Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Bizim kənddə 18 yaşınadək ailə qurmayan qızlara bir cür baxırlar”

...“Qapının ardından səsini eşitdim, elə bildim içəri girən kimi məni döyəcək. Özümdən asılı olmayaraq bütün bədənimə ağırlıq çökdü, boğuldum. Yalvardım ki, kimsə qapıya yaxınlaşmasın - yer yarılsın, mən yox olum, gözünə görünməyim”...

Ayağı sarıqlıdır. Ərinin içəri girəcəyindən qorxub özünü pilləkənlərdən tullayıb. Sığınacaq əməkdaşlarına da inanmayıb, qapını arxadan kilidləyərək çıxıb getməsini gözləyib.

Cənub bölgəsindən gələn 27 yaşlı Mətanət Quliyeva 9 və 11 yaşlı övladları ilə birgə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında məskunlaşıb. Günlərdir psixoloji yardım alsa da, evlilik həyatı boyu yaşadığı qorxu canından çıxmayıb.

Mynews.az yerli KİV-lərdən birinə istinadən erkən nikahın qurbanı olmuş Mətanətin həyat hekayəsini təqdim edir

- Uşaqların əlindən tutub özünü qatarın altına atan ananı hamı qınadı. Mən də neçə dəfə fikirləşmişəm, intihar etmək istəmişəm. Fikirləşirdim ki, onsuz da uşaqlarıma sahib duran olmayacaq, heç olmasa, bir yerdə ölək. Sığınacağa gəlməsəydim, intihar edəcəkdim. Bilirsiniz, bizim kənddə 18 yaşınadək ailə qurmayan qızlara bir cür baxırlar. Deyirlər ki, filankəs yazıq normal insandı, amma qızını alan yoxdur. 20 yaşın varsa, artıq gec ailə qurmuş sayılırsan. Hamı da axına qoşulub. Məni onların məhəlləsindən keçəndə görüb bəyənmişdi. Elçi gələndə uşaq idim, onu tanımaq şansım olmadı. Dedilər ki, evi var, bir parça çörək qazanır. Oğlanın evi olması onun üstünlüyü sayılır. Məni də evinə görə verdilər.

Qohumlarımıza deyirdim ki, hər gün məni, uşaqları döyür, təhqir olunuram. Deyirdilər ki, evi var, bir tikə çörək yeyirsən, uşaqların böyüyəndən sonra xasiyyəti dəyişəcək. Atam da deyir ki, uşaqlarını evdə qoy, sənə baxmağa hazıram. Mən uşaqlarımla valideynlərimin arasında qalmışdım.

- Nəyin üstündə döyüb, təhqir edirdi?

- Neçə illərdir narkotikdən istifadə edir. Amma mən onu polis saxlayandan sonra xəbər tutdum. Narkotik çəkən kimi əhvalı dəyişirdi, heç bir səbəb olmadan məni, uşaqları döyürdü. Bir neçə dəfə ata-anası araya girmək istədi, amma hər ikisini döydü. Sonuncu dəfə qayınanamı o qədər vurdu ki, yazıq arvad xəstə yatdı. Son illər yaşlı, amma varlı qadınla tanış olub. Məni evdən çıxardı, o qadının yanına apardı. Qadının evinə gedən kimi döyməyə başladı, saçımdan tutub başımı divara çırpdı, təpiklədi. Dedi ki, sizə, uşaqlara o qadının pulunu yedirirəm, qoy onun könlü xoş olsun. Dərd bundadır ki, ayrılmağıma da imkan vermir. Deyir ki, ayrılsan, öldürəcəyəm.

- Bəs sığınacağa necə gəldin?

- Bir neçə dəfə atamgilə qaçmışam, amma hər dəfə gəlib məni döyə-döyə aparıb. Sonuncu dəfə atasına yemək hazırlayırdım, içəri girdi, əlindəkini başıma çırpdı. Nə baş verdiyini başa düşmədim, 9 yaşlı oğlum araya girdi ki, məni vurmasın. Bu dəfə də onun belinə təpik vurdu, uşağı yerə yıxdı. Yazığı o qədər döydü ki, uşaq güclə nəfəs alırdı. Həmin gündən uşağın başı ağrıyır. Fikirləşdim ki, başqa yolu yoxdur, özüm heç, uşaqlara cəhənnəm həyatı yaşadırıq. İki dəfə polisə şikayət yazmışam, hər dəfə də qohumları araya salıb, ərizəmi geri götürdüb. Televizorda sığınacaq haqqında eşitmişdim, telefon nömrəsini yazdım. Fikirləşdim ki, sığınacaqda qəbul etməsələr, özümü dənizə atacağam. Uşaqların razılığını aldım, hər ikisi mənimlə gəlmək istədi. Beləcə, evdən qaçdıq.

- Sizin sığınacaqda olduğunuzu bilirmi?

- Zəng vurub anama dedim, amma ona xəbər verməmişəm. Uşaqların sənədlərini məktəbdən götürdüm, bu yolla sığınacaqda olduğumu axtarıb tapıb. O gün gəldi, səsini uzaqdan tanıdım. Hamı başıma yığılsa da, qorxudan keyimişdim. Özümü necə atdımsa, ayağım zədələndi, indi yeriyə bilmirəm. Fikirləşdim ki, içəri girsə, söhbətləşmək adı ilə yenə məni döyəcək. Uşaqlar aşağı düşdülər, qıza deyib ki, sən mənə övlad kimi lazım deyilsən. Oğlumu özü ilə aparmaq istədi, uşaq isə dedi ki, bir ata kimi onu qəbul etmək istəmir. Mən uzun illərdir, hər gün səhər Allaha yalvarırdım ki, onun evə meyiti gəlsin, mən də, uşaqlarım da zülmdən qurtaraq. Amma indi valideynlərim də ayrılmağımızı istəyir. Polisə də məlumat vermişəm. Qoy bizə yaxın gəlməsin. Yenidən onun yanına qayıtmaqdansa, ölmək yaxşıdır. Hələlik sığınacaqdan sonra necə yaşayacağımızı bilmirəm. Tək istəyimiz bu insanın həyatımızdan yox olmasıdır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...