Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Murdar ət, apteklərdə növbələr, qara kürü...

“Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı ciddi problem yaşanır.

Çünki buna dair qanun yoxdur. Qanun olmayan yerdə mütləq cinayət olur”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov açıqlamasında belə deyib.

O, deyir ki, Azərbaycanda ümumilikdə, tam təhlükəsiz qidadan söhbət gedə bilməz.

“Bunun bariz nümunələrindən biri insanların apteklərdə növbəyə durmasıdır. Dünyanın heç bir ölkəsində insanlar bu cür dərman üçün növbəyə durmur ”.

Tez-tez ölü heyvan ətlərinin aşkarlandığını yada salan ekspert xarici ölkələrdən idxal edilən qida məhsullarının keyfiyyətinin də problemsiz olmadığını deyir:

“Buraya geni dəyişdirilmiş malları da əlavə etmək olar. Çox təəssüf ki, qida təhlükəsizliyi haqqında qanun olmamasından biznes qurumları istifadə edir və ölkənin əmtəə bazarına külli miqdarda təhlükəli mallar idxal olunur”.

Azərbaycan fındığında zəhərli göbələk...

E.Hüseynov bildirir ki, qida təhlükəsizliyini təmin etməkdən ötrü məhsul tarladan istehlakçının masasının üstünə qədər izlənmə sisteminə məruz qalmalı, risk nöqtələri aradan qaldırılmalıdır.

“Buna “hats” sistemi deyirlər. Ölkə prezidentinin bu ilin fevralında imzaladığı sərəncamda bu məsələyə ayrıca toxunulub. Məhsul tarladan istehlakçının masasının üstünə gələnədək müəyyən risk nöqtələrindən keçməlidir. Təəssüflər olsun ki, bu sahədə ciddi problemlər var. Beş il öncə Avropaya göndərilən Azərbaycanın fındıq məhsullarında aflotoksin göbələklər (zəhərli göbələklər) müəyyən olunduğuna görə, geri qaytarılmışdı. Avropa Birliyinin layihələri çərçivəsində Azərbaycanda ciddi iş aparıldı. Azərbaycanda təxminən iki məhsul "hats" sisteminə uyğunlaşdırılıb. Bu, qara kürüdür, balıq və balıq məhsullarıdır. Bir də ləpələr - fındıq və qoz ləpələridir. Bu iki növ məhsullar artıq xarici bazara çıxarmaq üçün uyğunlaşdırılıb. Lakin həmin məhsullar da Azərbaycanın daxili bazarında təhlükə doğurur”, - ekspert deyir.

Xatırlatma

Prezident İlham Əliyev bu il fevralın 10-da “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ” fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycanda qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni, risklərin təhlilini, qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılmasından ötrü Qida Təhlükəsizliyi Agentliyi yaradılacaq.

Agentlik, ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsini, istehlakçıların hüquqlarının müdafiəsi və “tarladan süfrəyədək” prinsipi əsasında qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin etməlidir

Həmçinin, Agentliyin fəaliyyətini təmin etmək məqsədilə baş nazirinin müavini Əli Əhmədovun sədrliyi ilə Qida Təhlükəsizliyi Komissiyası yaradılıb.

Agentlik 2018-ci il yanvarın 1-dən fəaliyyətə başlayacaq və həmin gündən komissiyanın səlahiyyət müddəti başa çatacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...