Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Əli Həsənovun nəvəsini neçə il həbs gözləyir? - Hüquqşünas-deputatdan ŞƏRH

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquqşünas-deputat Rafael Cəbrayılov Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin avqustun 3-də idarə etdiyi “Mercedes Gelandewagen” markalı avtomobillə ağır yol-qəza hadisəsi törətməsinə münasibət bildirib.

Mynews.az-ın məlumatına görə, R.Cəbrayılov “Ölkə.Az”-a açıqlamasında deyib ki, qəza törədən sürücünün kimin nəvəsi olması qanunun şamil olunmasına təsir edə bilməz:

“Biz hüquqi və demokratik Azərbaycan dövlətində yaşayırıq. Ona görə də mənim mövqeyim odur ki, cinayət törədən şəxsin kimin nəvəsi və ya qohumu olmasından asılı olmayaraq, hamı qanun qarşısında bərabər məsuliyyət daşıyır. Bu son nəticədə Azərbaycan dövlətinə beynəlxalq aləmdə şərəf və başucalığı gətirir. Ümumiyyətlə, hər bir vətəndaşın qanun qarşısında bərabər olması, Azərbaycan Respublikasının Konstitusiyasında da öz əksini tapıb. Konstitusiyamızda nəzərdə tutulmur ki, kim kimdir, kim kimin qohumudur və sairə. Cinayətkar kimin qohumu və ya nəvəsi olmasından asılı olmayaraq, qanun qarşısında bərabər olmalıdır. Bu da son nəticədə Azərbaycan dövlətinin nüfuzuna və strateji xəttinə beynəlxalq şərəf gətirir”.

Deputat sözügedən qəzanı törədən şəxsləri hansı cəzaların gözlədiyini də açıqlayıb: 

“Əgər ortada bir və ya bir neçə nəfərin dünyasını dəyişməsi, yaralanması faktı varsa, sükanın arxasında kimin oturmasından asılı olmayaraq, bu Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə təsbit olunur. Həmin maddəyə əsasən, təxminən 10 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur. Bilirsiniz ki, 2014-cü ildə ölkə başçısı tərəfindən həmin maddəyə qanunvericilik təşəbbüsü qaydasında bir sıra əlavələr də edilib. Həmin əlavələrə görə, sürücülük hüququ olmayan, habelə sərxoş vəziyyətdə olan şəxs tərəfindən hadisə törədiləndə, onlar həmin maddə ilə təqsirli bilinir. Kimliyindən asılı olmayaraq, əgər sürücü sərxoş halda qəza törədibsə və yaxud da sürücülük hüququ yoxdursa, 263-1 maddəsi ilə məsuliyyətə cəlb olunur, 11-12 il azadlıqdan məhrumetmə cəzası gözlənilir. Əgər sürücülük hüququ varsa və sərxoş halda qəza törətməyibsə, bu da təxminən 10 il cəza nəzərdə tutur. Hesab edirəm ki, bütün bunlar kifayət qədər ciddi məsuliyyətdir”.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasına görə avqustun 3-də axşam saatlarında Bakının Heydər Əliyev prospektində “Mercedes Gelandewagen” markalı avtomobil tərəfindən törədilən ağır yol qəzasının səbəbləri araşdırılıb.

“Aparılmış zəruri istintaq tədbirləri nəticəsində qəzanın baş verdiyi ərazidə müşahidə kameralarının görüntülərinin araşdırıldığını və “Mercedes Gelandewagen” markalı yolsuzluq avtomobilinin sükanı arxasında məhz vətəndaş Nail Allahverdiyevin olduğu müəyyən edildiyini bildirib. Adı çəkilən sürücü cinayət məsuliyyətinə cəlb olunacaq”, - deyə açıqlamada bildirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...