Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bəzi şahidlər Fədayənin məhkəməsinə məcburi gətiriləcək

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Mynews.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Ceyhun Yaqubov dindirilib.

O, Qazaxda taksi sürücüsü işlədiyini bildirib: "Gecə saatlarında bir maşın mənə yaxınlaşdı. İçərisində olan şəxs məndən yol soruşdu. Sonra onları aparmağımı istədi. Dedi ki, 20 manat verəcək. Mən də 25 manat istədim. Cibimdən də yanacaqdoldurma məntəqəsində 10 manatlıq benzin doldurtdum. Yarıyolda onlar qaçdı".

Hakim məhkəməyə bəzi şahidlərin gəlmədiyini elan edib.

Məhkəmə həmin şəxslərin barəsində məcburi gətirilmə qərarı çıxarıb.

Proses sentyabrın 17-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci ilin oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır. “Qoca” ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb.

Xatırladaq ki, cinayət işi üzrə 13 nəfər təqsirli bilinir və 1 nəfər barəsində isə axtarış elan olunub. Həbsdə olan şəxslər müğənni F.Laçın, Penitensiar xidmətin Konvoy taborunun keçmiş komandiri Bəhruz Abdullayev, Penitensiar xidmətin üç sabiq əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovdur.

İttiham aktına əsasən, 7 nəfər - Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...