Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

DÜNYA GÖZLƏYİR - İnsanlar gözəgörünməz olacaq

Əgər hemoqlobin və melanin şəffaf və rəngsiz hala salınsa...

Yazıçı H.G.Vellsin “Görünməz adam” romanında bir fizikin insan bədənini görünməz etməsi barədə gördüyü işlərdən bəhs olunur. Haqqında film çəkilən ssenarinin reallıqda mümkün olub-olmaması mübahisəlidir. Əslində insan bədənini yaradan bütün detalların hamısı, başda su olmaqla şəffaf və rəngsizdir. İnsan bədəninə rəngi yalnız qandakı hemoqlobin, saç və gözlərə rəng verən melanin adlı piqment verir. Əgər bir üsulu tapılıb hemoqlobin və melanin şəffaf və rəngsiz hala salınsa, insan bədənini görünməz etmək mümkün olacaq. Bir cismi görünməz etmək üçün bu, üzərinə düşən işığı özünə çəkməlidir.

Kağızı təşkil edən sellüloza lifləri şəffafdır, amma kağız şəffaf deyil. Duz da şəffaf kristallardan ibarətdir, amma tökülmüş qabda ağ rəngdədir. Yəni, hər bir cismi təşkil edən zərrəciklər ən yüksək həddə şəffaflaşdırılsalar belə, bunu görünməz etmək mümkün deyil. Lakin ölmüş insan və heyvanların bəzi daxili orqanlarını təmizlədikdən sonra metil salisilatın içinə qoyan elm adamları bunları qabın içində görünməz edə biliblər. Amma bunu canlı insanın üzərində həyata keçirmək mümkün deyil. 

Gözləri gizlətmək

Okeanlarda yaşayan çox kiçik balıqlar var ki, bunlar şəffafdırlar. Bu şəffaflıq onları yırtıcılardan qorumaq üçün kamufilyaj rolunu oynasa da, rəngli gözləri onları ələ verir. Əgər bir insan üçün də görünməzlik reallaşsa, gözlərin rəngini dəyişdirmək mümkün deyil. Görünməz adam görülməməli, amma özü ətrafı görməlidir. Baxdığı obyekti görməsi və görüntünün gözlərinin tor qişaları üzərində əks olunması üçün işıq göz təbəqələrindən keçərək retinaya çatmalıdır. Lakin bu vaxt da görünməz adamın işığın bir qismini öz içinə çəkən, bir qismini də əks etdirən gözləri görünəcək. Vellsin qəhrəmanının isə gözləri görünmür, amma görür. Yəni, tamamilə görünməz olmaq üçün gözlər olmamalıdır. 

Super titrəmə və super lens

Nikol Niçoroviçi və Qrem Miltona görə, obyekt “super-lens” adlanan, işığı bükə bilən maddələrə yaxınlaşdırılarkən görünməz ola bilər. Elm adamları bu təsirə “anomalous localised resonance”, yəni, “anormal lokal titrəmə” deyirlər. Lakin mütəxəssislər hələlik bu üsulun riyazi hesablamalarını hazırladıqlarını bildirirlər ki, bu təcrübəni praktikada reallaşdırmaq mümkün deyil. 
Elm adamlarına görə, görünməzlik cihazlarını bir sıra kimyəvi maddələrdən hazırlanmış və təbiətxarici enerjilərə yönəldilə bilən super-lens texnologiyalarıyla hazırlamaq mümkündür. Toz hissəcikləri super-lensə yaxınlaşdırılanda güclü işıq titrəməylə ətrafa yayılmağa başlayır. İlk baxışda o təəssürat yarana bilər ki, ətrafa heç nə yayılmır. Təcrübədə isə fərqlidir, toz hissəcikləri işığı güclü titrəmə yaradan tezliklərlə dağıdır. Titrəmə hissəciklərin yaydığı işığı udur və bunları görünməz edir. Daha iri obyektləri isə hələlik görünməz etmək mümkün deyil. 

Görünməzlik plaşı

2006-cı ildə İngiltərə və ABŞ-dan olan elm adamları mis silindrli mikrodalğalar tərəfindən obyekti aşkar etməsinin qarşısını alan plaş hazırladılar. Cihaz yalnız iki ölçüdə və mikrodalğa altında çalışır. Amma cihazın yerləşdirildiyi obyekt ətrafa kölgə salır. İlk görünməzlik cihazının hazırlandığı Duke Universitetinin Elektrik və Kompüter Mühəndisliyi Fakültəsinin professoru David R.Smit qeyd edir ki, bu cihaz vasitəsilə hələlik Harri Potter və Trekin fantastik görünməzliyini əldə etmək mümkün deyil. Smitə görə, bir cismi gözün qarşısında yox etmək üçün cihazın istehsal etdiyi işıq ətrafa yayılan dalğalarla eyni rəngdə olmalıdır. Lakin amerikalı elm adamları gec-tez Harri Potteri görünməz edən plaşı əldə edəcəklərini və bunun üzərinə yerləşdirilən obyektin ətrafına kölgə salmayacağını bildiriblər. 

Saç darağı formasında konus üzərindən işığı plaşın ətrafından keçməyə məcbur etmək üçün müəyyən bucaq və uzunluqda yerləşdirilmiş kiçik metal iynələr lazımdır. Bu da konusun içindəki hər şeyin itməsini təmin edə bilər. Lakin professor Vladimir Şalayev amerikalı elm adamlarının bu iddiasını “cəfəngiyyat” adlandırıb: “Bunun absurd olduğunu düşünürəm, lakin fiziki qanunlarla üst-üstə düşür. Əgər bu baş tutsa, bu zaman Harri Potterin onu görünməz edən plaşını əldə etmək mümkün olacaq. Bu, ağır olmayacaq, çünki metal tərkibi az olacaq”.

Çevrilmə optikası və super optika

İngiltərənin İmperial Kollecinin professoru Con Pendri super optik xüsusiyyətləri olan obyektlərin işığı əmərək əks olunmasının qarşısını alan görünməzliyin yolunu axtarır. Meta-maddələr adı verilən və bu kimi işığı yox edə bilən obyektlər işıq şüalarını öz ətrafında fırlanmasını təmin edərək görünməzliyə çatır. Bu vəziyyətdə meta-maddələri əmələ gətirən metal və elektron komponentlər işığı əks etdirməyəcək formada çoxala bilirlər.
Pendrinin hazırladığı görünməzlik cihazı hələlik görünən işığın ətrafındakı dalğa tezliklərində işləyir. Görünən işıq dalğalarının tezliklərində görünməzlik cihazının hazırlanması üçün nano ölçüdə meta-maddələr istehsal etmək lazımdır. Lakin elm adamları nano ölçüdə metalların hissəciklərinə nəzarətin çətin olduğuna diqqət çəkirlər. 
Almaniyanın Karlsure Universitetinin elm adamları da cismin yaydığı şüaları nəzarət atına alaraq görünməz vəziyyətə gətirilməsi yönündə ciddi addımlar atıblar. Elm adamları çevrilmə optikası vasitəsilə görünməzliyi təmin etdiklərini iddia edirlər. Bu texnologiya ilə işığın yayılmasını yönəltmək və nəzarət altına almaq mümkündür. Elm adamları fotonik kristallardan istifadə edərək görünməzlik pərdəsi əldə ediblər. Bu pərdəylə qızıl qab üzərində kiçik bir kürəni görünməz etməyi bacardılar. Bu pərdəyə xüsusi lupalar bərkidilib. Pərdə və kürədən çıxan, görüntünü təmin edən işıq dalğalarını istiqamətləndirərək cismi gizlətmək mümkündür. Alman elm adamları insan və daha iri obyektlərin görünməz olmalarını təmin edən cihazıların, yaxud təcrübələrin hazırlanması üçün uzun illərin lazım olduğunu diqqətə çatdırıblar. 

Teleportasiya

İnsanın, yaxud hansısa bir cismin eyni anda bir məkanda yox olub, digər məkanda ortaya çıxması hadisəsi var, buna teleportasiya deyilir. Bir sıra elm adamlarına görə, teleportasiya gələcəkdə insanların görünməz olmaq arzularını gerçəkləşdirəcək vasitə olacaq və bu, digər nəzəriyyətlərdən daha realdır. Artıq bu sahədə yenilik var. 2006-cı ildə Danimarkanın Kopenhagen Universitetinin Niels Bohr İnstitutunun elm adamları kvant səviyyəsində qaz atomlarını bir nöqtədən digər nöqtəyə köçürülməsini (şüalanmasını), yaxud teleportasiya edilməsini bacarıblar. Hazırda atomlara yüklənən məlumatları fotonlar vasitəsilə teleportasiya etməyə çalışırlar. 
Maddənin teleportasiyası üçün bir cüt fotondan istifadə edilir. Bu cütü iki eyni xarakterə malik olan foton əmələ gətirir. Bu fotonlarla maddənin atomları şifrələnib (kvant şifrələməsi) digər mərkəzdəki fotonlara göndərilir. Şifrələr bu mərkəzdə işlənib, digər mərkəzdəki, eyni tipdə olan atomlara birləşdirilir və eyni maddə əldə edilir. Bu şəkildə maddəni daşımaq, yaxud elektron formada maddənin “kopiyalanması” mümkündür. Əməliyyatın sonunda orijinal maddə yox edilir.

Kvant dolanması

Təcrübələr Bohr İnstitutunun yeraltı laboratoriyasında həyata keçirilir. Burada içində milyardlarla sezium qaz atomları olan 2 şüşə qab var. Bu qablar bir-birilərinə bağlı deyillər. Lakin məlumat lazer şüaları vasitəsilə bir qabdan digər qaba teleportasiya edilir. İşıq əvvəlcə birinci şüşə qabın içinə göndərilir. Qablardakı işıq və qaz kvant dolanması vəziyyətini alır. Dolanma nəticəsində işıq və qaz arasında kvant xətti qurulur. Bir qabda baş verən proses digər qaba da təsir edir. 
Hər iki şüşə qab yeni maqnit sahəsi içindədir. Müəyyən bir dalğa tezliyində olan lazer şüaları qaz atomlarına dəyir və buna reaksiya verən atomların içində, lakin ən kənarda olan elektronlar eyni istiqamətə yönəlirlər. Bu istiqamət yuxarı, yaxud aşağı ola bilər. Bunun yuxarı və aşağı vəziyyətləri də kvant məlumatlarını təşkil edir. Sonrakı prosesdə kvant məlumatlarını özündə saxlayan fotonları (işıq elementlərini) yayır. İşıq içində qaz olan digər şüşə qaba göndərilir və kvant məlumatı bu işıqdan oxunur, detektorun köməyi ilə qeyd olunur. Detektordan gələn siqnal yenidən birinci şüşə qaba göndərilir və elektron atomlarının istiqaməti gələn siqnalla müəyyən edilir.
 
Yeni üsul

Təcrübələr yüksək istilik olan xüsusi otaqlarda həyata keçirilir. Beləliklə, qaz atomları şüşə qabın içində saniyədə 200 metrə qədər sürətlə hərəkət edirlər. Ancaq bu vəziyyətdə başqa bir problem yaranır. Şüşə qabın divarına intensiv şəkildə çırpılmalar şifrələnmiş kvant məlumatlarının itməsinə səbəb olur. Lakin araşdırma qrupu bunun üçün həll variantı hazırlayıb. Qrupun başçısı professor İgene Polzik bildirir ki, məlumatı saxlamaq üçün şüşə qabın içindəki divarına parafindən hazırlanmış başqa bir qab bərkidilir. Bu hissəyə qaz atomları yüksək sürətlə çırpılsa belə, şifrələr itmir. Təcrübənin əsas hissəsi isə fotonların kvant məlumatlarını yazan detektor hazırlamaq idi. Bu nöqtədə araşdırmaçılar fotonları effektli şəkildə təyin edə bilən detektor hazırlaya bildilər. Lakin Polzik laboratoriyaların böyük və geniş olmasına görə, qısa məsafədə məlumatları daşıdıqlarını deyir: “Bu nisbəti daha da böyütmək mümkündür. Məsələn, məlumatın daşınmasını peyklə edə bilsək çox əhəmiyyətli iş görə bilərik. Bu, gələcəkdə kvant ünsiyyət şəbəkəsinin inkişafı üçün vacib addım olardı”. 

“Virtual tibb” dövrü

Danimarkalı alimlərin təcrübəsindən sonra beynəlxalq tədqiqatçılarından ibarət qrup La Palma və Tenerife adaları arasında bir kvant bitini (qubit) 143 km-lik uzaqlığa teleportasiya edə bildi. Bu məsafə Yerə ən yaxın məsafədə yerləşən orbit peyklərinin dünya ilə aralarında olan məsafəyə bərabərdir. Yəni nəzəri olaraq, peyk səviyyəsində kvant ünsiyyət şəbəkəsi artıq qurulub. Mütəxəssislər hesab edirlər ki, kvant şüalanması yalnız nəqliyyat və rabitə sahəsində deyil, tibbi və hərbi sektorlarda da yeni inkişaflara yol açacaq. Tibbdə “virtual tibb” dövrü başlayacaq. Hər orqanın şifrələri “kopyalanaraq” saxlanılacaq, hansısa xəstəlik, yaxud qəza nəticəsində orqan zərər görəcəyi halda bu şifrələrdən istifadə edilərək, orqanı müalicəylə əvvəlki vəziyyətinə qaytarmaq mümkün olacaq.

Platonun dəbilqəsi

Bir sıra dünya xalqlarının folklor və əfsanələrində də görünməzlik məsələsi yer alıb. “Görünməzlik papağı” anlayışı var ki, buna daha çox yunan mifologiyasında rast gəlirik. Məsələn, Platonun onu görünməz edən dəbiqləsinin olduğu iddia edilir. Perseusla bağlı mifdə də görünməzlik dəbilqəsindən bəhs olunur. Bu mifə görə, Perseus bu dəbilqəni Afinadan borc alır və yatan Meduzanı öldürmək üçün istifadə edir. Oxşar dəbilqə Norveç mifologiyasına aid olan “Tarnelm” əfsanəsində də var. Qal mifologiyasına aid olan “Mabinogi”nin ikinci hissəsində Kasvallavn (yaxud Kassivellaunus) Karadoqap Branı görünməzlik plaşı geyərək öldürür.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...