Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Fərqli xanımlar məni cəzb edir" - Ülvi Həsənli / MÜSAHİBƏ - VİDEO

“Hər yaratdığım obrazı görəndə özüm özümdən zəhləm gedir və utanıram. Ancaq yaratdığım xarakterdə deyil, sadəcə özümə baxandan sonra düşünürəm ki, bundan daha yaxşı oynaya bilərdim” deyən “Dəfnə ağacı” serialının "Tural"ı, istedadlı aktyor Ülvi Həsənli Metbuat.az-ın qonağı olub.

Xatırlatma

1992-ci ilin 2 mayında Mərdəkanda anadan olan aktyor Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Estrada aktyorluğu” ixtisasını bitirib. 2011-ci ildə Bakı Estrada Teatrında aktyor kimi, Mərdəkan Mədəniyyət sarayında isə rejissor kimi fəaliyyət göstərib. Elə həmin ildə Azərbaycan xalq teatrları festivalında “Gran Pri” mükafatına, “İlin ən yaxşı aktyoru” nominasiyasına layiq görülüb. Bakı üzrə “Şən və hazırcavablar klubu” çempionatında “Ekspromt” komandası ilə çempion olub.

“Cavanlıq”, “Üç Bacı”, “Sənə İnanıram”, “Səni ürəyim sevdi”, “Həyat sən nə qəribəsən”, “Dəfnə ağacı” seriallarında , “Şər qarışanda” filmində baş və ikinci dərəcəli rolları ilə də tamaşaçıların yaddaşında qalıb. Akademik Milli Dram Teatrında “Silindr”, “Əmir Teymur”, “Kölgə”, “Nadir Şah”, “Nağıllar aləmində”, “Herostratı unudun” tamaşalarında rol alıb. Antik dövrü təcəssüm etdirən “Herostratı unudun” tamaşasında kaskadyor funksiyasını məharətlə yerinə yetirib. Bu günə qədər 8 serialda rol alıb.

- İncəsənət sevginiz haradan qaynaqlanır?

- İncəsənətə marağım uşaqlıqdan yaranıb. Səhnə və alqışlar daim məni cəlb edib. Populyar olmaq ən böyük istəyim olub.

6-cı sinifdə oxuyarkən yığma komandadan ibarət KVN-də iştirak etmişəm. Məktəb illərində “Vəkil hanı?” filmində çəkilmişəm. 9-cu sinifdə isə xalq teatrları arasında keçirilən festivalda “İlin ən yaxşı kişi aktyoru” adına layiq görülmüşəm.

- Ülvi üçün əsas teatr, serial yoxsa filmdir?

- Mən həyatımı teatra qurban verməyə hazıram. Teatr aldığım nəfəsdir. Özümü teatr xəstəsi də adlandıra bilərəm. Elə vaxt olub ki, yüksək hərarətlə səhnəyə çıxıb rolu ifa etmişəm. Tamaşaçı səhhətimlə bağlı problemi sezməsə də, səhnədən sonra vəziyyətim pisləşib. Lakin heç bir qüvvə teatr sevgimi öldürə bilməz.

Serial mənim üçün sadəcə qazanc mənbəyidir. Ürəyim hər zaman teatrla döyünür. Ordan aldığım zövqü heç bir başqa sahədən ala bilmirəm. Səhnədən aldığım alqış seriallardan qazandıqlarımdan dəyərlidir. Hazırda “Sən olmasaydın” serialında çəkilirəm. Serialın bitmə vaxtı hələ ki, bilinmir. Sentyabr ayından “Dəfnə serialı”nın yayımının davamı gözlənilir.

- Sırf görünüşünüzə görə hansısa rola dəvət almısınızmı?

- Fərqli görünüş aktyorun əsas silahıdır. İlk dəfə 19 yaşımda kastinqdə 500-dən çox insan arasında seçilərək, “Cavanlıq” serialında Azik roluna dəvət aldım. Görünüşümə görə hər zaman üzərimdə fərqli baxışlar sezirəm. Xüsusilə də saçlarım məni məşhur edib. Buna görə Allaha minnətdaram.

- Dünyaca məşhur aktyorlardan bəhrələnirsinizmi?

- Leonardo Di Kaprio, Alpaçino, Con Travolta kimi dünya şöhrətli ulduzları, komediya sahəsində isə Tolqa Çevik və Cem Yılmazı izləyirəm.

- Xarici səhnələr sizi cəzb edirmi?

Türkiyə səhnəsində rol almaq istəyərdim. Orada keçirilən seçim turlarına maliyyə məsələlərinə görə qatıla biməmişəm. Lakin bu arzumu həyata keçirmək üçün əlimdən gələni əsirgəməyəcəm. Yaxşı təkliflər olarsa, dəyərləndirib orada yaşaya bilərəm.

- Rejissor aktyor seçimini necə etməlidir?

- Əksər rejissorlar aktyoru teatrdan seçmir. Söhbət dırnaqarası rejissorlardan gedir. Aktyoru teatr püxtələşdirir. Serial bu gün var, sabah yoxdur. Teatr plastika tələb etdiyindən, əksər “aktyor” və “aktrisalar” çətinlikdən qorxub asana qaçır.

Tərəf müqabillərinizdən nə kimi yeniliklər öyrənmisiniz?

- Gənc aktyor kimi Rasim Balayev, Fuad Poladov, Ramiz Novruz, Sənubər İsgəndərli, Nicat Kazımov, Rövşən Kərimduxt kimi sayılıb-seçilən aktyorlarla tərəf müqabili olmaq özü bir xoşbəxtlikdir. Cahangir Zeynalovla da bir səhnəni bölüşmək istərdim.

Ustadlarımdan öyrəndiklərim yaradıcılığıma yeni nəfəs gətirir. Bu isə yeni uğurlarıma atılan bir imzadır. Həmişə rollarıma, çıxışlarıma bir yenilik gətirməyə, tamaşaçını təəccübləndirməyə çalışıram.

- Tamaşaçı sevgisi qazana bilmisinizmi?

- Tamaşaçı çox həssas olur. Sevildiyim qədər bir saniyənin içərisində gözdən düşüb nifrət də qazana bilərəm. Əgər tamaşaçıya özümü sevdirməyi bacarmışamsa, bunu ən böyük uğurum kimi qəbul edirəm. Xüsusilə də, “Dəfnə ağacı” serialından sonra sevildiyimi hiss elədim. Bakı ləhcəsiylə danışmağım isə serialdakı roluma bir təbiilik gətirdi. Tamaşaçıların əksəriyyəti məndən rollarımda ləhcəmi saxlamağımı istəyir. Hədəfim çəkildiyim film və seriallarda təbiiliyi qoruyub saxlaya bilməkdir.

- Məşhurluq çevrənizdəki insanların sizə münasibətini dəyişə bildimi?

- Sənətdə 2-3 dostum var. Uğuruma ürəkdən sevinən əməkdar artist Anar Heybətovla dostluğumu davam etdirirəm. Güvəndiyim dostlar var idi ki, onlardan özümə qarşı fərqli münasibət görməyə başladım. Getdiyim hər tədbirə onların da qatılmasını təşkil etdiyim halda, onlardan əks münasibət gördüm. Arxamca deyilən sözlərdən də xəbərim var. Ən pisi odur ki, onlar mənimlə üzbəüz çox səmimi şəkildə öpüşüb-görüşürlər. Bu qədər ikiüzlü olmaq yalnız qorxaqlara məxsusdur. İnsanlığını itirmişlərlə hər hansı münasibətim ola bilməz. Bu sənətə istedadımla gəlmişəm. İstedadsızlar müvəqqəti kürsüdən qorxsunlar.

- Zövqünüzə uyğun xanım tipi necədir?

- Fərqli xanımlar məni cəzb edir. Xanımın görünüşündən öncə danışığına, fikirlərinə diqqət edirəm. Hələ ki, evlilik planlaşdırmıram.

- Hansı orijinallığa imza atmaq istərdiniz?

- Azərbaycanda öz tərzimə uyğun teatr yaratmaq istəyirəm. "Asılqan" adlandıracağım teatrın layihəsi üzərində çalışıram. Teatr məhz asılqandan başlayır. Aktyor teatr binasına daxil olaraq, üst geyimini dəyişir və tamamilə digər dünyaya (teatr dünyasına) daxil olur.

- “Nazlı”-nın İsmayılı özünü necə hiss edir?

- “Nazlı”-da Ülvini fərqli ampluada görə biləcəksiniz. Filmdə Fuad Poladov, Rasim Balayev, Arif Quliyev, Mehriban Xanlarova kimi böyük sənətkarlarla çəkilməyi özümçün master-klass hesab edirəm.

Filmdəki imicimi özüm bilmədən yaratmışam. Saçlarımı güzgü qarşısında yığarkən rejissor mənə artıq yeni imicimin yarandığını dedi. Çəkiliş üçün 1 ay davamlı şəkildə idmanla məşğul olmuşam. Əziyyətli olsa da, işimdən zövq alıram. Aktyor daim formada olmalıdır. Filmdə mahnı da oxumuşam, mahnı oxumaq hobbimdir.

Aprelin 27-də tammetralı romantik komediya ilə tamaşaçılarımın hüzuruna təşrif buyuracam.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...