Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Firəngiz Mütəllimovanın "qızı" bütün SİRR-ləri açdı - "Bir valideyn kimi çətinlik çəkməyimi istəmirdi, ona görə də..." - FOTO

Aktrisa Gülarə Məmmədzadənin Milli.Az-a müsahibəsi.

- Gülarə, ilk öncə istərdim özünüzü tamaşaçılara təqdim edəsiniz.

- Gülarə Məmmədzadə - incəsənətə bağlı olan bir insan.

- Aktrisalıq sənətinə necə həvəsiniz yarandı?

- Mən uşağlıqdan AZDRAMA-da xalamın yanında böyümüşəm. Mənə görə teatr hər şeydən əsasdır. O qədər xalamın tamaşalarına baxmışam ki, istər-istəməz məndə bu sənətə həvəs yaranıb. Yadımdadır ki, kulisdə otururdum, xalam məni qrim edirdi. Daraqları götürüb mahnı oxuyurdum, özümü aktrisa kimi görürdüm. 4 yaşımda rejissor Rövşən İsaxın çəkdiyi bir reklamda oynamışdım. İlk əvvəllər evdən aktrisa olmağıma narazı idilər, daha sonra gördülər ki, mənimlə heç cürə bacarmayacaqlar (gülür). Mən nəinki, aktyorluğu, ümumilikdə incəsənəti sevirəm. İncəsənət universitetinin Teatrşünaslıq fakültəsini bitirsəm də aktrisalığı özümə sənət kimi, peşə kimi seçmişəm. Mən özümə tam aktrisa da demirəm, aktrisalıq yolunda irəliləyən biriyəm.

- Xala-xala deyirsiniz, amma adını çəkmirsiniz.

- Azərbaycanın xalq artisti, əvəzolunmaz sənətkarımız Firəngiz Mütəllimovanın bacısı qızıyam.

- Demək ki, Firəngiz xanım sizi sənətə həvəsləndirib. Hansı tamaşasına baxandan sonra aktrisalığa həvəsiniz daha da qəti oldu?

- Sözün düzü xalamın oynadığı hər yeni tamaşaya baxdıqca məndə bir az aktyorluq sənətinə sevgi yaranırdı. Amma "Varlı qadın" tamaşasından sonra aktyorluq sənətinə tamamilə aşiq oldum.

- Adətən tanınmışlar öz yaxınlarını bu sənətdən uzaqlaşdırır. Görünür sizdə tam əksinə olub.

- Əslində mən hər kəsi başa düşürəm, çünki incəsənət qurban tələb edir. Bu çox çətin sənətdir. Heç kəs istəməz ki, övladı çətinlik çəksin. Xalam deməyimə baxmayın, o mənə ana kimidir. Məni qızı kimi bilir. O da valideyn kimi mənim çətinlik çəkməyimi istəmirdi. Ona görə də ilk əvvəllər məni bu sənətdən yayındırmağa çalışırdı, amma görəndə ki, mən incəsənətsiz yaşaya bilmərəm, mənə tam dəstək oldu. Xalam hər zaman yanımdadır, bu sənətdə onun dəstəyini, varlığını üzərimdə hiss etmək mənə qürur verir.

- Aktrisalar adətən həyatlarını bu sənətə həsr edirlər. Firəngiz xanımda da belə oldu. Bundan qorxmursunuz?

- Əslində hərdən bu məni qorxudur. Mən ümumiyyətlə tək qalmaqdan qorxan biriyəm. Merlin Monro demiş: "Kariyera gözəldir, amma soyuq qış gecələrində ona sarılıb yatmaq mümkün deyil". Düzdü təklik məni qorxudur, amma mən bu sənətə gələndə hər şeyi gözə alıb gəlmişəm. Kariyera da gözəldir, ailə həyatı qurmaq da. Mənim yaşım hələ ki, çox azdır, hal-hazırda özümü tam olaraq iş fəaliyyətinə bağlamışam.Tək sənətlə mümkün deyil, bunu xalamda da görmüşəm, bilirəm. Təklik gözəl bir şey deyil, üstəlik də qadın üçün.

- Hələ ki, yolun başlanğıcındasız. Biri elçi düşüb, sizi evinin xanımı etsə razılaşıb sənəti atarsınız?

- Qətiyyən heç nəyə və heç kimə görə sənəti qurban vermərəm. Zənnimcə məni sevən elə sənətimlə də sevər, qəbul edər.

- Sənətlə qəbul etməsələr ailə həyatı qurmayacaqsınız?

- Əgər məni həqiqətən sevəcəksə qəbul edəcək. Bu sözü əminliklə deyirəm. Artıq müasir zamandayıq, xoşbəxt ailə həyatı quran aktrisalarımız da çoxdur. Təbii razılığa gələ bilməsəm evlənməyəcəyəm, evdəkilərin qulağından iraq (gülür).

- Bir müddət əvvəl sizi "Məryəm" serialında gördük. İlk böyük rolunuz idi bu serialda?

- Bəli, o mənim ilk göz ağrımdır. "Məryəm" mənə serial sahəsində çox şey öyrətdi. Kollektivimiz çox yaxşı idi. Quruluşcu rejissorumuz Sain Qəhrəman, rejissorumuz Qulu Əsgərov, aktyorlarla iş üzrə əməkdar artist Rasim Cəfər çalışırdı.Onların mənə böyük köməyi oldu.

- İndi çoxları elə biləcək ki, xalanız tanınmış şəxsdir deyə o sizi seriallara cəlb edir, rejissorlara tapşırır. Həqiqətənmi belədir?

- Nə yalan deyim, "Məryəm" serialının kadrına daxil olmağıma xalam yardımçı olub. Amma bu o demək deyil ki, xalam məni rejissorlara tapşırır. Sadəcə olaraq ilk böyük rolum idi deyə xalam yardımçı oldu. Daha sonra "Qulyabani" filminə dəvət aldım. Bax bu işdə xalamın heç bir əli yox idi. Hətta mən deyəndə ki, kinoya təklif gəlib, özü də təəccübləndi.

- "Qulyabani"-dən söz düşmüşkən. Niyə məhz film bu cür adlanır?

- "Qulyabani" bizim mifik obrazımızdır. Əslində filmi izləyənlər bilir ki, elə bir varlıq yoxdur. Bu sadəcə Türkiyədən qulyabanini lentə almağa gələn müxbiri inandırmaq üçün 2 dostun qurduğu oyundur. Filmdəki hadisələr həmin o qulyabaninin və 4 gəncin ətrafında baş cərəyan edir.

- Ümumiyyətlə hansı tip obrazları özünüzə yaxın bilirsiniz?

- Əslində mən tarixi mövzuda olan filmləri, obrazları sevirəm. Elə bir obrazda özümü görməyi çox istərdim.

- Sənətdə məqsədiniz nədir?

- Aktrisalıq sənətində əsas məqsədim rəngarəng obrazlar yaratmaq və tamaşaçıların sevgisini qazanmaqdır.

- Obraz barədə özünüzə qadağalar qoymusuz?

- Bəli, özümə Türkan Şoray qadağası qoymuşam (gülür).

- Yəni?

- Bizim mentalitetə yad olan səhnələr oynamayacaqam. Çünki bu tip səhnələr bizim cəmiyyətimizdə qəbul olunmur. Mən buna pis baxmıram və elə səhnələrdə çəkilən aktirsalarımızı da cəsur ürəkli adlandırıram.

- Aktrisa hər rolu oynamalıdır. Oynamasanız tələbatlı aktrisa olmayacaqsınız.

- Xeyr, mən belə düşünmürəm. Əgər aktrisasansa o səhnələr olmadan da rolunun öhdəsindən gələ bilərsən. Yerli filmlərimizdə açıq-saçıq səhnələri olmadan da gözəl obrazlar yaradan və aktuallığını qoruyub saxlayan aktrisalar çoxdur.

- Amma çox çətindir...

- Hər sənətin çətinliyi var, bu danılmazdır. Amma mən çətin olanı sevirəm.

- Gələcəkdə necə baş aparacaqsız bu çətinliklərlə?

- Ailəm, yaxınlarım mənə həmişə dəstəkdir, hər zaman da dəstək olacaqlarından əminəm. Onların dəstəyi mənim bütün çətinliklərdən baş açmağıma köməkdir.

- Müsahibəyə başlayanda qeyd etdiniz ki, teatra bağlı insansınız. Bəs niyə teatrda çalışmırsınız?

- Teatra olan həvəsim heç zaman bitib-tükənməz. İndi də vaxt olduqca tamaşalara gedib izləyirəm. Mən teatrın hər çətinliyini uşağlıqdan görmüşəm, indi də kinonun çətinliklərini görmək istəyirəm. İnşallah gələcəkdə dəvətlə hansısa tamaşada oynamaq istərdim.

- Olmaya teatrdakı intriqalardan qaçırsınız?

- Bir az da o var... Əslində bu məyusedici bir haldır. İstəməzdim teatrlarımızda belə hallar baş versin. Çox istərdim ki, aktyorlarımız arasında birlik olsun. Amma təəssüf. Mən ümumiyyətlə intriqadan, çəkişmələrdən uzaq durmağa çalışıram.

Firəngiz Mütəllimovanın "qızı" bütün SİRR-ləri açdı: "Bir valideyn kimi çətinlik çəkməyimi istəmirdi, ona görə də..." - FOTO

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...