Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan Qarabağdan da qorxulu müharibə ilə üz-üzədir

Əcəlsiz ölənlərin sayı dəfələrlə arta bilər

Adətən yanvarda və fevralda intihar halları daha çox olur, sonrakı aylarda isə getdikcə səngimə müşahidə edilib.   

Mynews.az xəbər verir ki, İstiPress-ə bu barədə müsahibəsində psixoloq Vəfa Əkbər bildirib:

“Bunu yanvar sublimasiyası adlandırırlar. Hər il belə olur. Bu, adətən, Yeni il gözləntiləri ilə bağlıdır. Problemi olan insanlar düşünür ki, bax, Yeni il gələcək, heç nə əvvəlki kimi olmayacaq, hər şey düzələcək. Yeni təqvim ili başlayır, amma heç nə düzəlmir. Onda məyusluq başlayır və intihara qərar verilir”.

Mətbuata sızan bəzi intihar xəbərləri də bunu təsdiqləyir. Məsələn, 2017-ci ilin yanvar ayının ilk həftəsində 10-a yaxın adamın intihar etməsi barədə xəbər yayılmışdı. Və ya fevralın 5-də eyni gündə ölkə üzrə 4 nəfər intihar edib. Həmin 4 nəfərin cinsi və  yaş qrupları da yetərincə fərqlidir - Şirvanda 27 yaşlı gənc, Bərdədə məcburi köçkün, Şəkidə iki uşaq atası, Tovuzda yeniyetmə qız özünü öldürüb. Yanvar ayında intihar edənlərin isə əksəriyyəti gənc qadın və kişilər olub.

Göründüyü kimi, Azərbaycanın gəncliyi ciddi bir əcəlsiz ölüm soyqırımı ilə üz-üzədir və bu soyqırım Azərbaycan üçün müqəddəs olan Qarabağ savaşından daha çox can alır - 2015-ci ildə 515, 2016-cı ildə isə 327 intihar faktı qeydə alınıb. Ölümləri ilə 10 milyon Azərbaycan vətəndaşının rahat yaşamasını təmin edən Qarabağ şəhidlərindən fərqli olaraq intihar soyqırımının qurbanları öz həyatlarını əcəlsiz dayandırmaqla yanaşı, yaxınlarının da illərlə davam edən iztirab içinə atırlar.

10-15 il öncə Azərbaycan bu sahədə dünya üzrə ən yaxşı göstəricilərə malik olub. Amma son illər bu məsələdə vəziyyətimiz ildən-ilə pisləşir. Məsələn, 2012-ci ildə 154 adam, 2000-ci ildə isə 136 adam intihar edib. 10 min adama düşən intihar göstəricisi isə dəfələrlə artıb. Əgər 2000 və 2012-ci illərdə bu göstərici 1,7-yə bərabər idisə, 2015-ci ildə bu 5-dən yüksək olub, 2016-ci ildə 3,5-ə yaxın olub. Bu rəqəmin dünya üzrə 7-yə bərabər olan orta göstəriciyə yaxınlaşması Azərbaycanda ciddi həyəcan təbili çalmağın vaxtı çatdığını göstərir.

İlk öncə, intihar səbəblərini araşdırmaq lazımdır. Bu məsələdə ilk ağla gələn 2015-cü ildə baş vermiş iki kəskin devalvasiya üzündən Azərbaycan manatının 2 dəfə ucuzlaşması olub. Yəni məsələ aydındır, devalvasiya üzündən iki dəfə artan kredit yükünün ağırlığından və s.-dən özünü öldürənlər çoxalıb.

Psixoloq Vəfa Əkbər intihara yanaşmada kişilərlə qadınların fərqli davranış göstərdiyini vurğulayır: "İntihar edən kişilər adətən gənclər olur. Onlar intihar qərarını qəti verirlər və bu fikri heç kimlə bölüşmürlər. Amma qadınlar adətən hər hansı fikirlərini çatdırmaq üçün intihar cəhdindən istfadə edirlər. Yəni onları həmin an dayandırmaq asandır. Bəzən də dayandırmaq mümkün olmur və bədbəxt hadisə baş verir".

Buna görə Vəfa Əkbər qohumların və yaxın tanışların belə hallarda çox diqqətli olmağa çağırır: "Qohumlar və tanışlar belə adamları tez-tez yoluxmalı, onların problemlərinin həllinə dəstək verməlidirlər. Bu məsələdə sosial şəbəkələrin də böyük rolu var. Onların vasitəsi ilə insanlar öz dərdlərini bölüşə bilirlər. Bu isə insanları intihardan xilas edir".

Hər halda, elliklə bütün Azərbaycan bu cür insanları intihardan xilas etməyə çalışmalıdır. Bütün dinlərə görə, bir belə insanın xilası bütün dinyanın xilasına bərabərdir. Bu məsələni ölkəni iqtisadi siyasətinə nəzarət edən yüksək çinli məmurlar da nəzarətdə saxlamalıdırlar. Çünki onların ayağına yazılan günah və savabın ölçüsü dəfələrlə böyükdür. 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...