Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Özünü şeyx adlandıranlar yalançıdır, islama dəvəti dayandırın!" - ərəb din xadimindən şok açıqlama - VİDEO

"İslam dünyasında, müsəlman ölkələrində insanları islama dəvət edən şəxslərin, qurumların, cəmiyyətlərin və təşkilatların fəaliyyətinə son qoyulmalıdır. "Dəvət" adı ilə pərdələnən bu insanlar və təşkilatlar islama xeyir yox, zərər verirlər".

Səudiyyə Ərəbistanının ən məşhur din xadimlərindən biri, üləma Həsən bin Fərhan əl Maliki "Rotana Xaliciyya" telekanalındakı "İctihad" proqramında belə deyib.

Əl Maliki Səudiyyə Ərəbistanı ilə bahəm, bütün ərəb ölkələrində tanınan, məşhur və nüfuzlu din xadimi, filosof, tarixçi və araşdırmaçıdır. Əvvəllər sələfi olduğunu etiraf edən Həsən bin Fərhan əl Maliki indi özünü "sadəcə, müsəlman" adlandırır.

Bu səbəbdən Səudiyyə Ərəbistanındakı şeyxlər onu sərt tənqid edirlər. Kimi əl Malikini "şiə", kimi "sünni", kimi də "zeydi" adlandırır.

O isə özünün "müsəlman, adi müsəlman" kimi təqdim olunmasını istəyir.

Təqiblərə və təhqirlərə məruz qalan əl Maliki işdən çıxarılıb, pasportu əlindən alınıb. Ona Səudiyyə Ərəbistanından çıxmaq yasaqlanıb. Bir çox ölkədən siyasi sığınacaqla bağlı təkliflər alsa da, əl Maliki hər şeyə rəğmən, vətənini tərk etməyəcəyini bəyan edib və Səudiyyə Ərəbistanında yaşamağa davam edir.

"Hədislərin işığında Əli bin Talibə sədaqət andı", "İslam tarixinin xilas yolları" və s. kimi kitabları böyük qalmaqallara səbəb olub, sələfilər tərəfindən "zərərli düşmən təbliğatı" kimi dəyərləndirilib.

"Hz.Məhəmmədə (s.ə.s), Allahın Nəbisinə və Rəsuluna belə "şeyx" demək olmaz"

Həsən bin Fərhan əl Maliki "İctihad" proqramında deyib: "Əvvəla, islamdakı "şeyx" məsələsinə toxunmaq istəyirəm. Qurani-Kərimə əsaslansaq, Allah-Təaladan savayı, kimsəyə "şeyx" demək olmaz. Ona görə də özlərini şeyx adlandıranlar yalançılar, dindən sui-istifadə edənlər, möminlərin hisslərini istismara uğradanlardır. "Şeyx" kəlməsinin məğzində fanatizm, kütlənin kor-koranə inancı var ki, bu, yanlışdır və əsla qəbul edilə bilməz. İslamda şeyx yoxdur, islamın özü bizim şeyximizdir, biz də islamın şagirdləri və tələbələriyik. İstənilən müsəlmanın əldə edə biləcəyi ən böyük uğur, çata biləcəyi ən yüksək mərtəbə islam şagirdi olmaqdır. Yəni metaforik olaraq yalnız Allah-Təalanın şeyx olduğunu düşünürəm. Çünki yalnız Allah islama nəyisə əlavə edərək islamdan nəyisə çıxara bilər. İnsan nəkaradır ki, fətva verə, "elə etmə, belə et" deyə?! Yəni Hz.Məhəmmədə (s.ə.s), Allahın Nəbisinə və Rəsuluna belə "şeyx" demək olmaz. Özlərini şeyx adlandıranlarsa elə davranırlar ki, sanki islam tələbədir, bunlar da islamın müəllimləri - müsəlmanlara yol göstərirlər, cəzalar verirlər, açıqlamalarla çıxış edirlər", - əl Maliki söyləyib.

"Hər kəs ki "mən sünniyəm" və ya "mən şiəyəm" deyərsə..."

"Allah-Təalanın dərgahında bütün müsəlmanlar bərabərdir və heç bir müsəlman kamil deyil. Kim Allahın Rəsulu ola bilər ki o Nəbidən başqa?! "Bəli, mən tam sünniyəm" və ya "tam şiəyəm" deyən insan, yəni hər kəs ki bunu deyərsə - özünün Rəsul olduğunu iddia etmiş olar. Anladınızmı?! Ona görə də indi istifadə olunan "ayətulla", "şeyx" və s. kimi sözləri əsla qəbul etmirəm. Allah mənə müsəlman olduğumu məcburi saymasaydı, "bəli, mən kamil müsəlmanam" deyə bilməzdim və demirəm də. Rəsulun sünnəti dürüst danışmaq, haramdan qaçmaq, ədalətli və vicdlanlı olmaqdır. Nəbinin sünnəti Qurandır və Hz.Aişə də demişdi: "Onun xasiyyəti, məğzi Qurandır". Yəni Rəsulullahın elmi, yasaqları, buyruqlarının hamısı Qurandır.

"Quranda "düşünün", "təhlil edin", "fikirləşin" kəlmələri "iman edin" sözlərindən dəfələrlə çoxdur"

"Quran bizi düşünməyə çağırır. Quranda "düşünün", "təhlil edin", "fikirləşin" kəlmələri "iman edin" sözlərindən dəfələrlə çoxdur. Əfsuslar olsun ki, indiki islamda kor-koranə inanc ağlı və intellekti üstəlyib. İslamı nə üçün anlamağa, Quranı tədqiq etməyə, dünyanı, insanı və kainatı tam başa düşməyə çalışmırıq?!

Müsəlmanlar ağla və intellektə tapınmalıdırlar. Axı Quranda dəfələrlə ağıldan, zəkadan bəhs olunur. Peyğəmbərimiz ən ağıllı, ən intellektli insan idi. Hanı onun sünnəti?! Yəni mən "sünniyəm" deyəndə gərək o sünnətə tam əməl edəm və ya "şiəyəm" söyləyəndə buyruqların hamısını gerçəkləşdirəm. Alınmır. Ona görə də özümü sadəcə, müsəlman sayıram. Dediklərim bütün müsəlmanlara aiddir. Heç bir müsəlman "mən mükəmməl müsəlmanam" deyə bilməz".

"İslama dəvət edənlər əslində islama hücum edirlər"

"Bütün müsəlman ölkələrində insanları islama dəvət edən təşkilatlar, şəxslər, qurumlar var. Bu dəvət deyil, əslində islama hücumdur. Həmin insanların, təşkilatların fəaliyyətləri dərhal dayandırılmalıdır.

Niyə?! Çünki müsəlman özü də bilmədən, sövqi-təbii olaraq, davranışı, mənəviyyatı, yaşamı və prinsipləri, habelə əməlləri ilə başqalarını islama dəvət etməlidir. Belə adama baxan qeyri-müsəlmanlar "islam nə gözəl dindir" deməli, islama gəlməlidirlər. Şirnikdirmə, vəd etmə, illah da hədələmə ilə islama dəvət olmaz, olmamalıdır. Dəvət sözlə yox, əməllə olmalıdır. Müsəlman öncə özü islamı anlamalı, sonra başqalarını islama dəvət etməlidir. Dəvət edənlər şəhadətdən, cihaddan danışırlar. Halbuki bu dəvətlə islama üz tutan məzhəbə girir, islama yox. Bu, məzhəb versiyasıdır - islamın ilahi versiyası yox. Halbuki islama dəvət örnəklə, sidq ilə olmalıdır. İslama dəvət edənlər haramdan, donuz əti yeməməkdən, spirtli içki içməməkdən, orucdan və namazdan danışırlar. Yaxşı, bunların hamısı gözəldir. Bəs ədalətli, vicdanlı, dürüst olmaq öncəliyi harada qaldı?! Axı Allah-Təala müsəlmana namazdan da əvvəl ədalətli və halal davranmağı buyurub".

"Hədislərə ehtiyatlı yanaşın"

"İndi hədis kimi təqdim olunan açıqlamaların çoxu Qurani-Kərimdə olmayan iddialar və buyruqlardır. Siyasətçilər, vaizlər, özlərini "şeyx" adlandıran insanlar belə uydurma hədislərlə kütləni idarə etməyə çalışırlar. Şeytan ağıllıdır, hiyləgərdir. O, pis xislətini, çirkin əməllərini yaymaq üçün ilahi mətnlərə yalandan istinadlar etdirir, kölələrinə bu minvalla çirkablı yalanlar yaydırır və müsəlmanları yoldan çıxarmağa çalışır. Qətiyyətlə deyirəm ki, Qurana istinadla söylənilən hədislərin əksəriyyəti Rəsulillah tərəfindən söylənməyib. Soruşuram: Rəsulillah o sözləri demədisə, həmin "hədis"ləri kim "istehsal" etdi?! Hz.Adəmdən bəri Şeytanın çox böyük təcrübəsi var. Adəmdən bəri Şeytan insanların qəlblərinə vəi ruhlarına girir. Şeytan vaizlərin, siyaçətçilərin, fırıldaqçı din xadimlərinin beyninə girir, yalançı "hədis"lər belə yayılır".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...