Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azyaşlı qızların cinsi istismarının qarşısının alınması üçün yeni layihə

“Azyaşlı qızların cinsi zorakılığa məruz qalması problemi dünyada aktualdır. Azərbaycanda cinsi zorakılığa məruz qalan azyaşlı qızların sayı çox deyil, lakin yox da deyil. Dinamikada bəzən azalma, bəzən də qalxma müşahidə olunur. Təəssüf ki, faktlar az da olsa, qeydə alınır”.

Mynews.az xəbər verir ki, bunu APA-ya Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.

O bildirib ki, Azərbaycanda azyaşlı qızların cinsi istismarının qarşısının alınması üçün preventiv tədbirlər gücləndirilib: “Komitənin “Mən həyatı seçirəm” layihəsi çərçivəsində biz yuxarı sinif şagirdləri və onların valideynləri ilə həm sosioloji, həm də psixoloji məsələlərlə, eləcə də, valideyn-övlad münasibətlərinin düzgün tənzimlənməsi ilə bağlı təlimlər keçirmişik. Təlim zamanı biz bu nəticəni özümüz üçün müəyyənləşdirdik: Valideyn bir çox məsələlərlə bağlı zamanı qabaqlamalı, övladı ilə daha sıx ünsiyyətdə olmalıdır. Digər nəticəmiz isə bundan ibarət oldu: Valideynlərin özlərinin də maariflənməsinə ciddi ehtiyac var. Bax biz bu sahədə işləri daha da gücləndirmişik”.

A. Veysəlovanın sözlərinə görə, AQUPDK tərəfindən bütün yerli icra hakimiyyətlərində müvafiq yerli icra orqanlarının nümayəndələrindən ibarət gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları fəaliyyət göstərir: “Bu qrup ərazidə məişət zorakılığı hallarının baş verməsinin səbəblərini araşdırır, zorakılıq törətmiş şəxsə qarşı tədbirlərin görülməsi üçün müvafiq işlər görür, zərərçəkmiş şəxslə profilaktik iş aparır. Zərərçəkmiş tibbi, psixoloji, sosial və hüquqi xidmətlərə yönəldilir. Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin əməkdaşları da zərərçəkmişlərin ailəsinə baş çəkirlər. Bundan başqa, zərərçəkən ailə nəzarətə götürülür, onlara psixoloji yardım, hüquqi kömək göstərilir. Eyni zamanda, Komitə tərəfindən “Məişət Zorakılığı üzrə” Məlumat Bankı yaradılıb. Bankdakı məlumatlar toplanaraq, təhlillər aparılır və problemlər araşdırılır. Komitə BMT-nin Əhali Fondu ilə birgə “Azərbaycanda Gender Əsaslı Zorakılıqla Mübarizə” adlı 2 illik layihəyə başlayıb. Layihə çərçivəsində qanunvericiliyin daha da təkmilləşdirilməsi, müvafiq sənədlər hazırlanması üçün müzakirələr aparılır. Əlaqələndirmə Şurasının yaradılması və Milli Fəaliyyət Planının hazırlanması sahəsində bir sıra görüşlər keçirilib”.

Dövlət Komitəsinin əməkdaşı deyib ki, uşaqlar cinsi zorakılığa məruz qaldıqda, daha ağır fəsadlar yaranır, onlar xüsusi ilə psixoloji çətinliklərlə üzləşirlər: “Bu hadisə onlarda hətta dərin travmaların yaranmasına və ömür boyu onu izləməsinə səbəb ola bilər. Buna görə də əsasən, profilaktik, qabaqlayıcı tədbirlərin görülməsinə üstünlük verilməlidir. Həm mənəvi, həm də hüquqi nöqteyi-nəzərdən valideynlərin üzərinə də böyük məsuliyyət düşür. Ailə Məcəlləsində də, Uşaq Hüquqları Konvensiyasında da valideynin övladını hərtərəfli sağlam böyütməsi onun öhdəliyi kimi təsbit olunub. Bunun üçün valideyn məsuliyyət daşıyır. Valideynlər öz övladlarının gündəlik həyatı, onların dostları, uşaqların gün ərzində qarşılaşdıqları hadisələrlə maraqlansalar, yaxşı olar. Yəni valideynlər öz övladları ilə dostluq etməyi bacarmalıdırlar. Bəli, valideynlə övlad arasında pərdə olmalıdır, amma bu pərdə çox qalın və həddindən artıq məsafəli olmamalıdır. Xüsusilə keçid yaş dövründə valideynlər övladlarına iki qat qayğı göstərməlidirlər ki, uşaqlar da gündəlik həyatlarında baş verən hər bir hadisə ilə bağlı valideynlərini dəqiq və vaxtında məlumatlandırsınlar. Bu, baş verə biləcək təhlükəli hadisənin qarşısını vaxtında almağa kömək edə bilər”.

A. Veysəlova qeyd edib ki, Balakəndə atalığından hamilə qalan 12 yaşlı qızın ailəsinə Dövlət Komitəsinin Zaqatala üzrə Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları tərəfindən baş çəkilib: “Biz bu məsələdə aidiyyəti dövlət orqanları ilə birgə nəzarəti öz üzərimizə götürdük. Tərəfimizdən bütün müvafiq tədbirlər görülüb. Zərərçəkmişə psixoloji xidmətlər göstərilib. Hətta 12 yaşlı qız xəstəxanada olarkən də bizim əməkdaşlarımız onunla əlaqə saxlayırdılar. Bilirsiniz ki, 12 yaşlı qızın uşağı vəfat edib. Hazırda qız müalicəsini davam etdirir. Onun öz ailəsinə, kəndinə qayıtması üçün heç bir təhlükə yoxdur. Cinayətkar həbsdədir, istintaq aparılır”.

AQUPDK təmsilçisi Beyləqanda sinif yoldaşları tərəfindən zorakılığına məruz qalan 17 yaşlı qızın ailəsinin kənd camaatı tərəfindən qınağa tuş gəlməsi, onlara qarşı təzyiq və təhdidlərin olmasını qəbuledilməz hesab edir: “Ümumiyyətlə, insanlar baş vermiş hadisəyə münasibətdə tolerant olmalıdırlar. Heç kim heç kimi mühakimə edə bilməz. Hadisənin baş verdiyi kənddə və ya qəsəbədə yaşayan insanlar bir-birlərini ittiham etməkdənsə, vəziyyəti düzgün qiymətləndirib, zərərçəkmişə dəstək verməlidirlər. Kənd camaatının zərərçəkmişi ittiham etməsi, onlara “Kəndə gəlməsinlər” deməsi, problemin həlli yolu deyil. Əsl günahkarlar qınaq obyektinə çevrilməlidir, nəinki qurbanlar”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...