Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qalmaqallı dərsliyin müəllifindən qalmaqallı - AÇIQLAMA

Dərsliklərdəki problemlərlə bağlı məsələ yenidən gündəmə gətirilib.

Metbuat.az-ın məlumatına görə, ötən gün sosial mediada yayılan məlumatlarda bildirilir ki, orta məktəblərin 10-cu sinfi üçün nəzərdə tutulmuş rus dilində “Azərbaycan tarixi” dərsliyində ciddi xətaya yol verilib. Həmin kitabda yer almış xəritədə uydurma “Dənizdən-dənizə Böyük Ermənistan”ın əraziləri təsvir olunub. Xəritədə uydurma dövlətin ərazilərinə Azərbaycan, Türkiyə, İran və Gürcüstanın torpaqları daxil edilib.

Kitabın müəlliflərindən biri olan təhsil üzrə ekspert Kamran Əsədov Metbuat.az-a açıqlamasında bildirib ki, qeyd olunan dərslikdə heç də "Böyük Ermənistan" xəritəsi verilməyib:

“Həmin kitabda müzakirə olunan ərazi Romaya tabe olan ərazilərdir. Sözügedən ərazilər Şərqi Anadolu və Van gölü ətrafına düşür. Bu, tarixi faktdır. Biz, sadəcə olaraq burada digər ərazilərə Albaniya və Atropatena adlarını yazmamışıq. Orada Armeniya adının yazılmasının indiki Ermənistanla heç bir əlaqəsi yoxdur. Kimlərsə uydurma Ermənistan xülyasındadırsa, birincisi uydurma Ermənistan dənizdən dənizədir. Xəritədə göstərilən ərazi isə Aralıq dənizinə çatmayıb. Bu, bütün dünya kitablarında nəşr olunmuş xəritədir. Məqsədyönlü olsaydı, bu, gürcü dilində də olardı. Sadəcə tərcüməçinin diqqətindən yayınıb”.

Kamran Əsədov əlavə etdi ki, çıxış yolu kimi həmin ərazidən Armeniya adının silinməsi məsləhət görülür. Lakin silmək çıxış yolu deyil:

“Həmin ərazi adsız verilsə, şagird sual verəcək. Bu zaman nə cavab verəcəyik? Biz qaçmaqla tarix formlaşdıra bilmərik. Eyni xəritə 6-cı sinifin “Ümumi tarix” kitabı, səhifə 106-107-də də var. Amma orada ad yazılmayıb. Biz erməni dövlətini qəbul etmirik. Lakin oradakı Armeniyanın indiki ermənilərlə heç bir əlaqəsi yoxdur. Bu, Romanın rəsmi arxivində olan bir xəritədir. İndiki Ermənistan, Qarabağ ərazisi Azərbaycan ərazisidir. Erməni çarlığının olması inkar edirlirsə, niyə 7-ci sinifin “Azərbaycan tarixi” dərsliyində 359-cu il Amid döyüşündə romalıların müttəfiqi ermənilər göstərilir? Həmçinin, 371-ci ildə Dzirav döyüşündə? Ən əsas məsələ, 387-ci ildə Roma ilə Sasanilər arasında bağlanmış müqavilədə erməni çarlığının parçalanması və süqutunu qeyd edirlər. O Ermənistan çarlığı indiki Ermənistan deyil. O, qədim Urartu ərazisində mövcud olan, əhalisinin böyük əksəriyyətini türklər təşkil edən ərazidir”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...