Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Mənim evim onun üçün otel-zaddır? Əgər xəyanət etsə..." - Ərindən nələr dedi nələr

Tanınmış cütlük teleaparıcı İlqar Mikayıloğlu və Zülfiyyə Bayramova ilə tədbirlərin birində rastlaşdıq. Bir-birini tək qoymayan cütlük fotokameramıza poz verdi.

Z. Bayramovanın yenicag.az-a müsahibəsini təqdim edirik.

– Tədbirlərə həmişə qoşa gəlirsiniz. Qorxursan İlqarı kimsə əlindən alar?

– Sadəcə olaraq, biz həm dostuq, həm də ər-arvad. Bir-birimizi sevirik və ayrı qala bilmirik.

– Azərbaycanda daha çox qadınlar ərlərini itirməkdən qorxur. Bu məsələdə kişilər qadınlar qədər narahatlıq hissi keçirtmir. Səncə, niyə?

– Bu, özgüvənə bağlı hissdir. Qadının özgüvən hissi güclü olsa və bilsə ki, ondan yoxdur, kişi heç vaxt o qadını atıb getməyəcək. Qadın özündə zəif nöqtəni biləndə qorxur ki, kişisi ondan üstün qadını tapar və onu tərk edər.

– Bu məsələdə gözəllik qadının dadına çatır?

– Yox, qətiyyən. Mən heç də gözəl deyiləm. Həyatda qat-qat məndən gözəl qadınlar var, amma nolsun, İlqar məhz məni seçib.

– Səncə, hansı xüsusiyyətinlə İlqarı özünə aşiq etmisən?

-Öz ayağım üstə durmağı bacarmağıma görə… Zövqlərimiz, həyata baxışımız üst-üstə düşür, dost olmağı bacarırıq. Bunlar bizi daha da bir-birimizə bağlayır.

– Evdə mübahisələriniz ən çox nəyin üstündə düşür?

– Hər ikimiz aparıcıyıq. Fərqimiz bundadır ki, o, peşəkar televiziyaçıdır, mən isə hüquqşünas. Televiziya sahəsi ilə bağlı mübahisələrimiz düşür. Fikirlərimiz üst-üstə düşməyəndə mübahisə edirik. Sonda mən təslim oluram. Çünki bilirəm ki, peşəkar olaraq, İlqar haqlıdır.

– Elə bir xüsusiyyəti varmı ki, qadın olaraq onu ram edə bilməmisən?

– Var. Çox yatır, yuxudan oyada bilmirəm.

– Yemək üstə dava salan kişilərdəndir?

-Yox. Bəzən ikimiz də işdən eyni vaxtda gəlirik, yeməyi bərabər hazırlayırıq.

– Hansınız daha qısqancsınız?

– Heç birimiz.

– Sevgi olan yerdə qısqanclıq da olur axı… Bəlkə etiraf edəsən?

- İçdə olur yəqin, amma büruzə vermirik. Deyim ki, bu qısqanclıq aşırı dərəcədə də deyil. Biz bir-birimizə qısqanclıq üçün əsas vermirik.

– İlqarı hansı qadınlara qısqanırsan?

– Özümdən güclü qadınlara. Amma o da hələ yoxdur.

– Geyimlərinə müdaxilə edirmi?

– Mən heç vaxt açıq-saçıq geyimlər geyinmirəm. İcazə verilib-verilməməsindən asılı olmayaraq, qadının əxlaq kodeksi olmalıdır. Bunun üçün ərin qadağası lazım deyil. Mən bu həddi gözlədiyimə görə, belə söz-söhbətlər yaranmır.

– Nəyi İlqara bağışlamazsan?

– Xəyanətdən başqa hər şeyi bağışlayaram. Çünki insan səhv edə bilər. Nə mən ona xəyanət etmərəm, nə də heç vaxt icazə vermərəm ki, mənə xəyanət etsin.

– Onsuz da kişi xəyanət edəndə gəlib xanımına acıqlama vermir. Belə şeylər gizlin baş verir.

– Yox, bu barədə şərtimiz olub. Bilir ki, mənə xəyanət etsə, bu, ayrılıqla nəticələnə bilər. Ancaq biz bir-birimizi tamamlayırıq, xəyanətə ehtiyac yoxdur.

– Amma bəzi qadınlar kişinin xəyanətinə normal baxır. Deyir ki, əşşi kişidir də, hara getsə də, axşam evinə qayıdacaq…

– Bunu zəif qadınlar deyə bilər. Mən nəyəm bəyəm, evim onun üçün otel-zaddır?

– Yaxşı bəs İlqarın hansı xüsusiyyətini məxsusi olaraq dəyərləndirirsən?

– Çox mərd adamdır. O, sizə “dost” deyirsə, axırıncı qəpiyini də verər, evini satıb, səni dardan qurtarar.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...