Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Pərvin Abıyeva - "Bu, ən axırıncı yoldur" - VİDEO

Azərbaycanın ilk qorxu filmi olan "Xənnas" ətrafında növbəti qalmaqal baş qaldırıb.

Mynews.az baku.ws-ə istinadən xəbər verir ki, filmin rejissoru Elvin Abdulla ilə aktyorlar, xüsusən də aktrisa Pərvin Abıyeva arasında narazılıq yaranıb. Belə ki, aktrisa filmin posterindən narazı olub. Məsələ o həddə çatıb ki, hətta filmin aktyor heyətinin qala gecəsinə qatılmaqdan imtina edəcəyinə dair xəbərlər yayılıb. Baş verən qalmaqalla bağlı açıqlama verən rejissor Elvin Abdulla filmin afişasının komanda tərəfində bəyənilməməsi faktını və bunun ətrafında narazılığın olduğunu təsdiq edib.
 
"Filmin ilk çəkiliş günlərindən başlayaraq müəyyən çətinliklər yaşayırdıq. Çəkilişlərin 25 gün ərzində tamamlanması planlaşdırılsa da 48 gün çəkdi. Sanki Xənnasın özü bizi setdə izləyirdi. Aramızda bəzi soyuqluqlar yaranırdı. Yaranan bu soyuqluq hər kəsin diqqətini çəkdi. Mən filmdən müəyyən paylaşımlar etsəm də komandadan bəziləri bunu etmirdi. Aktyorlardan bəziləri tam dəstək nümayiş etdirsələr də bəziləri soyuqluq göstərirdi. Daha sonra şayiə buraxdılar ki, film üçün Pərvin Abıyeva pul buraxıb. Bu, bizim aramızı vurmaq üçün düşünülmüş addım idi. Bu xəbəri yayanlar bizim münasibətlərimizi korlamaq istəyən şəxslər idi. O, adam müəyyən qədər istəyinə çatıb desəm, yanılmaram. Pərvin mənim çox yaxın dostumdur. Bizim münasibətlərimizə heç kim xələl gətirə bilməz. Daha sonra filmin posteri ilə bağlı problem yaşandı. Belə ki, filmin qala gecəsinə sayılı günlər qalsa da posteri paylaşmayan aktyorlarımız var. Mən məsləhət görüb o posteri təsdiqləmişdimsə onlar da posteri paylaşmalı idilər. Bəziləri hətta qalaya gəlmək istəmirlər. Mən heç kimi məcbur qalaya gətirməyəcəm. Allah hamısının köməyi olsun. Biz Azərbaycanın ilk qorxu filmini çəkmişiksə, burada qalaya gəlməmək ağılsızlıqdır. Biz hamımız sevinməliyik ki, belə bir işə imza atmışıq".
 
Yaranan qalmaqala münasibət bildirmək üçün aktrisa Pərvin Abıyevanın da fikirlərini soruşduq. Aktrisa Elvin Abdulla ilə uzun müddətdir dostluq etdiklərini filmə də böyük əmək verdiyini söyləyib. 
 
"Posteri bəyənmədiyim doğrudur. Lakin Elvindən küsməmişəm. Posterin yaxşı alınmaması Elvinin günahı deyil. Posteri hazırlayanın da, Elvinin də özünə görə səbəbləri var. Posterə qoyulan şəkil mənim obrazıma uyğun deyildi. Filmdə qorxaq bir qadın obrazını canlandırsam da posterdə cəsarətli bir xanım kimi təsvir edilmişəm. Şəkillərin də üzərində yaxşı işlənilməmişdi. Qalaya da qatılacam. Bu bizim əvvəldən birgə başladığımız işdir. Elvin bu ideyanı ilk dəfə mənimlə bölüşüb. Filmin büdcəsinə mən cibimdən pul verməmişəm. Mənim o qədər pulum yoxdur Elvinə 100-200 min verim ki, al film çək, məndə filmə çəkilim. Mən o qədər aciz deyiləm ki, hansısa filmə çəkilməyim üçün rejissora pul verim. Bu, ən səviyyəsiz bir şeydir. Bu, ən axmaq ən axırıncı yoldur. Biz Elvinlə birlikdə girmişik bu işə. Amma mən Elvinə film üçün bir qəpik də pul verməmişəm".
 
Qeyd edək ki, filmi gənc və istedadlı rejissor Elvin Abdulla ekranlaşdırıb. "Xənnas"da Zemfira Əbdülsəmədova, Hikmət Rəhimov, Qorqud Cəfər, Türkay Cəfərli, Pərvin Abıyeva, Nərgiz Əliyeva, Zarina Qurbanova və başqaları rol alıblar. Qeyd edək ki, filmin adı "Qurani-Kərim"də olan Nas surəsi ilə bağlıdır. Həmin surədə deyilir ki, "sığınıram Allaha, xənnaslıq edən şeytanın şərindən". Xənnaslıq istədiyini səndən almayınca əl çəkməyən varlığa deyirlər. Məhz buna görə film "Xənnas"adlanır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...