Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Quranda gələcəyi GÖRMƏK MÜMKÜNDÜRMÜ? - İlahiyatçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi Bakıda tələbə, yetkinlik yaşına yenicə çatmış qızları sosial şəbəkələr üzərindən "ov”layan falçı peyda olub. Pessimist ruhda statuslar yazan 18-20 yaşlı qızlara bir xanım profil üzərindən köməklik təklif olunub. Qızlar Yasamaldakı evə dəvət edilib. Orada bihuşedici maddə qatılmış çay, su verilib. Qızları yuxuya verib bakirəliklərini pozublar. Özlərini də təhdid edib, bu haqda heç kimə məlumat verməməyi tapşırıblar.

Təəssüf ki, son zamanlar Azərbaycanda insanaları aldadan bu cür falçıların sayı artmaqdadır. Çoxları öz iyrənc əməllərində “Qurani Kərim”dən də istifadə edirlər. Ümumiyyətlə “Quran Kərim”də gələcəyi görmək mümkündürmü?

Bununla bağlı BiG.AZ-a açıqlama verən ilahiyatçı alim Əkrəm Həsənov qeyd edib ki, hər bir cəmiyyətdə ayrı-ayrı fərdlər öz problemləri qarşısında çox hallarda aciz qalır: “İnsan elə bir vəziyyətə gəlib çıxa bilir ki, özünü tənha hesab edir, yaxud da elə bir vəziyyətə gəlir ki, sıxıntısının nə vaxtsa gedəcəyini dəqiq bilmək istəyir. Sanki insanlar unudurlar ki, həyat heç də tam mənası ilə yaxşı və mükəmməl ola bilməz. Bütün bu sıxıntılar və problemlər qarşısında özünü tək, yalnız, tənha hiss edən insan bu vəziyyətdən xilas olmaq üçün müxtəlif yollar axtarır. Bu yolların halal və haram olması onu maraqlandırmır. Bəzən o qədər sıxıntı çəkir ki, bunu həll etmək üçün müxtəlif üsullara əl atır. Bu üsullardan biri də bu gün çoxlarının sıxıntısını aparmaq üçün müraciət etdikləri falçılardır. İnsanlar elə zənn edirlər ki, falçılara getdikdə onların işləri düzəlir və qabaqcadan nəyisə falçı vasitəsi ilə həll eləmək mümkün olur. Əslində isə bu özünü aldatmaq sayılır. Eyni zamanda daha mühümü odur ki, falçı yanına getmək Allaha şərik qoşmaq olan ən birinci və böyük günahlardan biri sayılır. Əgər bütün günahları sıralasaq onda günahları böyük və kiçik günahlar deyə iki hissəyə bölmək olar. Böyük günahların da ən böyüyü ən əvvəl bəhs etdiyimiz Allaha ibadətdə, itaətdə, zikrdə, duada, sevgidə, qorxuda, təvəkküldə, istəmədə, nəzir vermədə, sədəqə vermədə Allahla bərabər bir piri, seyidi, peyğəmbəri, övliyanı şərik qoşmaqdır. Qurani Kərimdə hər bir insanın xüsusi həyatı haqqında heç bir məlumat yazılmayıb ki, kimisə də falçı aldadıb desin ki, guya onun haqqında Quranda nəsə yazılıb. Buna inanan insan ancaq avam insan ola bilər. Bizim çevrəmiz ümumiyyətlə dinə qarşı, islam dinimizi elmi şəkildə öyrənməyə qarşı çox səhlənkar yanaşır və bunun nəticəsində acı aqibətlə qarşı-qarşıya qalır”. 

Quranda gələcəyi GÖRMƏK MÜMKÜNDÜRMÜ? İlahiyatçıdan AÇIQLAMA

Əkrəm Həsənov vurğulayıb ki, ümumiyyətlə isə islam dininə görə falçı yanına getmək qəti qadağan olunub. Allah rəsulunun çox saylı hədisləri və islam alimlərinin rəyləri nəticəsində deyə bilərik ki, falçı yanına gedən böyük bir günah işlətmiş olur. Siz təsəvvür edin ki, falçı yanına getməyin günahı həddən çox spirtli içki içməklə eyni günahı və daha artığını insana qazandırır. Çünki, Allah Rəsulu (ona və ailəsinə salam olsun) həm falçı, kahin və.s. talehə baxmaq üçün hansısa molla yanına gedənin 40 gün ibadətlərinin qəbul olunmayacağını, eyni ilə spirtli içkiləri içənin də 40 gün ibadətlərinin qəbul olunmayacağını bildirib. Allah Təalanın bağışlamadığı, böyük günah Allaha şərik qoşmaqdırsa ikincisi sehr-cadu, falçılıq ilə məşğul olmaq, falçı yanına getməkdir. Sehr-cadu, falçılıq insanı həlak edən yeddi böyük günahların ən böyüklərindən biridir. Sehrlə məşğul olmaq insana böyük zərər verir və dünya və axirətdə insanın bədbəxt olmasına gətirib çıxarır. Allah Təala cadu edənlər haqqında buyurur: “Onlar ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 102-ci ayə). Başqa bir ayədə Uca Allah sehr-cadu ilə məşğul olanlar haqqında belə buyurur: “Sehrbaz isə, hara gedirsə getsin, mətləbinə çatmaz!”(Müqəddəs Quran, “Taha” surəsi, 69-cu ayə). Bəzi alimlər deyirlər ki, sehr-cadu edən insan dindən çıxaraq kafir olur. Sehrlə məşğul olanların kafir olmasını Uca Allah bizə xəbər verib: “Süleyman kafir olmadı, lakin şeytanlar (bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki (o iki mələk): “Biz (Allah tərəfindən göndərilmiş) imtahanıq (sınağıq), sən gəl kafir olma!” – deməmiş heç kəsə sehr öyrətmirdilər”(Müqəddəs Quran, “Bəqərə” surəsi, 102-ci ayə). Bu gün sehrlə məşğul olaraq çoxlu pul toplayan qadın və kişi mollalar özlərini müsəlman göstərmək üçün insanları aldadaraq guya dinlə məşğul olduqlarını, hətta Həccə gedərək “həci” olduqlarını elan etməklə çox asan üsulla insanları öz yalançı hiylələrinə inandıra bilirlər”. Halbuki sehr etmək üçün insan ancaq böyük bir günah etməlidir ki, sehr etməyi bacarsın. Çünki sehri qadınların və ya kişilərin çoxu cinlərdən olan şeytanların köməyi ilə edirlər. Bunun üçün isə həmin sehrlə məşğul olan şəxs çox böyük bir günah etməlidir ki, şeytanlar onun dostu olsun. Məsələn, Quranı pisləməlidirlər ki, şeytanlar onların dostu olsun və bununla da hansısa bir insana müsbət və mənfi təsir göstərə bilsinlər. Buna görə də bu cür gələcəkdən xəbər verən, lap yaxşılığa etdiyini iddia etsə də, sehrlə məşğul olanın yanına getmək, onların günahına şərik olmaq da çox böyük günahdır. Həqiqətən də insanların çoxu bu günahlara meyl edərək daha da yaxşı olan vəziyyətlərini pisləşdirirlər. Çox hallarda belə insanlarda psixoloji problemlər olur. Həmişə Allahdan ümidini kəsib xəstə vəziyyətinə düşür, sehr edən şəxsə bağlı olur, onun dediklərini edərək əlavə xəstəliklər də tapır. Sehr edən şəxsdən asılı vəziyyətə, onun qulluqçusu halına gəlir. Allaha pənah aparırıq. Allahdan kömək istəyirik ki, cəmiyyətimiz belə xəstəliklərdən xilas olsun. İslam hüquq alimlərinə görə sehr edənin cəzası onu öldürməkdir. 

Əkrəm Həsənov söyləyib ki, bizim hüquqda öldürmək cəzası olmadığı üçün sehr edənə ömürlük həbs cəzası verilməlidir: “Çünki sehr edən şəxs sehri ilə insanların xəstələnməsinə, əziyyət çəkməsinə, hətta çox hallarda insanların ölməsinə səbəb olurlar. İnsanı birdən birə öldürməklə sehr vasitəsi ilə öldürmək arasında fərq ondadır ki, birdən birə əziyyətsiz öldürürsən. Sehr edib, xəstələndirib öldürməyin cəzası isə daha da şiddətli olmalıdır. Buna görə də xalqımız bu cür yalan vədlər verən, insanların xəstələnməsinə, ölməsinə səbəb olan cadugər qadınların və kişilərin yanına getməkdən çəkinməlidirlər. Bu həqiqətən də dünya və axirətdə böyük bir təhlükədir. Sehr edənin qazancı murdar və haram qazancdır. Bəzi Allaha imanı zəif olan, Allahdan xəbərsiz olan, elmi olmayan insanlar sehr etməklə və etdirməklə başqalarına düşmənçilik edir, başqalarının, yuxarıda da qeyd etdiyimiz kimi, xəstələnməsinə və ölməsinə səbəb olur. İmanı zəif insanlar da bu cür sehrdən, xəstəlikdən qurtarmaq üçün yenə də sehr edənin yanına gedərək özünü müalicə etdirir. Artıq buradan da gördüyümüz kimi sehr edən qadın insanları aldadaraq onların birindən pul alıb sehr etdirir, digərindən də pul alıb guya sehri batil etdirir. Bu isə artıq insana böyük zərər vurur. İnsanlar sehr-cadu edənlərin yanına getməməli, onların sözlərini təsdiq etməməli, onlara inanmamalıdırlar. Qızların bakirəliyinin pozulmasına səbəb olan həmin falçıya ən ağır cəza verilməlidir ki, başqalarına da dərs olsun. Həmçinin burada qızların özlərinin də günahı olub ki, Allaha dua edib kömək istəmək əvəzinə hansısa bir şəxsdən yardım tələb edirlər. Bu da mənəvi elmin azlığından xəbər verir. Hər bir insan Allaha aid olan şəriət elmlərini öyrənməli, savadlarını artırmalıdırlar ki, hansısa yalançı bir falçı onları tovlayıb aldada bilməsin”.

İlahiyyətçi onu da qeyd edib ki, “Qurani Kərim”də gələcəyi görmək mümükün deyil: “Çünki, Quranda olan bir çox ayələrdə qeybi, yəni gələcəyi bilmək ancaq Allaha aid olduğu, heç Peyğəmbərin belə qeybi bilmədiyi vurğulanmışdır. Misal üçün hamımızın bildiyi məşhur Ayəti Kürsü dediyimiz Bəqərə surəsinin 255-256-cı ayələrində də gələcəyin heç kimin bilməməsi, yalnız Allahın bilməsi vurğulanır. Allah Rəsulu özü də deyib ki, mən gələcəyi dəqiq deyə bilmərəm, mən yalnız mənə gələn vəhyi sizə çatdırıram. Quranda gələcəyi görmək, kiminsə şəxsi həyatı barədə gələcəkdə nələr olacağı yazılmayıb. Ancaq keçmiş bəzi peyğəmbərlərin qısa həyatına və hikmətli sözlərinə toxunulub”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...