Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda intiharlar niyə artır? - Baş psixiatr “İnsanlar reallıqdan qaçır” dedi

Azərbaycanda son iki gündə 5 intihar hadisəsinin baş verməsi ciddi siqnal kimi dəyərləndirilir. Azərbaycanın intihar statistikası günü-gündən genişlənir. Mövcud vəziyyət sosioloqları da narahat edir. 

Sosioloq Əhməd Abbasbəyli Cebhe.info-ya bildirib ki, dünyada intihar statistikasına görə, daha çox şimal qütbündə yaşayan ölkələr ön planda olub. Yəqin ki, hava şəraiti ilə əlaqədar olaraq insanlar yaranan depressiyanın təsirindən intihara əl atıb. Lakin son zamanlar bütün dünya ölkələri, o cümlədən də Azərbaycanda bu rəqəm böyüyüb. Bunun isə müxtəlif səbəbləri var: 

“Öncələr dumanlı, çiskinli hava şəraitinin hakimlik etdiyi ölkələr intihar statistikasına görə ön cərgələrdə qərarlaşırdı. Halbuki bu ölkələrin iqtisadi vəziyyətləri kifayət qədər normal olub. Son zamanlar dünyanın müxtəlif ölkələr intihar edənlərin sayı artıb. O cümlədən də Azərbaycanda. Əlbəttə, intiharları yalnız bir səbəblə əlaqələndirmək mümkün deyil. Bunun müxtəlif səbəbləri var”. 

Sosioloqun sözlərinə görə, baş verən intihar hadisələrində fəslin, soyuq hava şəraitinin müəyyən rolu olsa da, bütün intiharları bununla əlaqələndirmək olmaz: 

“Əlbəttə, baş verən intiharlarda fəsil amillərlə yanaşı, sosial-iqtisadi vəziyyətin gərgin olmasının da xüsusi çəkisi var. Son dövrlər dolların bahalaşması ilə əlaqədar olaraq kreditlərdə yaranan problemlər, o cümlədən də insanların psixoloji gərginlikləri baş verən intiharlara səbəb ola bilər. Müşahidə edə bilərsiz ki, Azərbaycandan fərqli olaraq xaricdə insanların üzündə bir gülüş var. Bizdə isə əksinədir. İnsanların üzündə bir qaşqabaqlı ifadə var, hamı harasa tələsir. Camaat daha çox ciddi olmağa çalışır”. 

Sosioloqun sözlərinə görə, müharibə şəraitində yaşayan ölkədə yayılan informasiyaların da baş verən arzuolunmaz hadisələrdə xüsusi çəkisi var: 

“Çox primitiv hesab edilən amillər də intihar statistikasının artmasına kömək edir. Məsələn, kommunal xərclərin artması insanları daha çox yükləyir. İntiharlara əsas səbəb müasir dövrün artmaqda olan qlobal problemləridir”. 

Demək olar ki, gün ərzində iki intihar baş verir. İntiharlar müxtəlif səbəblərdən baş verə bilər. Heç şübhəsiz ki, burada medianın təbliğat üsullarının da rolu var. Bir müddət öncə Verter sindromu haqda ətraflı məlumat vermişdik. Bəzi ekspertlər Verter Sindromunun, yəni baş verən intiharın detallarının açıq-aşkar təbliğinin növbəti intihar hadisələrində rolunu inkar etsələr də, digər mütəxəssislər bu amil üzərində dayanırlar. 

Psixoloji Sağlamlıq Mərkəzinin baş psixiatrı Fuad İsmayılov Cebhe.info-ya açıqlamasında intiharların baş vermə səbəblərindən danışıb: 

“Yalnız o şəxslər intihar edir ki, onların daxili böhranları var. Krizis dövrü olmadan düşünmürəm ki, insan intihara əl ata bilər”. 

F.İsmayılovun sözlərinə görə, insanın daxili və xarici resursları da önəmli amildir. F.İmsayılov digər ekspertlərdən fərqli olaraq deyir ki, Azərbaycanda intihar statistikası öncəki bir illə müqayisədə aşağı düşüb: 

“Ötən il ərzində intiharların sayında azalma olub. Baş Prokurorluğun yaydığı rəsmi məlumata görə, 2016-cı il ərzində 327 intihar hadisəsi baş verib. 2015-ci ildə isə bu rəqəm 500-ə yaxın olub”. 

Baş psixiatrın sözlərinə görə, intiharların səbəblərini aydınlaşdırmaq o qədər də asan və qısa zaman tələb edən proses deyil: 

"İntiharların səbəblərini araşdırmaq üçün 5 milyon arasında araşdırma aparmaq lazımdır. Azərbaycanda hər 100 min nəfərə 3.5 intihar hadisəsi düşürsə, ən azı 5 milyon arasında sorğu aparmaq lazımdır”. 

Baş psixiatr deyir ki, intiharların baş verməsində əsas səbəb insanların reallıqdan qaçmasıdır: 

“Reallıq o qədər pisdir ki, problemlər içində üzən insan qərara gəlir ki, intihar edib, bu girdabdan yaxa qurtarsın. Yaxud da sağalmaz xəstəliyə düçar olan şəxslər əzabdan qurtulmaq üçün bu yola əl atırlar. Məsələn, onkoloji xəstələr var ki, onların yaşama ümidləri olmadığı üçün intihara cəhd edir. Bununla yanaşı müxtəlif qumar oyunlarında pul itirən şəxslər də intihara meyilli olurlar. Bu yaxınlarda mərkəzimizə müraciət edənlərdən biri də Topaz Şans Oyunlarında uduzanlardan biri idi. Qumarda həddindən artıq pul itirən bu şəxs reallıqdan qaçmaq üçün intihara əl atırdı. Depressiyada olan insanlar arasında da intihara meyillilik var. Səbəb bu şəxslərin özünü cəmiyyət üçün lüzumsuz hesab etməsidir. Belə şəxslərdə özünə qarşı müəyyən nifrət olur. Ər-arvad kimi normal şəxsi münasibətləri olmayanlar da, qarşı tərəfi cəzalandırmaq üçün özünə xəsarət yetirərək intihara əl atır”. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...