Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sabir Rüstəmxanlı: Əxlaqsız aparıcı əxlaqdan danışmasın

Prezident İlham Əliyevin tapşırığı ilə dil problemlərinin müzakirəsinə həsr olunmuş konfransda xalq şairi Sabir Rüstəmxanlı da çıxış edib. O, dilin millətin müqəddəratında oynadığı əhəmiyyətli rol barədə danışıb: “Dil varsa, xalq var, dil yoxdursa, xalq da yoxdur. Dil ana südü kimidir, necə ki ana südü ilə qidalanmayanlar ömür boyu xəstə olur. Dili də erkən yaşdan mənimsəməyən şəxslər hər zaman problemlərlə üz-üzə qalır”.

Mynews.az Yenicag.az-a istinadən xəbər verir ki, şair televiziyalarda dilimizin qaydalarını kobud şəkildə pozan aparıcıları sərt tənqid edib: “Vaxtilə Azərbaycanda 1-2 kanal var idi. İndi isə media orqanları həddən artıq çoxdur. Təbii olaraq, diktorların, aparıcıların sayı da çoxluq təşkil edir. Xalqın qarşısına çıxarılan şəxlər, birinci növbədə əxlaqlı insanlar arasından seçilməlidir. Əxlaqsız əxlaqdan danışmasın. Kimsə tanışına, xarici görünüşünə görə ekranlara gətirilməməlidir.”

Sabir Rüstəmxanlı çıxışının sonunda bildirib ki, müəssisələrə xarici dillərdə adların verilməsi bir sıra problemlərə gətirib-çıxarır: “Müəssisələrə ad seçilərkən ciddi nəzarət edilməlidir. Biz hər zaman "karvansaray" sözünü dilimizdə istifadə etmişik, indi isə bizə deyirlər ki, yox, mütləq plaza deməlisiniz. Axı nəyə görə? Bunlar öz millətini, dilini sevməyən insanlardır. Necə ki övladlarımıza ad qoyanda müəyyən məhdudiyyətlərlə qarşılaşırıq, eləcə də, bu qaydalar müəssisələrə ad verilərkən də tətbiq olunmalıdır.”

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...