Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

187 N-li məktəbin direktoru Nailə Məmmədova jurnalisti təhqir etdi - Səs yazısı - VİDEO

Bakı şəhəri Sabunçu rayon 187 saylı tam orta məktəbinin müəllimlərindən biri Təhsil naziri Mikayıl Cabbarova məktub yazaraq, məktəb direktorundan şikayət edib və onun özbaşınalıqlarına qarşı tədbir görülməsini xahiş edib.

Axar.az-ın redaksiyasına da göndərilən həmin məktubda illərdir pedaqoji fəaliyyətlə məşğul olduğunu deyən şikayətçi məktəb direktoru Məmmədova Nailənin müəllimlərdən aylıq haqq tələb etdiyini, onları ağır sözlərlə təhqir etdiyini qeyd edib.

Adının açıqlanacağı təqdirdə direktorun təzyiqi ilə üzləşəcəyindən ehtiyat etdiyini vurğulayan məktub müəllifi 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovanın hər bayramda “bayrampayı” adı ilə şagirdlərdən müəyyən məbləğdə pul yığdırdığını, məktəbin xadimələrini evində qulluqçu kimi işlətdiyini də iddia edib. Nailə Məmmədovaya qarşı irəli sürülən başqa bir ittiham isə onun uşaqların 1-ci sinifə qəbulu, dərs bölgüsü, attestatların satılması, fond pulu, təmir pulu və s. məsələlərdə suçlanmasıdır.

Sözügedən şikayətlə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün Sabunçu rayon 187 saylı tam orta məktəblə əlaqə saxladıq. Özünü direktor müavini kimi təqdim edən şəxs isə əməkdaşımızı təhqir və təhdid etdi. Onun sözlərini olduğu kimi qeyd edirik (səs qeydi təqdim edilir):

“Get işinlə məşğul ol! Deyəsən, sənin başın bədəninə ağırlıq edir. Get öyrən, gör sən kimə zəng eləmisən. Nailə xanım kimi təhqir edib, kimdən pul alıb?! Sübutun varsa yaz! “Dux”un varsa, dediklərinin arxasında dayan! Səni məhkəməyə verib başına oyun açaram. Çox ayıb olsun. Sənin "Axar.az"ına da ayıb olsun, axmayan ağzına da ayıb olsun... Tərbiyəsiz!”

Qeyd edək ki, özünü “direktor müavini” kimi təqdim etsə də, səsinə və intonasiyasına görə onun məhz direktor olduğu şübhəsi yaranır. Bu cür əxlaq sahibi olan direktor və ya direktor müavininin fəaliyyət göstərdiyi məktəbdə isə işçilərin təhqir edildiyi barədə məktubda yazılanların həqiqət olduğuna inam artır.

Təhsil Nazirliyindən məsələ ilə bağlı bildirdilər ki, nazirlik 3-cü şəxslərin müraciətlərinə baxmır. Bunun üçün şikayətçilər birbaşa Təhsil Nazirliyinə müraciət etməlidirlər.

Bakı şəhər Təhsil İdarəsi isə sözügedən məktəb direktoru ilə bağlı onlara hər hansı müraciət daxil olmadığını bildirdi.

Bəs görəsən, şagirdlərə, vətəndaşlara daim nümunə olması gözlənilən təhsil əməkdaşının, direktor müavininin jurnalisti təhqir etməsinə qanun nə deyir?

Məsələ ilə bağlı Axar.az-a danışan tanınmış hüquqşünas Səməd Vəkilov bildirib ki, hər bir jurnalistin informasiya əldə etmək hüququ var:

“Direktor müavini jurnalisti təhqir edibsə, həmin müxbirin onu şikayət etmək hüququ var. Jurnalist təhqirə, şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzuna toxunulmasına görə Təhsil Nazirliyinə müraciət edə bilər ki, həmin şəxs cəzalandırılsın. Heç kim jurnalistə deyə bilməz ki, sən niyə bu məsələni araşdırırsan?!

Kütləvi İnformasiya Vasitələri haqqında qanunun 8-ci maddəsinə görə, KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər.

Azərbaycan Respublikasının Konstitusiyasında da göstərilir ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz”.

Qeyd edək ki, məktəb direktorunun müavini və ya direktorun təhqirləri ilə bağlı Təhsil Nazirliyinə müraciət edilib.

N.Məmmədova “Ölkə.Az”-a açıqlamasında isə jurnalisti təhqir etmədiyini deyib:

“Yazırlar ki, guya mən jurnalisti təhqir etmişəm. Bu doğru deyil. Biz məktəbdəyik. Məktəbdə də heç vaxt təhqiramiz sözlər olmur. Bizim jurnalistlərə hər zaman hörmətimiz var. Bu məsələ ilə bağlı da Bakı şəhər Təhsil İdarəsinə müraciət edin. Jurnalistlərin məktəb haqqında ittiham səsləndirməsi doğru deyil. Bizim məktəb Bakı şəhərində seçilən təhsil ocaqlarından biridir. Hazırda 6 məzunumuz 600-dən, 6 məzunumuz isə 500-dən yuxarı bal toplayıb. Bir sinifdə olan 20 şagirddən 16-sı ali məktəbə qəbul edilib. İki məzunumuz ADA Universitetinə qəbul olub. Bütövlükdə 60-dan yuxarı məzunumuz ali məktəblərə qəbul olunub. Bu qədər məzunlarımızın uğurlarına və məktəbimizə qısqanclıqla yanaşmağın nə mənası var? Olmazdımı ki, jurnalistlər məktəbimizin gözəl nailiyyətlərindən, uğurlardan yazardılar, biz də onlara “əhsən” deyərdik. Niyə görə bu qədər uğurlarımızı yazmırlar, ancaq başqa məsələlərdən yazırlar? Bütün bunlar doğru deyil. Mən çox istərdim ki, həmin jurnalist təhsilimizin, məktəbimizin uğurlarından yazardı”. 

Direktor jurnalisti səsini icazəsiz yazmaqda da ittiham edib:

“O jurnalistin ixtiyarı yoxdur ki, icazəm olmadan səsimi yazsın. Jurnalist mənə deməli idi ki, səsini yazıram. Digər tərəfdən isə biz o jurnalistlə məhkəmədə görüşəcəyik. Mən onu məhkəməyə verirəm. Artıq vəkilimə də xəbər vermişəm. O jurnalisti də təhqir etməmişəm, bunu səs yazımda da görə bilərsiniz. Ümumiyyətlə, mənim leksikomumda təhqiramiz sözlər yoxdur. Sadəcə olaraq jurnalistə demişəm ki, “axar.az”san, “axmayan azsan”, bilmirəm, ancaq ayıb olsun. Bundan başqa söz deməmişəm”. 

 

 

N.Məmmədova sosial şəbəkələrdə onun Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin “adamı” olması barədə yayılan şərhlərə də münasibət bildirib:

“Belə sözlər demək çox ayıbdır. Mən Adil Vəliyevin adamı deyiləm. Ümumiyyətlə, onun adını çəkməyin. O, bizim rayonun ağsaqqalıdır, ona böyük hörmətimiz var”.

Jurnalisti hədələməsi məsələsinə də toxunan N.Məmmədova bu ittihamlarla razılaşmadığını söyləyib:

“Mən o jurnalisti hədələməmişəm. Sadəcə olaraq jurnalist məni hövsələdən çıxartmışdı. İstənilən adamı hövsələdən çıxardanda, nə isə deyilir. Gərək hər bir adamın mənliyi, şəxsiyyəti olsun. Həmin jurnalist bir neçə dəfə mənə zəng vurub deyildi ki, bura nümayəndə göndərəcəklər və sairə. Mən də ona dedim ki, bura zavod, fabrik deyil ki, nümayəndə göndərəsiniz. Bura məktəbdir. Yəni, bizim məktəbin təhsilində pul söhbəti ola bilməz. Mən nə almıram, nə də vermirəm. Eyni zamanda mən heç bir jurnalisti də qəbul etmirəm. Jurnalist yazanda dəqiq yazsın”. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...