Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Toppuş bacı" əsəbləşdi - "Tamaşaçı mənim evimdəki mebeli görməsə, sənətimi izləməyəcək?" - FOTO

Əməkdar artist Tünzalə Əliyevanın Milli.Az-a müsahibəsi.

- Tünzalə xanım, hal-hazırda ən baxımlı seriallardan biri olan "Qardaşlar"da çəkilirsiniz. Obrazınız Durnanın hər cümləsində zadəganlığınızdan danışırsınız. Maraqlıdır, aktrisalar zadəgan həyatı yaşaya bilirlər?

- Başqalarını deyə bilmərəm, amma mən yaşayıram. Şəxsən mən bir zadəgan kimi yaşayıram (gülür).

- Heç olubmu ki, hansısa rolu təmənnasız oynayasız?

- Teatrda?

- Fərq etməz, serialda, yaxud filmdə?

- Seriallara əgər qonaq aktrisa kimi gəlirsənsə, sən orAdan maaş almırsan, çünki qonaqsan. Amma dəfələrlə çıxış edirsənsə, sən mütləq şəkildə qonorar almalısan. Bir aktrisa kimi mənim, hələ ki, seriallarda haqqım yeyilməyib.

- Deməli, "Qardaşlar" serialından razısız?

- Biri var seriala çəkilmək xətrinə setə gələsən, biri də var istirahət etməyə. Mən "Qardaşlar" serialına istirahət etməyə görə gəlirəm. Burada aktyorlara çox gözəl münasibət var.

- Heç olubmu aktrisalığı seçdiyiniz üçün peşman olasınız?

- Xeyr, belə hal olmayıb. Bu sənət mənə hər şeyi verib.

- Hardan başlamısız?

- Əvvəllər Gəncədə bir klub var idi, içində dərzilik, aktrisa kursları var idi. Tanınmış simalardan bir çoxları o klubdan üzə çıxıb. Bax hər şey elə oradan başladı.

- Tünzalə xanım həyatda necə insandır?

- Bir az dəli, bir az deyib-gülən. Öz evimin içində olmağı sevən bir insanam. Neçə ildir ki, belədir, iş bitdi, evdəyəm.

- İşinizi göstərirsiniz, amma evinizi əsla.

- Bu, bağlı bir sandıqdır. İnanın heç tamaşaçıya o maraqlı deyil. Tamaşaçı mənim mebelimi görməsə, məni izləməyəcək? Tamaşaçıya mənim sənətim maraqlı olmalıdır.

- Əslində, bu digər sənət yoldaşlarınıza bir mesajdır.

- Xeyr, mən heç bir sənət yoldaşıma mesaj yollamıram. Sözüm varsa, mütləq şəkildə üzünə deyərəm, söz atmaram. Mən kiməm ki, durub kiməsə söz atım? Həm də insanların xətrinə dəyməyi sevmirəm. Mən özümdən danışıram. Bəzən deyirlər ki, gəlib sizi evdə çəkək, biz bu təklifə ailəlikcə "yox" deyirik.

- İşdən vaxt tapıb evdarlıqla məşğul ola bilirsiniz?

- Bəzən elə gün olub ki, 3 çəkilişim olub, gecə evə gəlmişəm. Yoldaşım deyib ki, piroq olsaydı, nə yeyərdim! Gecə vaxt tapıb həmin piroqu hazırlamışam. Mətbəx mənim üçün başqa bir aləmdir. Orada qətiyyən yorulmuram.

- Xoşbəxtsiniz?

- Bəli, çox xoşbəxtəm. Niyə xoşbəxt olmayım ki? Bir insanın xoşbəxt olması üçün nə lazımdırsa, hamısı məndə var. Mən var-dövləti nəzərdə tutmuram ha. İnsanın xoşbəxt olması üçün onu başa düşən ətrafı və dostları olmalıdır. Dostumu da yalançı dostlarımdan seçə bilirəm.

- Yalançı dostlarınız çoxdur?

- Yalançı dostlarım çox deyil, ətrafımda o qədər də çox dost saxlamıram. Pislər ələnib gedib, yaxşılar qalıb. Amma vəfasız dostlarım çoxdur.

- Çəkilişlərə gecikirsiniz?

- Xeyr, demək olar ki, çəkilişlərə gecikmirəm. Vaxtında gəlib, vaxtında da gedirəm. 20 ildir sənətdəyəm, heç kim deyə bilməz ki, Tünzalə çəkilişə gecikib.

- Bu 20 il ərzində itirdikləriniz çox oldu, yoxsa qazandıqlarınız?

- Əlbəttə ki, qazandığım. Heç itirdiyim olmadı. Sadəcə olaraq, hər kəs öz işinin dalınca getdi desək, daha düzgün olar.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...