Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Sən əməlli-başlı hoqqa çıxarırsan” - FOTOLAR

"Hoqqa" filmi ilə izləyicilərin görüşünə gəlməyə hazırlaşan Dilarə Əliyeva Publika.az-ın qonağı olub.

- Yeni “Hoqqa” filminiz münasibətilə sizi təbrik edirəm.

- Çox sağ olun.

- Filmin maraqlı adı var. “Yeni ulduz” müsabiqəsində Mübariz Tağıyevin ən çox istifadə etdiyi ifadələrdən biri idi. Bu adın seçilməsində onun rolu var?

- Xeyr. Gözlənilməz olaylar yaradan adamlara məqamı gəldikdə el arasında “Sən əməlli-başlı hoqqa çıxarırsan” deyirlər. Filmin mövzusu hoqqalarla dolu olduğu üçün biz bu adı seçdik.

Onu da qeyd edim ki, filmin ilk adı “Xoruzbanu” idi, amma gedişatda gördük ki, bu ad filmdə baş verən hadisələrin fonunda zəif görünür. Odur ki, çəkilişlərdə min hoqqadan çıxdığımızı nəzərə alaraq “Hoqqa” adının daha məqsədəuyğun olduğuna qərar verdik.

- Filmin ssenari müəllifi kimdir?

- Ssenari müəllifi və baş prodüseri Fariz Əliyev, layihə rəhbərimiz Oqtay Əliyev, rejissor isə Cavid Təvəkkülüdür. Filmin çəkilişləri Qubanın bir neçə kəndində baş tutub. Bizi çox yaxşı qarşıladılar, burdan hər kəsə təşəkkürümüzü çatdırıram.

- Əsas tənqid hədəfləriniz nələr olacaq?

- Filmin mövzusu qız qaçırtma ilə bağlıdır. Heç kimə sirr deyil ki, müasir dövrdə insanların çoxu sosial şəbəkələr vasitəsi ilə şirin sözlərə adlanıb tanışlıq qurur və sonra peşman olur. Filmimizdə qəhrəmanlar sosial şəbəkədə tanış olur və bir-birini şirin sözlərlə, fotoşop və müxtəlif proqramlar vasitəsi ilə effekt verilmiş fotolardan istifadə etməklə yoldan çıxarır. İş o yerə çatır ki, oğlan şəhərdən kəndə qızı qaçırtmağa gəlir. Əsas hadisələrdən bundan sonra cərəyan edir.

- İlham Qasımovun çəkdiyi “Oğlan evi” filmi ilə “Hoqqa” arasında oxşar səhnələr var? Çünki ikisi də toyla bağlıdır.

- Qətiyyən, heç yanından keçmir.

- “Məhəllə” filminin uğurunu təkrarlaya biləcəksiniz?

- “Hoqqa”nın da “Məhəllə” qədər uğurlu alınacağını gözləyirəm. Film boyunca tamaşaçıların diqqətini çəkən aforizmlər və çox maraqlı replikalar var. Hansı ki, onlar insanların gündəlik həyatında istifadə edə biləcəyi aktual aforizmlərə çevriləcək.

- Filmdə yeni aktyorlar çəkilib?

- Aktyor heyəti çox deyil, baş rolları mən və Elməddin Cəfərov oynamışıq. Tamaşaçılara müəyyən mənada tanışıq və yumor hissimizi az-çox ifadə edən filmlərdə çəkilmişik. Qardaşım Vüsal Murtuzəliyevsə komediya baxımından bu filmdə öz sözünü deyə biləcək. Hesab edirəm ki, tamaşaçılar onu bu ampluada da qəbul edəcək. Çünki Vüsalın yumor duyumu və aktyor kimi oyunu çox yerindədir. Daha sonra hər kəsin “Üç bacı” serialından Maarif kimi tanıdığı Cəfər Namiq Kamal, eləcə də Nofel Şahvəloğlu, Rauf Şahsuvarov, Nahidə Orucova, Aytac Quliyeva və bir neçə gənc aktyorlar çəkilib.

- Gənc aktyorların ifası sizi qane edir? Sizcə, onlar kino və teatr sahəsinə həqiqətən də ürəkdən həvəs göstərir, yoxsa sadəcə məşhurluq naminə aktyor və ya aktrisa olmağa can atırlar?

- Təbii ki, aralarında bu sənətə böyük həvəs göstərən, daim öz üzərində işləyən və zamanla püxtələşən gənclər var. Şəxsən mən bacardığım və gücüm çatdığı qədər hər zaman gənclərə dəstək olmağa hazıram. Gənc həmkarlarımı çox sevirəm. Biz özümüz də vaxtilə gənc olmuşuq, hansısa rolda və ya filmdə səhvlər etmişik.

İş uğurlu alınmayanda şəxsən mən Dilarə Əliyeva gəncləri heç vaxt müzakirə obyektinə çevirmirəm. Film uğurlu alınanda, istər-istəməz hər kəsə qarşı rəğbət yaranır. Film uğurlu alınmadıqda, tamaşaçının diqqətini çəkmədikdə isə bütün aktyorlar pis olur. Sözsüz ki, uğurlu işdə hamı yaxşı görünür. Sadəcə orada elə məqamlar var ki, onların bir daha təkrarlanmaması üçün gənclərə səhvlərini izah edirsən. Aktyor oyunu qurmalıdır, A nöqtəsinin harada başladığını, lazım olan B məntəqəsinin harada bitdiyini bilmədir. Aktyor öz oyununu qurmadıqda dərhal hiss olunur. Başa düşürsən ki, o, sadəcə verilən tapşırığı icra edir və ortadakı məhsul özününkü deyil.

Bu sahəyə populyarlıq əldə etmək naminə gələnlər sadəcə populyarlaşmaqla kifayətlənir. Onlar tanınırlar, amma sevilmirlər, yaxud da qəbul edilmirlər. Mənim üçün sevilmək və qəbul olunmaq çox vacib faktordur. Tanınan insanlar efirdən bir az uzaq düşən kimi unudulur. Bizim elə sənətkarlarımız var ki, onların heç bir piarı olmasa belə, bu günədək sevilir, çəkildiyi filmlərə dönə-dönə baxılır. Bu məqama çatmaq üçün gənclər vaxtında düzgün istiqamətə yönəlməlidir.

- Azərbaycanda bu gün tanınmaq, yoxsa unudulmaq asandır?

- Əlbəttə ki, tanınmaq. Heç bir iz qoymadan tanınmaq unudulmaq deməkdir. Əgər aktyor ürəkdə, beyində dərin izlər qoymayıbsa, mən onu görəndə sadəcə tanıyıram, amma yadda saxlamıram. Qısası, tanınmaq uğur əlaməti deyil.

- Bildiyimiz qədəri ilə siz Sumqayıt şəhərində böyümüsünüz. Nədənsə filmlərdə çox vaxt kənd qızı obrazını canlandırırsınız. Dilarə Əliyevanın kənd qızı rollarını belə mahircəsinə oynaması nədən qaynaqlanır?

- Payıma düşən rollar belə olub. “Üç bacı” serialında da kənddən şəhərə köçən obrazı oynamışdım. Hətta şəhərli qızların eləmədiklərini çox qabarıq formada edirdim. Sonradan görəndə belə olur (Gülürük).

Mənə təklif olunan rolları işləyib hazırlayır və özüm üçün onun bioqrafiyasını açıram. Nəticədə mənə xas uyğun manevrlərə əsasən bir obraz yaradıram. Ümumiyyətlə, müşahidə qabiliyyətim çox yüksəkdir. Məsələn, söhbətə başlayanda siz çox sərbəst idiniz, amma fotoqraf çəkilişə başlayanda üz ifadəniz dəyişdi, gülümsədiniz. Bu hərəkəti dərhal öz müşahidələrimə əlavə etdim.

- Çünki müsahibələrdə bütün fikrim suallarda və müsahibdə olur. Sonra fotolara baxanda görürəm ki, çox qaşqabaqlı dayanmışam. Bu dəfə hiylə işlədib təbəssüm göstərməyə çalışdım, onu da siz tutdunuz (Gülürük).

- Bütün bu xırda detallar rolun inandırıcı alınması üçün vacibdir. Onlar xırda-xırda toxunur və ümumi rol alınır. Əgər nə vaxtsa sizin kimi bir xanımı oynasam, bu cür edəcəyəm. Daha qlamur xanımı oynasam, naz-qəmzə ilə hərəkət edəcəm. Təbii ki, bunun da öz ölçüsü var.

- Onda sizi aldatmaq mümkün deyil.

- Çox çətindir, amma hərdən insan aldanmaq, şirin yalan da eşitmək istəyir.

- Yəqin ki, çıxılmaz vəziyyətə düşəndə ustalıqla yalan danışa bilirsiniz.

- Düşdüyüm vəziyyətdən və o yalanın mənə nə qədər sərf etməsindən asılıdır.

- Son illərdə Azərbaycanda çəkilən filmlərin mövzu və ssenarisindən razısınız? Sizcə, onlar bəzi məişət və sosial problemlərin həllində müəyyən dərəcədə rol oynaya bilirmi?

- Filmlərin baxılma sayı 150 000 tamaşaçını ötübsə, onlar artıq müzakirə olunmur. Yəni, qalibləri müzakirə etməyə ehtiyac yoxdur. Son illərdə çəkilən filmlərimiz auditoriyada müəyyən qədər maraq oyada bilib. Mənim üçün müzakirə obyekti başqadır: “Nə oldu ki, onlar qalib oldu?”, “Nəyi düzgün etdilər?”. Filmin uğurlu alınması və tamaşaçılar tərəfindən maraqla qarşılana bilməsi üçün onun üzərində komanda olaraq çalışmalıyıq. Əgər filmə baxılmırsa, bu, tamaşaçıların problemi deyil, bizim günahımızdır. Burada aktyora yaradılan şərait, rejissorun, operatorun və ümumi komandanın işi əhəmiyyətlidir.

- Sizcə, tamaşaçı toplaya bilməyən və ssenarisi zəif olan filmlərə bu qədər pulların xərclənməsinin günahı kimdədir?

- Biz 3 ildir ki, hər bazar günü ailəvi kinoya baxmağa gedirik. Bu, artıq ailə ənənəsinə çevrilib. Bu ənənəni ayda-ildə bir dəfə hansısa dəvət olarsa, poza bilərik. Və dəfələrlə olub ki, Hollivud istehsalı olan filmlərə baxdıqdan sonra kinoteatrdan çox peşman çıxmışam. Dəhşətə gəlirsən ki, axı bu ssenariyə necə inanmaq olardı? Halbuki bu, satış məqsədilə çəkilib. Burada rejissordan çox, prodüser günahkardır. Çünki rejissor adətən icraçı olur, zəif materiala inanmaq və ona film çəkmək artıq prodüserin işidir.

- Artıq neçə ildir Azərbaycanda kommersiya filmləri çəkilir. Amma həmin filmlərin nə rejissoru, nə də aktyorları tənqid eşitmək istəyir və yalnız alqış gözləyirlər. Tənqidlə qarşılaşan zaman isə buna sərt reaksiya göstərirlər...

- Bunu adi bir misalla izah edim. Tutaq ki, hər hansı məclisə dəvət olunmusunuz və həmin gecə gözəl görünmək üçün çox çalışmışınız. Gecədə kimsə yaxınlaşıb gözəl göründüyünüzü desə, inan çox xoşbəxt olarsınız. Sizə yaxın olan başqa bir rəfiqəniz seçdiyiniz geyiminizin yaraşmadığını dedikdə əhvalınız dərhal korlanar. Təsəvvür edin ki, filmin ərsəyə gəlməsi üçün min bir əziyyət çəkən adam tənqid eşidəndə ən azı bu hala düşür. Bu dünyada ən çətin işlər arasında ikinci yerdə kino çəkmək gəlir. Odur ki, həmkarların sərt reaksiyası başa düşüləndir.

Özüm də tənqidi sevdiyimi desəm, yalan olar. Amma bir məsələ var ki, yalançı tərif də istəmirəm. Bu, mənə heç nə verməyəcək. Xoşuma gəlməyən tənqidi, qeyri-səmimi, yalançı, düzgün olmayan tərifdən üstün tuturam. Tənqidi deməyin öz qaydaları var. Gördüyüm işlərdə harada nəyin çatışmadığını, nəyin zəif və nəyin güclü olduğunu özüm çox gözəl görürəm. Hazır işlə tanış olduqdan sonra qüsurlarımı tuta bilirəm. Öz övladımın da dünya gözəli olduğunu düşünən insanlardan deyiləm. Məsələn, “Mənim qızım filankəsin qızından gözəldir!” deyə bilmərəm. O, mənə görə gözəl ola bilər, başqaları üçün yox. Dolayısı ilə sahib olduqlarıma başqasının gözü ilə baxa bilirəm.

- Yeni çəkilən filmlər haqqında normal tənqidi münasibət də öyrənmək olmur. Sanki tənqidçilər tənqidi fikirlər dilə gətirməyə çəkinir.

- Başına gələn başmaqçı olar. Onlar yəqin ki, peşə travması alıb. İşləri tənqid etmək olduğu üçün sənət adamları ilə dəfələrlə münasibətləri korlanıb. Bir də dünyanın hansısa ölkəsində tənqidçiyə heykəl qoyulubmu? Əlbəttə ki, yox.

- “Hüseyn Cavid” filmindəki Müşkünaz obrazından sonra sizin sarsıdıcı filminiz olmayıb. Rejissorlar sizi bəyənmir, yoxsa ki, siz ssenarini?

- Bu rolumdan sonra çoxları məni qınadı. Hətta “O rolundan sonra “Çal-çağır”a baxmadıq” deyənlər də tapıldı. Onlara “Müşkünaz rolunda nə yerində deyildi?” sualını verəndə də cavab tapa bilmirdilər. “Rolda heç bir problem yox idi, sadəcə sizi “Çal-çağır” kimi şou verilişdə görməyə alışmışıq”, - deyə cavab verirdilər. Mən axı bu tənqidi necə qəbul edə bilərəm? Yəqin ki, rejissorlar danışılanlardan sonra məni komediya filmlərində çəkməyə üstünlük verib. Halbuki, dizimi yerə qoyub o rolu oynamağa çalışmışam.

- Sözügedən filmin çəkilişlərindən sonra çox təsirləndiyinizi demişdiniz...

- Bəli, dərialtı vəzlərimə qədər Müşkünaz rolu haqqında fikirləşirdim. Özü də həmin film “Çal-çağır”ın ən reytinqli vaxtlarında çəkilirdi. Bir yandan ağlayır, bir yanda da bəzənib-düzənib “Çal-çağır”ı aparırdım. İstidən soyuğa, soyuqdan istiyə düşürdüm. Başa düşürdüm ki, tamaşaçılar məni hər zaman komik obrazlarda görüb və rejissor böyük məsuliyyət hiss edir. Tamaşaçıları indiyə qədər gördüyü Dilarədən ayıra bilmək üçün bütünlüklə ürəyimi qoymuşdum ki, dırnağım da yalan deməsin.

Lakin qeyd etməliyəm ki, Müşkünaz xanım özü çox baməzə, deyib-gülən insan olub. Deyilənlərə görə, lətifələr kitabı olub.

- Futbolçular vurduğu qolu, müğənnilər isə mahnılarını həyat yoldaşlarına həsr edir. Bəs Dilarə Əliyevanın Oqtay Əliyevə həsr etdiyi rolu olub?

- “Hoqqa” filminin layihə rəhbəri həyat yoldaşımdır və buradakı rolu o, mənə həsr edib. Əgər film tamaşaçıların xoşuna gələrsə, uğurlu alınarsa, onda bu rolu həyat yoldaşıma həsr edərəm. Amma indidən demək istəmirəm, düşər-düşməzi olar.

- Ola bilərmi ki, Dilarə Əliyeva Oqtay Əliyevdən başqa heç kimlə dil tapa bilmir işləməyə?

- Deməzdim, mən həm də Oqtay Əliyevlə dil tapıram.

- Dilarə Əliyeva nə vaxt dözülməz olur?

- Yaradıcılıqla bağlı uğursuzluqlar olduğunu hiss edəndə dözülməz oluram. Onda bilmirəm ki, soğan yeyim, yoxsa şirinçay içim. Nə istədiyimi bilmirəm. Bir də Allah hər kəsi və məni şərdən, böhtandan, yersiz şayiələrdən uzaq etsin.

- Kişi məntiqi dəqiqdir, yoxsa qadın intuisiyası?

- Məncə, ikisinin də yaşamaq haqqı var.

- Evlilikdə pul, yoxsa sevgi birinci yerdə dayanır?

- Bu amillər bir-birini təkzib etmir. Pulsuz xoşbəxtlik olmur, eyni zamanda sevgini də pulla almaq mümkün deyil. Elə problemlər var ki, onları pulsuz həll edə bilmirik. Nəticə etibarı ilə belə deyə bilərik ki, pul olsa, pis olmaz. Xoşbəxtlik pulda deyil, nəzərə alsaq ki, xoşbəxtlik onsuz da mövcud deyil, onda heç olmasa pul olsun.

- Dilarə Əliyeva üçün uğurlu nikahın sirri?

- Sözsüz ki, möhkəm ailənin təməli sevgidir. Lakin uğurlu nikahın digər əsas açarı güzəştə getməyi bacarmaqdır.

- Kişilər hansı qadınlara heç vaxt xəyanət etmir?

- Düşünürəm ki, xəyanət sözünün yeri yoxdur. Mənə görə bu, xəyanət deyil, təbiətdir. Nədənsə, onun adını səhvən xəyanət qoyublar.

- Kişilər qadınlardan nə istəyir?

- Təbəssüm, diqqət və qayğı. Çünki qadın gülürsə, evdə də hamı gülür, ağlayanda bütün bəşəriyyət ağlayır. Odur ki, kişilər qadınları ağlatmasınlar.

- Qadınlar hansı kişilərdən ayrılmaq istəmir?

- Onu həqiqətən sevən və diqqət göstərən kişilərdən heç bir qadın ayrılmaq istəməz. Amma bunu hamıya şamil etmək də olmaz. Qısası, ayrılmaq istəmədiyi kişidən qadın heç vaxt ayrılmayacaq.

- Futbol, yoxsa serial?

- Serial.

- Yaxşı gündə, pis gündə...

- Mən həmişə onunlayam.

- Oxuculara son sözünüz?

- Ayın 26-sı “Hoqqa” filminin qala gecəsi olacaq, 27-dən etibarən film bütün kinoteatrlarda göstəriləcək. Çox gülməli olacaq. Demirəm ki, gülməkdən öləcəklər, amma bizim məqsədimiz yaxşı film ortaya çıxartmaqdır. Gəlsinlər və baxsınlar.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...