Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

AA seriyalı taksilər Abid Şərifova məxsus imiş...

Son günlər paytaxtda taksi fəaliyyəti ilə məşğul olan AA seriyalı avtomobillərə rast gəlinir. AA seriyası xalq arasında əsasən, "dövlət maşınları” kimi tanındığından mənzərə maraq doğurur.

Mynews.az xəbər verir ki, Yeni Müsavat qəzeti bu taksilərin baş nazirin müavini Abid Şərifovun ailə biznesinə daxil olduğunu yazıb. Yazıda qeyd olunanlara görə, təsadüfi deyil ki, bu taksilərin hamısının nömrəsi 55-dir. 55 isə Şəki nömrəsidir. Xəbərə görə, bu taksilər sürücülərə yalnız müqavilə əsasında verilir. Yəni bəzi taksi şirkətləri gündəlik qazancı maşının pulu kimi hesablayırlar və müəyyən müddət tamam olduqdan sonra avtomobil sürücüyə qalır. Amma bu qayda 55 nömrəli taksilərə aid deyil. Sürücü girov (və ya müəyyən miqdar pul) müqabilində taksini götürüb istifadə edir və gündəlik qoyulan haqqı verir.

İddiaya görə, 55 nömrəli və AA seriyalı taksi Şərifovların Şəkidə qeydiyyata alınmış MMC-lərinə daxildir. Bu səbəbdən də Bakı nömrəsi deyil, Şəki nömrəsi ilə fəaliyyət göstərir. Bu taksi sürücülərinin hamısına maşınların Abid Şərifovun biznesinə aid olduğu məlumdur. Amma xəbərdarlıq edilib ki, A.Şərifovun yüksək post tutması o demək deyil ki, sürücülər arxayın ola bilərlər. Əksinə, qaydaları pozan sürücülər dərhal müəyyənləşir və onlar işdən uzaqlaşdırılır. Dövlət Yol Polisi rəsmiləri də şübhə yoxdur ki, bu taksi firmasının baş nazir müavininə aid olduğundan xəbərdardırlar.

Baş nazir müavinin ailə biznesi haqda xəbərlər yeni deyil. Şərifovların xüsusilə dövlət sifarişi ilə körpü tikintilərində milyonluq iş icraları olduğu barədə mediada xeyli iddialar var. Onların Şəki və İsmayıllıda turizm sektoru biznesində ağırlığı olduğu da deyilir.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...