Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İnstagram-da insanları aldadıb pulllarını alan şəxs saxlanıldı

Sosial şəbəkələrdə insanların etimadını qazanan və həmin şəxsləri aldadaraq onlara külli miqdarda maddi ziyan vuran şəxslərə qarşı daxili işlər orqanlarının əməkdaşları tərəfindən növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən Mynews.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə "İnstagram" sosial şəbəkəsində "hacker_azerbaijan" və "hacker_club_aze" adlı səhifələrin sahibinin vətəndaşların etibarından sui-istifadə edərək onları dələduzluq yolu aldatdığı barədə çoxsaylı müraciətlər daxil olub.

Aparılan əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, həmin səhifədə insanlara pul müqabilində guya xüsusi kompüter proqramlarının köməkliyi ilə qarşı tərəfin xəbəri olmadan mobil telefonun yönləndirilməsi, telefonda ön kameranın açılması və bu üsulla telefon sahibinin gedəcəyi yerlər haqqında məlumatların əldə edilməsi, həmçinin universitetlərə qəbul imtahanları zamanı keçid balının qaldırılması, sosial şəbəkələrdə profillərin izlənməsi kimi uydurma xidmətlər təklif olunur.

Keçirilən əməliyyat-axtarış və texniki tədbiri nəticəsində "hacker_azerbaijan" və "hacker_club_aze" səhifəsinin Mingəçevir şəhər sakini Cavid İbadov tərəfindən idarə olunduğu müəyyən edilib və o, saxlanılaraq məsuliyyətə cəlb edilib.

Araşdırma zamanı müəyyən edilib ki, C.İbadov qarşı tərəfin şəxsi məlumatlarını və pulunu əldə edən kimi həmin şəxsləri sosial şəbəkələrdə "qara sıyahı"ya ataraq onlarla əlaqələrini kəsib. Həmçinin o da müəyyən edilib ki, C.İbadov tələb etdiyi pulu ona göndərməyən insanları həmin şəxslər barəsində əldə etdiyi məlumatları yayacağı ilə də hədələyib.

Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir. Saxlanılan şəxsin hələlik istintaqa məlum olan 3 nəfərdən ümumilikdə 9000 manat pul aldığı sübuta yetirilib. C.İbadovun adları qeyd edilən səhifələr vasitəsilə "İnstagram" sosial şəbəkəsində aldatdığı və pulunu mənimsədiyi başqa şəxslər varsa, bu barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məlumat verə bilərlər.

Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edərək sosial şəbəkələrdən istifadə edən zaman bu tipli vədlər verərək insanları dələduzluq yolu aldadan və pullarını mənimsəyən, həmçinin müəyyən xidmətlər müqabilində şəxsi məlumatlar tələb edən səhifələrdən uzaq durmağı tövsiyyə edir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...