Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

SOS! - İtkin neftçinin həyat yoldaşının problemləri ÜRƏK DAĞLADI


Bir sözlə, “SOS” – deyib, imdad istəyən hər kəs BiG.AZ vasitəsilə problemini həll etmiş olur.

Öncə qeyd edək ki, bu kimi məsələlərlə bağlı [email protected] ünvanına yaza və ya (077) 712 56 66 nömrəsinə zəng vura bilərsiniz. 

Bu dəfə problemi ilə BiG.AZ-a müraciət edən 2015-ci ilin dekabr ayında itkin düşmüş neftçinin ailəsidir.

İtkin neftçinin ailəsində çətin anlar yaşanır. Oğlunun doğum günündə itkin düşən Elşad Rəsulovun həyat yoldaşı bəzi məqamlara aydınlıq gətirib. 

Bu barədə Big.Az saytına danışan Vüsalə Rəsulova onu bir nəfər qadının incitdiyini, bank işçilərinin hər gün onun evinə gəldiyini bildirib:

“Yoldaşım sağ ikən bir ailəvi münasibətimiz olan şəxs vardı. Ailəvi gediş-gəlişimiz vardı. Hətta ona güvənirdik deyə, bir neçə bankdan onun kredit götürməsi üçün zamin də durmuşduq. Sonra başımıza bu hadisə gəldi, yoldaşım oğlumun doğum günündə itkin düşdü. Bu ailə dostumuz artıq düşmənə çevrildi. Mən bir müddət sonra maraqlandım ki, sən demə bu ailə dostu sandığımız adamın anası həbsdə olub. Mən onlara nə qədər dedim ki, banka olan kreditlərinizi verin, amma yoldaşım itkin düşəndən sonra üstümüzə hücum etdilər. Mənə o qadın dedi ki, sizə dövlət o qədər kompensasiya verib, o puldan verin. İndi də banklar zamin olduğum üçün hər gün evimə gəlirlər. Çıxılmaz vəziyyətə düşmüşəm. Zəng gələndə artıq qorxuram ki, ya banklardır, ya da həmin qadın”.

Vüsalə Rəsulova oğlunun bu il qəbul imitahanı verdiyini də açıqlayıb:

“Oğlum da hazırda imtahan ərəfəsindədir. Qəbul imtahanı verir. Qızım da oxuyur, dövlət qızımın təhsilhaqqını ödəyir. Amma çox nigaranam. Oğlum universitetə qəbul olunsa, onun ödənişini verə bilməyəcəyəm. Yoldaşı itkin düşən başqa ailələrlə də danışıram, onların da ancaq bir övladlarının təhsil haqqı ödənilir. Oğlum da qəbul olunsa, onun təhsil haqqını necə ödəyəcəyəm, bilmirəm”. 

İtkin düşən yoldaşı Elşad Rəsulov yenə onun yuxularına girir, ailəsindən nigarandır deyir:

“Elşad yenə yuxularıma girir. Hər dəfə o yuxuma girəndə nə isə bir qəribə hadisə baş verir. Elə bil bizi duyur, sanki başımıza nə gələcəyini qabaqcadan biliri. O gün də oğlum birinci qrupa qəbul imtahanı verdi. O, imtahana girməmişdən qabaq yuxuma girmişdi. Dedi ki, Vüsalə, tələsdirmə uşağı. Hər şey yaxşı olacaq. Elə oldu ki, birinci qrupa qəbul oluna bilmədi. İndi də beşinci qrupa imtahan verməyə hazırlaşır. Necə olacaq heç bilmirəm, yoldaşımın itkin düşməyi bizi çox üzdü”. 

"Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı itkin düşən ailələrin övladlarının təhsil haqqının ödənilməsi ilə bağlı yaşanan problemlərdən danışıb. O, sırf bu məsələ ilə bağlı hələ ki, təşkilata müraciət daxil olmadığını, daxil olacağı təqdirdə isə problemin həlli istiqamətində işlər görüləcəyini bildirib:

“Daxili əsasnaməyə əsasən neft şirkəti itkin düşənlərin və həlak olanların ailəsini himayəyə götürüb. Ailə üzvlərindən bir nəfər işlə təmin edilir, krediti olanların borcları bağlanılır, birdəfəlik kompensasiyalar ödənilir. Övladlarının təhsil haqqı məsələsi ilə bağlı hələ ki bizə şikayət daxil olmayıb. Bu barədə ən birinci neft şirkətinin özünə müaciət edilməli, oradan gələn cavab əsasında isə bizə müraciət edilməlidir ki, biz onların hüquqlarını qoruya bilək. Çox yaxşı olardı ki, həmin problemlə üzləşən ailələr neft şirkətinə müraciət ünvanlasınlar. Oradan gələn cavabla bir yerdə bizə ərizə ilə müraciət etsinlər. Bizim müdaxiləmizlə yaşanan problemlər tez bir müddətdə həllini tapa bilər”. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...