Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hesablama Palatası pensiyaların və ünvanlı sosial yardımların təyinatında nöqsanlar aşkarladı

Hesablama Palatasının Kollegiya iclası keçirilib. İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsi (Şöbə) üzrə gəlir və xərclərin, həmçinin Şöbənin saxlanılması xərclərinin icrasına dair auditin nəticələri üzrə Hesabat müzakirə edilərək  təsdiq olunub.

Mynews.az palataya istinadən xəbər verir ki, hesabatın müzakirəsi zamanı qurum tərəfindən mövcud normativ-hüquqi aktların tələblərinə, əsasən, riayət edilsə də, bir sıra nöqsanlara yol verildiyi diqqətə çatdırılıb.

Təqdim edilmiş məlumatlara əsasən, 2016-cı ildə Fond tərəfindən 8821,2 min manat həcmində təsdiq edilmiş proqnoz 84,6% icra edilərək 7460,6 min manat vəsait toplanıb. Həmin vəsaitin 5778,3 min manatı və ya 77,5%-i büdcə, 1682,3 min manatı və ya 22,5%-i qeyri-büdcə sektorundan daxil olub. Bu sektorlar üzrə icra səviyyəsi, müvafiq olaraq, 86,4% və 78,7% təşkil edib.

01.01.2017-ci il tarixə sığortaolunanların sayı isə 10460 nəfər, o cümlədən büdcə sektoru üzrə 8228 nəfər (78,7%), qeyri-büdcə sektorunda hüquqi şəxslər üzrə 1772 nəfər (16,9%), fiziki şəxslərin işçiləri üzrə 460 nəfər (4,4%) olub.

Auditə təqdim olunan müvafiq məlumatlara əsasən, 2016-cı il ərzində Fond üzrə hesablanmış vəsait 8069,5 min manat təşkil edib. Həmin vəsaitin 98,8%-i məcburi dövlət sosial sığorta haqqından, 1,2%-i tətbiq olunmuş maliyyə sanksiyaları və inzibati cərimələrdən, cəmi 3,2 min manatı isə sanatoriya-kurort yollayışlarının satışından daxilolmalardan ibarət olub.

Məcburi dövlət sosial sığortası üzrə 6720,8 min manat (84,3%) sığortaedənin vəsaiti, 917,5 min manat (11,5%) sığortaolunanın vəsaiti hesabına, 3,4 min manat gəlirlərə nisbətdə (sərbəst mühasiblər, vəkillər və s.), 293,4 min manat (3,7%) minimum aylıq əmək haqqına nisbətdə (fiziki şəxslərin özlərinə görə), 18,2 min manat (0,3%) kənd təsərrüfatına yararlı torpaq sahələri üzrə, 15,0 min manat (0,2%) isə digər gəlirlər üzrə hesablanıb. 

Audit olunan dövr ərzində Şöbə tərəfindən 746 yeni pensiya təyinatı aparılmışdır. Yeni təyin olunmuş pensiya işlərinin auditi zamanı müəyyən edilib ki, bir sıra hallarda pensiya təyin olunarkən pensiya təyinatı üçün müraciət edən şəxslərin iş (sosial sığorta) stajları haqqında məlumatlar, onların əmək fəaliyyəti ilə məşğul olub-olmadıqları tam araşdırılmayıb. Sığorta davamiyyəti əmsalı, sığortaolunanın fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı düzgün nəzərə alınmayıb, pensiyanın təyin edilməsi müddəti dəqiq müəyyən edilməyib.

Müvafiq məlumatlara əsasən, Mərkəzdə yaradılmış Komissiya tərəfindən 2016-cı il ərzində 591 müraciətə baxılıb. Bu müraciətlərin hamısı üzrə ünvanlı dövlət sosial yardımı (ÜSY) təyin edilib, həmin dövr ərzində 57 təyinat üzrə ÜSY ödənişi müxtəlif səbəblərdən dayandırılıb.

Təyin edilmiş işlər üzrə ÜSY-nin adambaşına düşən orta məbləği 33,44 manat, həmin dövrdə təyinat üzrə cəmi məbləğ 88650,0 manat təşkil edib.

Araşdırma zamanı ÜSY təyinatı üzrə fəaliyyətdə bir sıra nöqsanlara yol verildiyi, ərizəçilər tərəfindən də ailənin gəlirləri və ailənin istifadəsində nəqliyyat vasitəsinin olması haqqında məlumat verilmədiyi, bağlanmış ÜSY hesablarında vəsait qalığının mövcudluğu aşkarlanıb.

Nazirliyin internet səhifəsində ÜSY alanların siyahısı üzrə məlumatlara əsasən, Quba rayonunda 856 ailəyə VEMTAS vasitəsilə təyinat aparılıb.  Auditin gedişində VEMTAS vasitəsilə ÜSY təyinatının düzgünlüyünün araşdırılması məqsədilə nazirliyin internet saytındakı adlı siyahıdan seçmə qaydada 6 kənddə 108 ÜSY işi üzrə monitorinq təşkil edilib. Monitorinq zamanı ailə tərkibi haqqında düzgün məlumat verilməməsi, pay torpağından gəlirlərin nəzərə alınmaması kimi ümumi nöqsanlarla yanaşı, ailənin istifadəsində avtomobilin olmasının, ailə üzvünün hərbi xidmətə getməsinin, ailə üzvünün xarici ölkədə yaşamasının VEMTAS tərəfindən aşkar edilməməsi kimi spesifik nöqsanlara rast gəlinib.

Təqdim edilən müvafiq məlumatlara əsasən, 01.01.2016-cı il tarixinə DSMF-nin Quba rayon Şöbəsi üzrə aylıq sosial müavinət, kompensasiya və Azərbaycan Respublikası prezidentinin təqaüdü işlərinin sayı 8028 olmuşdur. Fondun Quba rayon Şöbəsi üzrə auditin əhatə etdiyi dövr ərzində 1259 nəfərə yeni təyinat aparılıb.

Aparılmış audit nəticəsində sosial müavinətlərin və təqaüdlərin təyin edilməsi və ödənilməsində, habelə həmin  işlərin mərkəzləşdirilmiş xüsusi lokal proqram təminatına işlənilməsində bir sıra nöqsan və çatışmazlıqlara  yol verildiyi  müəyyənləşib. Belə ki, müavinət işlərinə bir sıra hallarda zəruri sənədlərin əlavə edilməməsi halları aşkarlanıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...