Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda vağzalın ətrafı və metro stansiyalarının giriş-çıxışı nəzarətə götürülüb

"Yay mövsümü ilə əlaqədar qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə paytaxtda dəmiryol vağzalının ətrafı, metro stansiyalarının giriş-çıxışları və piyada keçidləri nəzarətə götürülüb". 

Mynews.az xəbər verir ki, bu barədə Milli.Az-a açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov deyib.

Onun sözlərinə görə, Departament yay mövsümü ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimində fəaliyyət göstərir: "Qanunsuz küçə ticarətinin qarşısını almaq üçün yenə də işlərimizi davam etdiririk, reydlər həyata keçiririk. Biz bilirik belə hallar daha çox Bakı Dəmiryol Vağzalının ətrafında, metro stansiyalarının giriş-çıxışında müşahidə olunur. Ona görə də əsas diqqətimizi həmin ərazilərə yönəldirik və çalışırıq belə hallara yol verilməsin. Xüsusən də metronun "Koroğlu" stansiyasının önündə son vaxtlar qida məhsullarından tutmuş sənaye mallarınadək satılır. Məsələn, corabdan tutmuş oyuncaqlara, çaydan tutmuş kolbasa və digər ət məhsullarına qədər satışı halları müşahidə olunur. Bundan əlavə, şəhərdə antisanitariyanın yaranmaması, xəstəlik mənbələrinin çoxalmaması istiqamətində tədbirlər görürük.

Çalışırıq ki, kənd təsərrüfatı məhsullarının satışı küçələrdə yox, bazarlarda, ticarət obyektlərində həyata keçirilsin. Amma görürük ki, bazarların ətrafında xüsusən qarpız, yemiş satışı halları var. Biz çalışırıq ki, gediş-gəlişə mane olmaması, antisanitariyanın yaranmaması üçün onların satışı ilk növbədə bazarda, ən pis halda isə heç olmasa maşından təşkil edilsin".

Edilən xəbərdarlıqdan sonra belə hallara yol verənlər qanunvericiliyə əsasən, cərimə edilir: "Biz cəza tədbirləri də görürük. Maarifləndirici tədbirlər, xəbərdarlıqlar səmərə verməyəndə isə məcburən cərimə sanksiyası tətbiq olunur. Belə şeylər dəfələrlə olub. Buna görə onlar 80 (səksən manat) miqdarında cərimə edilir. Biz insanlarda ciddi narazılığın yaranmaması üçün çalışırıq ki, nə şiş yansın, nə kabab. Bizim Departament elə təşkilat deyil ki, həmin adamların başının üstünü kəsə, onları incidə. Biz polisin, digər icra orqanlarının da işinə müdaxilə etmirik. Lakin onlarla bir yerdə çalışırıq ki, belə hallar müşahidə olunmasın. Belə hallar şəhərimizin qonaqları tərəfindən də xoş qarşılanmır. Axı Bakı təkcə yerli əhalidən ibarət deyil. Bura kənardan çoxlu qonaqlar gəlir, xüsusən son zamanlar xaricdən gələn turistlər sayı artıb. İstəmirik ki, onların Bakıda çəkdikləri foto-video materiallarda belə xoşagəlməyən, şəhərimizin adına yaraşmayan faktlar yer alsın.

Amma ümumiyyətlə götürsək, son illər Bakıda qanunsuz ticarətlə məşğul olanların sayı azalıb. Bunun da səbəbi ilk növbədə görülən profilaktik işlərlə bağlıdır".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...