Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Deputat: Pullu imtahanlarla gələcəyimizə balta vururuq

“İmtahanların pullu olması çox acınacaqlı vəziyyət yaradıb. İnsanlar var ki, övladları ali məktəbə qəbul olunduqdan sonra, pul tapıb onları oxutdura bilmir. 

Belə vəziyyəti yaşayan ailələr olduğu zamanda üstəlik imtahanları da pullu edirik. Bu da minlərlə imkansız insanın sosial durumuna mənfi təsir edir”.

Mynews.az Modern.az-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Tahir Kərimli deyib. 

“Məsələn, bəyənmədiyimiz Liviyada bütün təhsil sistemi dövlətin hesabına həyata keçirilir. Azərbaycan cəmiyyətində isə gözümüz görə-görə minlərlə gənc təhsildən uzaqlaşdırılır. Çünki adi imtahan verməyə imkanı çatmır. Uşaqlarımızın təhsildən kənar qalmasına nə ad vermək olar?! 1947-ci ildə Yaponiyada imperator İro Hito yeni Konstitusiya qəbul etdi. 

Konstitusiyaya əsasən, hərbi sahəyə pul ayrılmadı. Bütün pulu təhsilə qoydular. Bununla da, Yaponiyada tərəqqi baş verdi. Bizim cəmiyyətimizin gələcəyinin hansı vəziyyətdə olması təhsilin səviyyəsindən asılıdır. Bu cür məsələlər gələcəyimizə balta vurmaqdan başqa bir şey deyil. Bunu ürək ağrısı ilə deyirəm”. 

Tahir Kərimli, maraqlı bir təklif də irəli sürüb:

“Artıq iş-işdən keçib. Belə bir vəziyyətdə çıxış yolu tapmaq lazımdır. Düşünürəm ki, DİM-i  publik-hüquqi şəxs vəziyyətindən çıxarmaq mümkün olmayacaq. Hesab edirəm ki, könüllük prinsipi ilə kim dövlət imtahanında iştirak etmək üçün pul ayırıb verə bilirsə, onlar versin. İmkanı olmayanlar üçün isə dövlət tərəfindən pul ayrılsın. 

Vaxtilə bu sahəyə nə qədər pul ayrılırdı. 7 milyon manat pulla bu məsələ həll olunurdu. Heç olmasa 1-2 milyon pul ayrılsın ki, imkansız ailələrin övladları imtahana pul ödəməsinlər. 

Dövlətimizin buna imkanı var. Konstitusiyamıza əsasən, Azərbaycan sosial dövlətdir. Cənab prezident də sosial sahəni müdafiə edir. Birinci vitse-prezident də bu sahəyə çox ciddi əhəmiyyət verir. Hesab edirəm ki, bu sahəyə müəyyən qədər vəsait ayrılar və bu məsələ də həll olunar”.

Qeyd edək ki, bu ildən Azərbaycanda abituriyentlər üçün ali məktəblərə qəbul və sınaq imtahanları pullu olub. Tarif Şurası Dövlət İmtahan Mərkəzinin (DİM) müraciəti əsasında pullu imtahanlar üçün müvafiq məbləğlər müəyyənləşdirib - qəbul imtahanlarında iştirak 40 manat; sınaq imtahanlarında iştirak 20 manat.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...