Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Cangüdəni vasitəsilə oğlunu gecə lüt soyundurub küçəyə qovmasını..."

İş adamı Füzuli Fərəcovun oğlu 14 yaşlı Ağaəli Fərəcovun idarə etdiyi “Porsche” markalı 99-BS-999 dövlət nömrəli avtomobili ilə 24 yaşlı Xəyalə Məmmədovanı vuraraq öldürdüyü xəbəri ilə indilərdə tanış oldum. 

Günahkarlar siyahısını sadalamaq fikrim yoxdur, onsuz da hamı bilir. Əlbəttə X.Məmmədovanın ölümü faciədir. Ancaq əmin olun, ondan da böyük faciələr Füzuli Fərəcovu gözləyir. Həmişə dediklərimi bir daha təkrarlayıram, həyat çox ədalətlidir. 59 yaşımın 35 ilini hüquq sahəsində çalışmışam. Balalarını bu cür «sevərək» böyüdənlərin faciələrini heç kimə arzulamıram. Prokurorluq sistemində çox yüksək vəzifə tutan ən azından iki nəfərin balalarının onlara yaratdıqları problemlərdən, utanclardan dolayı onların ölümünü arzuladığını şəxsən eşitmişəm. Həmin prokurorlardan birinin oğlunun yas mərasimində mənimlə yanaşı oturan bir icra başçısının «mənimki də bir avariyada ölsəydi canım qurtarardı» ifadəsi bu dəqiqə də qulaqlarımı deşir. 

Bu cür ərköyün böyüyən başqa bir balanın atasına «20 min dollar verməsən maşınımı sizin nazirliyə çırparam, onda nazirə 5 qatını verərsən» deməsini də eşitmişəm. Bakıda məhkəmə sədri olan birisinin elə yaxın zamanlarda ərköyün oğlunun evdən növbəti dəfə pul oğurlanmasından sonra öz cangüdəni vasitəsi ilə oğlunu gecə lüt soyundurub küçəyə qovmasını da bilənlər var. Bu dəhşətlərin sayını artırmaq da olar. Həmin balaların da hamısına ataları çox «sevdiklərindən» hər şeyi rəva bilirdilər, bircə zəhmət, halal əmək anlayışlarından başqa...    Bu balaların hamısına səmimi qəlbdən yazığım gəlir, çünki onların baş verənlərin heç birində günahları yoxdur, sadəcə onların bəxti valideynlərindən sarı gətirməyib. Onlara, əslində onları sevməyən valideynlər qismət olub. Ona görə ki, balasını sevən valideyn ona körpəlikdən zəhməti, özlərinə "yox" deməyi öyrətməlidir, canlarının rahatlığı üçün hər istəklərini təmin etməməlidir.
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...