Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dilarə Kazımova: Qazaxıstanı “dəm” etdim - FOTO

Müğənni Dilarə Kazımova mətbuat konfransı keçirib.

Mynews.az xəbər verir ki, bir neçə gün öncə “Star of Asia” festivalından qayıdan ifaçının yanında “Boomerang Label”ın rəhbəri Nigar Məmmədova, təşkilatçı Marat Bəxtiyarov da olub.

Bəxtiyarov Dilarənin performansını unudulmazlar siyahısında gördüyünü bildirib:

“Almatıda artıq ikinci ildir ki, “Star of Asia” festivalı keçirilir. Bu il də Azərbaycanın iştirakı üçün seçim Dilarə Kazımova oldu. Çıxışımız çox gözəl və maraqlı idi. Tezliklə video və foto materiallar mediaya təqdim olunacaq. Sadəcə onu deyə bilərəm ki, Dilarənin qırmızı xalçadakı keçidi unudulmazlar siyahısına düşdü”.

Kazımova isə bildirib ki, on min tamaşaçı tutumu olan stadionda çıxış edib: 

“Bu təklif Marat Bəxtiyarovdan gəlib. Festival on min nəfərlik “Medeo” stadionunda baş tutub. Səhnə möhtəşəm idi. Hətta çıxış zamanı məni  on rəqqasə müşayiət edirdi. Səhnə üç metr yüksəkliyə qalxmışdı. Orada iki mahnı ifa etdik. Onlardan biri ingilis dilində olan “What you want”, digəri isə “Dəm olmuşam” idi. Bizi çox isti qarşıladılar. Deyə bilərəm ki, Qazaxıstanı bir az dəm etdim. İndiyədək də çıxışımızın ən yaxşılar sırasında olduğunu yazırlar. Çox şadam ki, Qazaxıstanda da məni sevənlər oldu. İstərdim ki, bu yay orada konsert proqramı ilə çıxış edəm”.

İfaçı festivaldakı obrazından da söz açıb: 

“Biz festivalda hansı obrazda olacağımız barədə çox düşündük. Qərara gəldik ki, Azərbaycan etnikası nümayiş etdirək. Lakin bunu da müasir formada etmək lazım idi. Yəni, sırf milli geyim olmamalıydı. Modelyer Səbinə Hüseyn bunu bacardı. Oradakı libasım əl işi idi və uzun müddət üzərində çalışmışdılar. Həmçinin müxtəlif növ xalçaların hissələrindən də istifadə olundu”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...