Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azyaşlı qızla intim münasibətdə olub özünə arvad etdi, sonra qardaşı... - Masallıda DƏHŞƏT

16 yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda təqsirli bilinən Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Pərviz Nəzərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Mynews.az Publika.az-a istinadən xəbər verir ki, Pərviz Nəzərov evlənmək məqsədilə yetkinlik yaşına çatmayan 1995-ci il təvəllüdlü Əfsanə Məmmədova (ad və soyad şərti verilib – red.) evlənib və 16 yaşına çatmayan qızla cinsi əlaqəyə girib. Onların toyu olan zaman Əfsanənin 16 yaşı tamam olmayıb. Bu toydan 6 il sonra Əfsanənin valideynləri polisə şikayət ediblər.

“Atası evindən gəlin köçüb”

Pərviz Nəzərov Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham edilib.

Məhkəmədə ifadə verən Pərviz Nəzərov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, deyib ki, həmyerlisi Əfsanə Məmmədova ilə 2010-cu ildə ailə həyatı qurub: “Əfsanə ilə toy şənliyimiz yaşadığımız Şatıroba kəndindəki evimizin həyətində baş tutub. Əfsanə həmin kənddə olan atası evindən gəlin köçüb. Toydan sonra Əfsanə ilə ilk dəfə mənimlə könüllü razılığı əsasında ər-arvad münasibətində olmuşuq”.

“Yaşından şübhələnməmişəm”

Pərviz Nəzərov bildirib ki, Əfsanə ilə birgə münasibətlərindən 2011-ci il tarixdə Nihad, 2012-ci il tarixdə isə Nəzrin adlı uşaqları olub: “Hər iki uşaq hazırda himayəmdə yaşayır. Həmin vaxt Əfsanənin 16 yaşının tamam olub-olmamasını bilməmişəm. Əfsanə və valideyinləri də bu barədə mənə heç bir söz deməyiblər. Əfsanə ilə bir-birimizi sevərək ailə qurmuşuq. Əfsanə sifət cəhətdən də nisbətən yaşlı görünüb. Buna görə də onun yaşının 16-ya çatmağından şübhələnməmişəm”.

“Böhtan atmağa meyilli olub”

Pərviz Nəzərovun sözlərinə görə, sonradan Əfsanənin psixi durumunun yerində olmadığı ona məlum olub: “Bu səbəbdən də yaşadığımız müddət ərzində müntəzəm olaraq Əfsanəni Lənkəran və Bakı şəhərində yerləşən psixiatriya xəstəxanalarına aparmışam. Lakin müalicənin heç bir xeyri olmayıb. Arvadım Əfsanə öz-özünə gülüb sayıqlayıb, heç bir söz üstündə özündən çıxaraq ailə üzvlərimizlə dalaşıb. Əfsanə yalan danışmağa, böhtan atmağa meyilli olub. O, başqalarının təsiri altına düşdüyü üçün ailəmizdə narazılıqlar yaranıb. Sonradan Əfsanə atası evinə gedib”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, hazırda barələrində olan mülki işlə əlaqədar olaraq verilmiş vəsatət əsasında Əfsanə Məmmədovanın psixi vəziyyətinin yerində olub-olmaması barədə ekspertiza təyin edilib və iş aidiyyəti üzrə rəy verilməsi üçün ekspertizaya göndərilib: “Əfsanə də bütün bunlardan istifadə edərək məndən şikayət edib. Bu səbəbdən də barəmdə hazırkı cinayət işi başlanıb. Günühsızlığım sübuta yetirilib və barəmdə bəraət hökmünün çıxarılmasını xahiş edirəm”.

“Qaynım mənə qarşı əxlaqsız hərəkətlər edib”

Zərərçəkmiş şəxs qismində ifadə verən Əfsanə Məmmədova bildirib ki, 22 iyul 2010-cu il tarixdə el adəti üzrə toyu olaraq ailə həyatı qurub: “Həmin toy gecəsi Pərviz mənimlə ilk dəfə cinsi əlaqədə olub. Toy gecəsi anamın xalası qızı yengəm olub. Həmin vaxt Pərviz mənim 16 yaşına çatmadığımı bilib. Bu səbəbdən də rəsmi nikaha girə bilməmişik. Sonra Pərviz işləmək üçün Rusiyaya gedib. Pərviz orada 2 ilə yaxın işləyib. Həmin müddətdə Pərvizin valideyinləri və qardaşları mənə yaxşı münasibət göstərməyib. Buna görə də tez-tez aramızda mübahisələr olub. Həmin müddətdə qaynım Cavid mənə qarşı əxlaqsız hərəkətlər edib, digər qaynım Təbriz məni döyüb. Bu səbəbdən onların evində yaşamağım mümkün olmayıb. Ona görə də atamın evinə getmişəm”.

Bəyə 7 ildən sonra islah işləri cəzası

Masallı rayon Məhkəməsinin hökmü ilə Pərviz Nəzərov 15 faiz dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilib. Onun cəzasının əvvəli 23 yanvar 2017-ci il tarixdən hesablanıb.

Cinayət işi üzrə maddi sübut kimi göstərilən Pərviz Nəzərovun toy məclisinin çəkilişini əks etdirən 3 ədəd DVD disklərinin surətlərinin iş üçün əhəmiyyət kəsb edilib və cinayət işinin materiallarında saxlanılması haqqında qərar qəbul edilib.

Bu hökmdən narazı qalan Pərviz Nəzərov apelyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Pərviz Nəzərovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Zəki Babayevin sədrliyi ilə keçirilən prosesdə Pərviz Nəzərovun apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

Məhkəmə kollegiyasının qərarı ilə Pərviz Nəzərovun apelyasiya şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...