Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Uşaq bağçası, yoxsa soyğunçuluq ocağı? - RÜŞVƏT, QANUNSUZLUQ

Bağçaya iki uşaq qoymuşam, ikisi də “hörmətlə”. Yalandan deyirlər ki, yer yoxdu, amma “hörmət” edən kimi yer tapılır”.

“Oğlum 1 yaşından uşaq bağçasına gedib. Dedilər, yer yoxdu, pul verdik, yer “boşaldı”. Dövlət bağçası idi”.

“Dünən getdim, danışdım, 370 manat istədilər. Tanışlıqla-filan, güclə 300 manata endilər. Ayda da 20 manat verəcəyəm”.

“Dövlət bağçalarında adama 500-700 manat arasında qiymət oxuyurlar. İcra Hakimiyyəti də göz yumur. Dünən qonşu gəlmişdi, uşağını bağçaya qoymaq üçün 300 manat istəyiblər. İki dəfə Bakı şəhər İcra Hakimiyyətinə şikayət edib, deyiblər, araşdıracağıq, amma hələ heç nə yoxdur. Təsəvvür edin ki, Bakıda 200 manat istəyirlər, amma Sumqayıtdakı bağçalarda 500 tanışlıqla, 700 tanışsız istəyirlər”.

“3 il əvvəl uşağımı Xətai rayonunda dövlət bağçasına 250 manata qoymuşdum. Aylıq 60 manat da verirdim. Bayramlarda 100 manat xərcim çıxırdı. İndi həmin bağçanın “tası” daha da qalxıb. 1 il yarım getdi, çıxardım, uşağı bağçaya sağlam qoyub, xəstə götürürdüm. Heç razı qalmadım”.

Mynews.az xəbər verir ki, bunlar lent.az-ın uşağı bağçaya gedən valideynlər arasında keçirdiyi kiçik sorğunun cavablarıdır. Əksər valideynlər dövlət bağçalarının pullu olmasından, bağça müdirlərinin qanunsuz tələblərindən, bağçalardakı şəraitdən şikayət edir. Yəqin ki, yazını oxuyan şəxslərin də ətrafında onlarla belə valideyn var. Bəlkə də, elə siz də o valideynlərdən birisiniz. Bəs, uşaq bağçalarındakı bu biabırçı vəziyyətin səbəbkarları kimlərdir, nə vaxta qədər belə davam edəcək?

Mövcud vəziyyəti öyrənmək üçün valideyn kimi paytaxtda yerləşən dövlət bağçalarından biri neçəsi ilə əlaqə saxladıq.

Əksər bağçalarda müdirlər məzuniyyətdə idilər. Zəngləri bağçanın “zavxoz”u cavablandırırdı. Bağçaya uşaq yazdırmaq istədiyimizi eşidəndə, “yerimiz yoxdu”, – desələr də, bizi bağçaya dəvət etdilər: “Gəlin, müdirlə görüşün, telefon işi deyil”.

Müsahibimiz Aybəniz İslamovanın uşağı bu il bağçaya gedəcək. Lakin bunun üçün ondan nə az-nə çox, düz 400 manat pul qoparıblar.

– Neçə bağça gəzdim, elə sıra nömrəsi verdilər ki, uşaq 4-cü sinfi bitirəndə o sıra bizə çatırdı. Etiraz edəndə mənə dedilər, get, kimə şikayət edirsən, et! Hə, bir də bəhanə gətirdilər ki, bağçaya 3 yaşı tamam olmuş uşaqları qəbul edirlər, hansı ki, qrupda “xodulka”da gəzən 8 aylıq uşaq belə vardı. Getdik, Bakı şəhər İcra Hakimiyyətinə şikayət etdik, xeyri olmadı, axırda yorulduq. Məcbur qalıb, 350 manat verdim. Dünənə qədər yer olmayan bağçada birdən-birə yer tapıldı. Əlavə 50 manat da verdik ki, rus bölməsinə götürsünlər. 2 ildir ki, o bağçaya gedir. Dövlət rusumu 20 manat olsa da, ayda 60 manat ödəyirik.

Maraqlıdır, görəsən, dövlətin bağçalarında yer olduğu halda bağçalarda niyə yer “tapılmır”? Bu suala cavab tapmaq üçün bağçalara nəzarət edən Bakı şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi ilə əlaqə saxlamağa çalışdıq. Təəssüf ki, qurumdan çoxsaylı zənglərimizə cavab verən olmadı.

Təhsil eksperti Kamran Əsədov isə açıqlamasında təəssüflə qeyd edir ki, bu gün Azərbaycanda fəaliyyət göstərən dövlət bağçaları tamamilə diqqətdən kənar alıb: “Burada xoşagəlməz məqam ondan ibarətdir ki, təhsilini növbəti illərdə orta məktəbdə davam etdirəcək uşaqların ilkin pillələrdə təhsilləri yarımçıq qalır. Dövlət bağçalarında təhsil Təhsil Nazirliyinə aid olmayan bir qurum tərəfindən həyata keçirilir. Bağçalardakı dərslər ibtidai siniflərdə keçirilən tədrislə üst-üstə düşmür və Təhsil Nazirliyi bağçaların nə tədris materialına, nə də şagirdlərin orada hansı bilik və bacarığa yiyələnməsinə nəzarət edə bilir. Müəyyən tədris materialları var ki, bağça dövründə keçilməlidir. Bağçalarda bunlar tədris olunmadığından Təhsil Nazirliyi məcburən bütün gücü verib orta məktəb tədrisinə”.

Ekspert hesab edir ki, bağçalar mütləq şəkildə vahid mərkəzdən idarə olunmalıdır. Bu, təhsilin inkişafına təsir göstərəcək ən mühüm amillərdən biri olacaq. Vətəndaşlar bağçalara müraciət edəndə onlara deyirlər, boş yer yoxdu. Rəhbərliklə əlaqə saxlayıb, onu “razı saldıqdan” sonra isə istənilən qədər boş yer tapılır. Bunu aradan qaldırmağın bir neçə yolu var. Bağçalara da qəbul elektron qaydada aparılmalıdır. Təhsil bağçadan məktəbə qədər vahid bir yerdən idarə olunmalıdır. Dövlət büdcəsindən bağçadakı uşaqların qidalanması üçün ayrılan vəsaitin cüzi hissəsi uşaqlara istifadə olunur. Şagirdlərə verilən qidalar kifayət qədər keyfiyyətsizdir. Buna görə də valideynlər uşaqları bağçaya aparanda çantasına evdən yemək qoyur. Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən bağçaların rəhbərliyi və idarəçiliyi tam ixtisaslı kadrlar tərəfindən həyata keçirilmir. Uzun illərdir ki, Azərbaycanda sovetlər dövründən qalma vasitələrdən istifadə olunur”.

K. Əsədov bu gün Azərbaycanda 3400-dən çox bağçanın fəaliyyət göstərdiyini deyir: “Lakin bağçalara cəlbolma dünya ilə müqayisədə ən aşağı səviyyədədir. Azərbaycanda bağçaya getmək yaşına çatmış uşaqların cəmi 17 faizi bağçaya gedir. Hətta bəzi bölgələrimizdə – Qax, Gədəbəy, Daşkəsəndə cəmi 1 faiz uşaq bağçalara cəlb olunub. Bir çox bağçalar özəlləşdirilib və bağçaya aid olmayan obyektlərə – ticarət mərkəzlərinə çevriliblər. Dövlət bağçalarında çalışanların 60 faizi ali təhsilli deyil, orta ixtisas, yaxud orta təhsilli insanlardır. Uşaq bağçaları mütləq şəkildə Təhsil Nazirliyinə, yaxud ayrıca bir quruma tabe olmalıdır. O qurum ki birbaşa təhsil-tədrislə məşğul olur. İcra hakimiyyəti yerli icra orqanıdır. Onların tədris qurumları ilə bağlı təcrübələri yoxdur”.

Bakı Şəhər İcra Hakimiyyəti isə hər kəsin gözü önündə baş verən bu özbaşınalığa hələ də göz yumur. Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin hansısa rəsmisini görən, tanıyan yoxdur. Görünür, qurumun bağça müdirlərinin bu qanunsuzluqlarına və “pul oyunlarına” göz yummaları üçün hər ay yaxşı stimulları olur. Necə deyərlər, utanmasan, oynamağa nə var ki?! Yaxşı oynayırsınız.

Onu da qeyd edək ki, bu il qəbul edilən “Məktəbəqədər təhsil haqqında” qanuna görə dövlət məktəbəqədər təhsil müəssisəsinə yerli icra hakimiyyəti orqanının təyin etdiyi şəxs rəhbərlik edir. Dövlət məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərini vəzifəyə təyin etmək və vəzifədən azad etmək, dövlət məktəbəqədər təhsil müəssisələrini tədris vəsaitləri, bədii və metodik ədəbiyyatlarla təmin etmək, dövlət məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prosesini və idarəetməni təkmilləşdirmək, bu müəssisələri ixtisaslı pedaqoji kadrlarla, informasiya-kommunikasiya texnologiyaları və digər zəruri vasitələrlə təmin etmək də yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərindədir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...