim (kövrəlir). Yenə də birtəhər özümü toparladım, özümdə güc tapdım. Ondan mənə Ağəli adlı oğlu yadigar qalıb. Məni bir bilsəniz nə qədər çox istəyir. Allah onun toyunu görməyi mənə qismət etsin.

- Sizin dövr aktrisaların çəkdiyi əzab-əziyyət xalqın gözü qarşısında olub. Amma indiki aktrisalar sənətdə hər şeyi tez əldə etmək istəyirlər. Həm şöhrəti, həm var-dövləti, həm də...

- Çox düzgün qeyd etdiniz. Biz 40 günlərlə qastrol səfərlərində olurduq. Manatı manatın üstünə qoyub yemək hazırlayırdıq. İndi sənətə gəlirlər, səhəri gün artıq bir bahalı avtomobildə otururlar. Amma Kübra xanım maşın almaq üçün 1980-ci ildən pul toplamağa başladı, 1985-ci ildə bu maşını aldım. Biz sənətə bu cür gəlmişik. Trolleybusla da getmişik, avtobusla da. Mən indiki sənətçilərə də halallıq verirəm, bir söz demirəm. Sadəcə olaraq dövr dəyişib.

- Teatra gedirsinizmi?

- Desəm ki, müntəzəm olaraq gedirəm, yalan olar. Hansısa sənətkar dostlarımızın anım günündə dəvət edəndə onlar haqqında ürək sözlərimi gedib deyirəm. Amma belə getmirəm. Teatra kaş ki, tamaşaçı çox gələrdi. Mən Musiqili Teatrda işləyəndə yadımdadır ki, bizim ara işçilər bileti alıb tamaşaçılara satırdılar. Çünki teatrda bilet tapmaq olmurdu. Bütün tamaşalarımız anşlaqla keçirdi. Bu gün bunlar  unudulub, amma çox nahaq yerə. Teatra gedib insanın canlı nəfəsini duymaq lazımdır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...