Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən - AÇIQLAMA

Orxan Mansurzadə: Reydlərlə bağlı hər hansı bilgiləri varsa, DİN-in aidiyyatı xidmətlərinə təqdim edə bilərlər

Vətəndaşların nigah haqqında şəhadətnamə təqdim etmədikləri təqdirdə mehmanxanalarda, digər istirahət mərkəzlərində polis əməkdaşları tərəfindən qəfil reydlərin və yoxlamaların keçirilməsi barədə yazılara Daxili İşlər Nazirliyindən münasibət bildirilib.

DİN Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə Bizimyol.info saytına açıqlqamasında deyib ki, səslənmiş iddiaların heç bir məntiqi və hüquqi əsası yoxdur.

"Araşdırma kimi təqdim olunan, ümumilikdə polisə yönəlmiş ittiham xarakterli fikirlər əslində kimlərsə tərəfindən səsləndirildiyi bilinməyən, daha çox şayiə, qeybət xarakterli, konkret heç bir fakta, dəlil-sübuta söykənməyən dezinformasiyalardır. 

Qeyd etməyi lazım bilirik ki, nə Nazirliyin aidiyyatı qurumu, nə də ərazi polis orqanlarının əməkdaşları tərəfindən respublikamızın müxtəlif bölgələrində yerləşmiş otellərdə, digər istirahət mərkəzlərində sözügedən "araşdırma" materialında  göstərilmiş şəkildə hər hansı reyd və ya yoxlama aparılmır, buna görə də hansısa mehmanxana sahibləri, turizm sahəsində fəaliyyət göstərən sahibkarlar cərimə olunmur. Əgər yazı müəllifləri iddia etdikləri reydlərlə bağlı hər hansı bilgiyə, konkret fakta malikdirlərsə, o zaman həmin məlumat(lar)ı müvafiq araşdırmanın aparılması üçün Daxili İşlər Nazirliyin aidiyyatı xidmətlərinə təqdim edə bilərlər. Əgər belə informasiya yoxdursa, iddialar yalan və böhtan xarakterlidirsə, o zaman xatırlatmaq istərdik ki, mövcud qanunvericiliyin tələblərinə görə onların anonim xarakterli, heç bir rəsmi qurumla dəqiqləşdirilməyən həqiqətdən uzaq fikirləri ümumilikdə polisin işgüzar nüfuzuna və imicinə qəsdən xələl  gətirən məlumatlar hesab edilir ki, bu da məsuliyyət doğurur" - deyə O.Mansurzadə bildirib. 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...