Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İş qadınları necə geyinməlidir? - VİDEO

İş adamları təkcə uğurlu karyeraları ilə deyil, bir çox hallarda həm də geyim tərzləri ilə diqqət mərkəzində olurlar. Xüsusilə də xanımlar. Bəzi müəssisələrdə dress-code tətbiq edilsə də, rəhbər şəxslər zövqlərinə uyğun geyim seçməkdə sərbəstdirlər. Bəs görəsən, iş xanımı necə geyinməlidir?

Modelyer Gülnarə Xəlilova deyir ki, bəzi xanımlarımız işlədikləri işə, getdikləri yerə uyğun düzgün seçim edirlər və zövqlə seçim edirlər: "Əlbəttə ki, gündəlik iş həyatında parıltısız, daş-qaşsız, daha ciddi görünüşü olan ikili dəstlərdən, birli, üçlü dəst geyimlərdən istifadə etməlidirlər”.

Modelyer iş mühitində tanınan simaların zövqündən razıdır: “Son illər yetəri qədər zövqlü xanımlarımız, bəylərimiz var ki, geyimlərini düzgün seçirlər və ya özləri seçə bilmirlərsə, köməkdən istifadə edirlər. Amma heç nə 100 faiz olmur. Əlbəttə, əskiklər də var”.

Gülnarə xanım hesab edir ki, iş qadınlarının şou-biznes nümayəndəsi kimi geyinməsi qəbuledilməzdir. Bu, həmin insan haqqında qeyri-ciddi fikir formalaşdırır.

O ki qaldı iş qadınlarına, onlar gündəlik həyatda bir çox hallarda öz zövqlərinə güvənirlər. Ləman Əsgərova peşəkar interyer dizayneridir. Özünün şirkəti var. Dizayner olduğundan, dəbi daim izləyir. Çünki geyim dəbində müşahidə olunan trendlər bir müddət sonra mütləq interyer dizayna gəlir: “Keçən il məsələn, “Gucci”, “Prado” kimi trendmeykerlər yun corabla açıq formalı yay ayaqqabısını dəbə salıblar. Əlbəttə, mən belə geyinmərəm. Çünki mənim gözümdə bu, gözəl deyil. Dəbdədirsə, mənim xoşuma gəlirsə, mənim bədən quruluşuma yaraşandırsa, mən onu alıb geyərəm. Amma daha çox öz zövqümə güvənirəm”.

Ləman xanım kifayət qədər aktiv həyat tərzi keçirdiyindən, rahat geyimə üstünlük verir. Alış-verişi əsasən internet vasitəsilə edir. Ziyafət geyimləri mövzusunda modelyerlərlə məsləhətləşir. O ki qaldı brendlərə, dizayner markaların təqdim etdiyi geyimlərə diqqət edir: “Trendmeykerlər olmasa, ekonom markalar gözəl geyimləri istehsala buraxa bilməyəcəklər. Mən görürəm ki, ekonom markalarda güllü paltarlar və etnik paltarlar artıq gəlib. Yarım il, bir il sonra, amma gəlib”.

Ləman Əsgərova həmcinslərinə rahat geyinməyi məsləhət görür. Onun fikrincə, iş görüşməsinə idman ayaqqabısı ilə getmək o demək deyil ki, o iş alınmayacaq. O ki qaldı büdcəyə, Ləman xanımın fikrincə, kiçik məbləğlə də zövqlə geyinmək mümkündür.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...