Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Millət vəkili: Adam elə əxlaqsız söyüşlər söyürdü ki...

Millət vəkili kitabxanaçıların və tibb işçilərinin çox az maaşla çətin şəraitdə işləmələrini gündəmə gətirib.

Millət vəkili Fazil Mustafa kitabxanaçıların və tibb işçilərinin maaş problemlərini gündəmə gətirib.

Mynews.az-ın məlumatına görə, deputat hər iki peşə sahiblərinin çox az maaşla çətin şəraitdə işləmələrini aktuallaşdırıb: “Son vaxtlar yaxından müşahidə etdiyim iki fərqli peşə sahibləri haqqında yazmaq istəyirəm. Tez-tez baş çəkdiyim kitabxanalarda 20 ilin, 30 ilin kitabxanaçı xanımları ilə kitab mövzusunda söhbətlərim bu peşə sahiblərini daha yaxından tanımağa imkan verdi. Bu insanların içində kitab mədəniyyətini anlayan nə qədər insan var!!! Bunlar 120-170 manat arası maaş alırlar, demək ki, yaşam standartları çox-çox aşağıda, bununla belə, öz işlərinə necə bağlıdırlar, hansı kitabın harada yerləşdiyini dəqiq bilirlər, oxucu psixologiyasından çox maraqlı detalları danışırlar. Son iyirmi ildə kitaba qarşı biganəliyin yaşandığı Azərbaycan cəmiyyətində bu insanların varlığına, həqiqətən, sevinirsən, hətta bazar günləri belə işlərinin başında olurlar.

Digər əziyyət çəkən peşə sahibi isə təcili tibbi yardım işində çalışanlardır. Onların da əmək haqları aşağı səviyyədədir, ancaq bu peşə ən riskli sahələrdən sayıla bilər. Bunu ötən gün məhəlləmizə yaxın yerdə daha aydın müşahidə edə bildim. Deməli, bir narkoman əlini doğramışdı. Təbii ki, peşəkar əldoğrayan olduğundan damarlarına xəsarət yetirməmişdi. İki təcili tibbi yardım maşını həkimli, tibb bacılı onu nəqliyyat vasitəsinə əyləşdirə bilmirdilər. Adam elə əxlaqsız söyüşlər söyürdü ki... Haradasa 40-45 dəqiqə əlləşdilər, sonradan polisin də köməyi ilə avtomobilə qaldıra bildilər. Həmin narkoman söyüş söyərkən o qadın həkim və tibb bacısı əlləri ilə qulaqlarını tutmuşdular ki, bu söyüşləri eşitməsinlər. Bu, bizim gördüyümüz, hələ eşitdiyimiz də budur ki, bəzən bu həkimlərə evlərə baş çəkəndə əsəbi xəstə yaxınları əl də qaldırırlar. Onlar da insandırlar, təbii ki, nöqsanları ola bilər və vardır da... Ancaq hansı əsəbi şəraitdə işlədiklərini unutmamaq lazım. Üstəlik, cüzi maaşla bu qədər məsuliyyətli işi gecə-gendüz yerinə yetirmək, ən riskli vəziyyətdə təcili yardım maşınlarının sürücülərinin fədakarcasına vaxtında xəstəni lazımi məntəqəyə çatdırmaq kimsəyə asan gəlməsin... Sözümün canı, cəmiyyətin alt qatlarında unudulan dəyərli peşə sahiblərini yaxından tanımamız vacibdir. Bunlar faydalı insanlardır, tanıyaq, anlayaq, dəyər verək”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...