Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda çəkilən bu reklam TƏNQİD EDİLDİ - "Reklam ssenariləri dar çəçivəli zövq əsasında qurulur"

Son günlər mediada telefon markalarının biri ilə bağlı çəkilmiş reklam müzakirə mövzusuna çevrilib.

Reklamda tanınmış çinli aktyor Brüs Li ilə azərbaycanlı bir gəncin obrazı yaradılıb. Onlar ssenariyə uyğun olaraq reklamda qarşı-qarşıya gətirilib. Ekspertlər reklamdakı azərbaycanlı gəncinin yumoristik formada göstərilməsini düzgün hesab etmirlər.

PR üzrə mütəxəssis, “Əməkdar jurnalist” Şəlalə Həsənova Metbuat.az-a açıqlamasında bildirib ki, reklamda aqressiya yaradan, ovqatı dəyişdirən, xoşagəlməz məqamlar var:

"Yəqin ki, reklamın çəkilməsi üçün Brüs Linin yaxınlarından icazə alınıb. İcazə alınmayıbsa, bu, çox böyük qanun pozuntusudur. Telefon reklamı üçün bunlara lüzum yox idi. Hər şey ondan irəli gəlir ki, reklam istehsalçıları ilk növbədə Reklam Haqqında Qanunu bilmirlər. Reklam Haqqında Qanunda etik məqamların gözlənilməsi mütləq surətdə tələb olunur. İkincisi, hər reklamın hazırlanmasında milli dəyər və maraqları qorumaq lazımdır. Reklam istehsalçıları bəlkə də gülməli, yaddaqalan imic yaratmaq istəyiblər. Amma bunu azərbaycanlı gəncini kobud obrazda yaratmaqla göstərmək yanlış bir yoldur. Çünki belə reklamlar geniş yayıla bilər. Azərbaycanlının bu cür yadda qalması arzuolunmazdır. Bütün bu problemlər Azərbaycanda reklam istehsalında böyük problemlərin olduğunu göstərir. Azərbaycanda Reklam Haqqında Qanundan başqa çoxları reklamın hazırlanma qaydalarını bilmirlər. Bu işlə məşğul olanlar səthi yanaşırlar. Ssenariləri öz darçəçivəli zövq və dünya görüşləri ətrafında qururlar. Burada reklamı yayımlayan şirkət gərək özü də həssas olsun. Reklamda “Qaqli” obrazının Brüs Liyə müqaviməti azərbaycanlının məğlubedilən olduğunu göstərir. Məğlub olma mövzusu heç bir reklamda olmamalıdır. Azərbaycanlı obrazın məğlub olması yumoristik formada göstərilməməlidir. Ona görə də, mütəxəssis kimi bu reklamı tam yanlış və Reklam Haqqında Qanunun maddələrinin pozulması kimi qəbul edirəm. Həmçinin, milli dəyərlər baxımından bu reklamın uğursuz olduğunu düşünürəm”,

Publisist, teleaparıcı İlham Tumas tamaşaçı kimi reklamı çox bəyəndiyini bildirib:

“Brus Li ilə yanaşı reklamda bakılı bir obraz yaradılıb. Təbii ki, bunu reklam işi ilə məşğul olanlar daha yaxşı bilir. Lakin bu reklamda pis heç bir problem görmürəm. Əksinə, tamaşaçı kimi reklamı bəyənirəm”.

“Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov reklamı şit adlandırıb:

“Məktəbli olanda Mamedin Brüs Lini açarla necə döyməsi haqqında məşhur lətifə var idi. Belə başa düşürəm ki, bu şit reklam həmin lətifənin təsirilə çəkilib. Əlində təsbeh tutan və hamını təsbehlə sındırmağa çalışan azərbaycanlı qaqaş obrazı da artıq köhnəlib. Bu reklamı çəkən insanların düşüncəsi orada ilişib qalıb ki, harada çinli varsa, Brüs Lidir, harada azərbaycanlı varsa, əlində təsbeh “razborka” aparan qaqaşdır. Bunların hamısı “vaynermaniya”nın fəsadlarıdır. “Vayner”lərdən başqa nə gözləmək olar ki?! 15 il əvvəl “Parni iz Bakı” komandasının çəkdiyi yumoristik roliklərin ən zəifi bu gün “vayner”lərin çəkdiyi ən güclü rolikin yanında incəsənət şedevridir. “Vaynermaniya” davam etdikcə ictimai kütləşmə və bayağılaşma da davam edəcək”.

Məsələ ilə bağlı Metbuat.az sözügedən reklamı yayımlayan şirkətlə əlaqə saxlayıb. Şirkətin marketinq şöbəsinin müdiri Elnur Kərimov bildirib ki, ssenarini tərtib edən bloqer Əlixan Rəcəbovdur:

"Reklamdakı obraz sırf həmin şəxsin özünə məxsusdur. Yəni, yeni yaradılmış hansısa bir obraz deyil. Orada təhqiramiz hansısa bir hərəkət, ifadə yoxdur. Əksinə, sonda ikisi də selfi çəkdirib, dost kimi ayrılırlar. Reklamda hanısa bir mübahisədən söhbət gedə bilməz. Orada əksinə azərbaycanlı obrazı Brüs Linin üzərinə loru dildə desək, “xod” eləyir. Brüs Li əksinə təhqir olunur. Brüs Li obrazına çəkilən aktyor Bollivuddan dəvət olunub. Bollivudda da həmin aktyor Brüs Li obrazına çəkilir”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...